“İmran artıq danişir, gülür, oyuncaqlarla oynayır”
01 avqust 2013 07:01 (UTC +04:00)

“İmran artıq danişir, gülür, oyuncaqlarla oynayır”

Vüqar Qafarov: “Birinci əməliyyat nəticəsində onun sol ayağının sümükləri düz xətt üzrə uğurla bitişdirildi” 

İbrahim Cəfərov: “İmranın xalasının adı ilə yayılan məlumatlar həqiqətə uyğun deyil”

Bir vaxtlar Cəfərovlar ailəsində heç kimin ağlına belə gəlməzdi ki, Allah onları İmran adlı şirin balaları ilə həqiqətən dözülməsi asan olmayan bir sınağa çəkəcək. Fəqət, iyulun 21-də ağıla gəlməyən məhz İmran balamızın başına gəldi. Adi, yorucu iş günlərindən fərqləndirmək istədikləri “Nabran günləri”nin birində Cəfərovları İmranın aldığı xəsarətlər sarsıtdı!
 
Çox keçmədən körpənin yaşadığı faciəvi olay ölkə ictimayyətini narahat edən əsas xəbərlərdən birinə çevrildi. Məsələ, həm də ona görə yanğılı idi ki, İmranı xilas etmək şansı qalırdı, amma bunun üçün lazım olan vəsait ailənin büdcəsinə uyğun deyildi. Cəmiyyət isə buna kimi ənənəvi olmayan ali reaksiyanı jurnalist Nicat Dağlarla bağlı prezident İlham Əliyevdən görmüşdü. Və bu xüsusda anoloji addım ölkə başçısı tərəfindən özünü çox gözlətmədi. Dərhal 3 yaşlı İmran Cəfərzadə Azərbaycan prezidenti İlham Əliyevin himayəsinə alındı və onun göstərişi əsasında Berlində “Charite” klinikasının uşaq cərrahiyyəsi bölməsinə yerləşdirilməsi üçün xüsusi tədbirlər görüldü. İmranın Berlinə yola salınmasından sonra xəbər qaynaqları demək olar ki, alman həkimlər üçün xüsusi əhəmiyyətli pasientlə bağlı saatbaşı xəbərlər yaymağa başladılar.
 
Eni-uzunu bilinməyən “Charite”  klinikası
 
...Hadisələrin inkişafını yerində izləmək fürsəti var ikən həmkarım Nicat Dağları ziyarətdən dönərkən yolumuzu Berlindən saldıq. Əlimizdə olan ilkin ünvana yetişəndə məlum oldu ki, “Şarite” klinikasının ən əski korpuslarından birinə gəlmişik. Ki, burada da İmran Cəfərzadə adlı pasient yoxdur. Sözügedən ünvanda yerləşən “Şarite”nin bir hissəsi həm də muzey kimi fəaliyyət göstərirdi. Vaxtı itirmədən Berlindəki səfirliyimizlə əlaqə saxlayıb İmranın yerləşdirildiyi səhiyyə ocağının dəqiq ünvanını əldə etdik. Səfirlikdən onu da bildirdilər ki, uşağın valideyinləri də məhz gedəcəyimiz Föhrer strasse 14 ünvanında kompleksin tərkibində yerləşən oteldə qalırlar.
 
... Bu arada “Charite” ilə bağlı  bəzi məlumatları da sizlərlə bölüşmək istərdik. Bu klinika Berlin şəhərinin dord böyük rayonunda korpusları olan, Avropanın ən böyük tibb ocaqlarından biridir. Əsası 1710-cu ildə qoyulan və böyük tibbi nailiyyətləri olan “Charite” 17 mərkəzində 100-dən artıq klinika və institutları birləşdirir. 11 mindən artıq əməkdaşı olan “Charite” klinikasının reputasiyasını onun ildə qəbul etdiyi pasientlərinin sayına nəzərən də müəyyən etmək olar: nə az, nə çox 150 min nəfərə yaxın! Biz onun ən azyaşlı sakinlərindən birini arayışı ilə buradayıq...
 
Jurnalistlər ehtiyatlı  olsunlar
 
Əvvəlcə İbrahim Cəfərovu oteldə aradıq, məlum oldu ki, onlar hal hazırda oteldən ayrılıblar. Uzun sürən axtarışlardan sonra İmranın valideyinləri ilə olduqca böyük olan xəstəxananın həyətində rastlaşdıq. Onları tapmağım üçün mənə istiqamət verən təhlükısizlik xidmətinin əməkdaşı qarşıdan gələnlərin milliyətcə müsəlman olduqlarını söylədi və mən hər ehtimala qarşı yanında iki xanımla fikirli dolaşan bəyə (İbrahim Cəfərova-red.) səslənib azərbaycanlı olub-olmadıqlarını xəbər aldım.
 
İbrahim Cəfərov:
 
- Siz kimsiniz ki, sizə nə lazımdır?
 
- Demək Siz İmranın atasısınız... Mən demək olar ki iki saatdan artıqdır Sizi axtarıram. İmranın durumu ilə bağlı “Yeni Müsavat” qəzeti üçün material hazırlamaq üçün gəlmişəm Berlinə.
 
- Təəssüf ki, mən sizə heç cür yardım edə bilməyəcəm. Hətta mənimlə söhbət etməyiniz belə uyğun deyil.
 
- Gəlin etiraf edək ki, bizim məramımız ancaq xoş bir mahiyyət daşıyır və buna kimi eyni materalı Bad Vidungendə müalicə olunan jurnalist Nicat Dağlarla bağlı hazırlayıb yaymışıq. Əminlik üçün tanış ola bilərsiniz.
 
- Mənim xoş niyyətinizə şübhəm yoxdur, sadəcə olaraq, belə qərara alınıb ki, bu məsələ ilə bağlı bütün informasiyalar səfirlikdən alınsın. Sizə də məsləhətim budur ki, eyni qaydadan istifadə edəsiniz. Valideyinləri olaraq, biz mətbuatla təmas qurmaq istəmirik.
 
- Hər- halda İmranın müalicə prosesi ilə bağlı məlumatlar onun xalasına istinadən yayılmaqdadır. Bu xüsusda hər hansı məhdudiyyətin olmadığını düşündüyümüz üçün buraya gəlməyi lazım bildik.
 
- Bu barədə onu deyə bilərəm ki, İmranın xalasının adı ilə yayılan məlumatlar həqiqətə uyğun deyil. Yaxşı olar ki, siz də məhz buradakı görüşümüzdən sonra mətbuata bu kimi məlumatları yayarkən jurnalistlərin ehtiyatlı olmasını çatdırasınız. Onlar bir şeyi unutmamalıdırlar ki, İmranın valideyinləri, doğmaları düzgün olmayan informasiyalar üzündən daha çətin anlar yaşaya bilərlər. Mən İmranla bağlı nigaran olan hər kəsdən dualarını əskik etməməyi diləyirəm.
 
- Hazırda İmranın vəziyyəti necə qiymətləndirilir? Mən onunla ilgilənən həkimləri tapib söhbətləşmək istədim, amma buna imkan vermədilər...
 
- Qisaca onu deyə bilərəm ki, siz nə İmranla, nə də onun həkimləri ilə görüşə bilməzsiniz. Buna imkan verməzlər. O ki qaldı İmranın vəziyyətinin necə qiymətləndirilməsinə, daha öncə dediyim kimi, səfirliklə əlaqə saxlayın. Xahiş edirəm bir valideyin kimi bizim hansı hissləri keçirdiyimizi düşünüb anlayış göstərəsiniz. İndi bizi ancaq İmranın sağlamlığı narahat edir.
 
Yeri gəlmişkən, “Charite”nin Föhrer strasse 14 ünvanında yerləşən kompleksi o qədər böyük idi ki, mən belə demək mümkünsə, çıxış yolunu unutmuşdum. Belə ki, kompleksin bir neçə çıxışı var və onların hərəsi başqa küçələrə baxır. İbrahim bəyin köməkliyi ilə kompleksdən mənə lazım olan yolu tapıb və oradan qəribə hisslərlə ayrılıram. Qəribə olan o idi ki, İmrana göstərilən qayğı dövlət səviyyəsində olsa belə, onun valideyinlərinin çöhrəsinə sanki nəyinsə heç də əvvəlki kimi olmayacağına aid bir peşmançılıq hakim idi... Əsas olan isə odur ki, “İmran artıq özünü yaxşı hiss edir. Danişir, arabir gülür, oyuncaqlarla oynayır”. Bunu bizimlə söhbətində Almaniyadakı Azərbaycan səfirliyinin mətbuat attaşesi Vüqar Qafarov bildirdi. “Bildiyiniz kimi hadisə nəticəsində İmranın sağ ayağı dizdən aşağı qopmuş, sol ayağının sümüklərində isə xirda sınıqlar əmələ gəlmişdi. Birinci əməliyyat nəticəsində onun sol ayağının sümükləri düz xətt üzrə uğurla bitişdirildi. Hazırda xəsarət almış əzələlərə yığılan irini çəkmək, bununla iltihabın və birləşdirilmiş sümüklərə mumkun infeksiya təhlükəsinin qarşısını almaq məqsədi ilə həmin nahiyyələrə irin çəkən cihazlar qoşulub. Hələlik prioritet proses bundan ibarətdir”. Səfirliyin sözçüsü həmçinin onu da əlavə etdiki, sümüklərin tam bərpa olunması üçün zamana ehtiyac var. O ki qaldı, İmranın sağ ayağı ilə bağlı nəzərdə tutulmuş mümkün əməliyyata, Vüqar bəy bununla bağlı hələlik konkret bir planın təyin olunmadığını bildirdi. “Bu günlərdə növbəti konsilium keçiriləcək və görüləcək əlavə tədbirlər haqqında mətbuata məlumat veriləcək”...
 
Bax belə... Hər qaranlıq gecənin bir işıqlı sabahı var İbrahim bəy! Və unutmayaq ki, Allah ancaq sevimli bəndələrini belə ağır sınaqlara çəkir! Bu mənada könlünüzü fərah tutun: İmran balamız Tanrıya hamımızdan bir köynək daha yaxındır. Lap elə onun yenidən həmyaşıdları ilə qaçıb-tutma oynayacağı günlər qədər...
 
musavat.com
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Oxşar yazılar