Azərbaycanda milli patent sisteminin 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanda milli patent sisteminin 20 illiyinə həsr olunmuş “İnkişaf etməkdə olan ölkələrdə əqli mülkiyyət hüquqlarının aktual problemləri” mövzusunda 2 günlük beynəlxalq konfrans keçirilib.
Komitənin mətbuat xidmətindən Lent. az-a verilən komitə sədri Ramiz Həsənov Azərbaycanda milli patent sisteminin artıq 20 ildir ki, fəaliyyət göstərdiyini söyləyib.
Ramiz Həsənov bildirib ki, ölkəmizin 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya, Avrasiya Patent Konvensiyasına, sonrakı illərdə isə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının bir sıra saziş və müqavilələrinə qoşulub, Avropa Patent Təşkilatı ilə sıx əməkdaşlıq əlaqələri yaranıb. Onun sözlərinə görə, dünyada gedən qloballaşma prosesi, bazarın liberallaşması, Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısı əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradılması ilə nəticələnib.
Sonra Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarrinin konfrans iştirakçılarına video müraciəti yayımlanıb. Frensis Qarri Azərbaycanda milli patent sisteminin 20 illiyi münasibətilə təbriklərini çatdırıb, patent sisteminin inkişafı istiqamətində ölkəmizin uğurlarını qeyd edib.
Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Milli Məclisin deputatı Arif Əşrəfov Azərbaycanda patent sisteminin sürətli inkişafından, bu istiqamətdə dövlət tərəfindən görülmüş işlərdən danışıblar. Beynəlxalq konfransın təşkilatçılarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının departament rəhbəri Mixail Svantner, Avrasiya Patent İdarəsinin prezidenti Qriqoryev Aleksandr Nikolayeviç, Avropa Patent İdarəsinin departament rəhbəri Nina Formbi ölkəmizin beynəlxalq təşkilatlarla sıx əlaqəsindən məmnunluqlarını ifadə ediblər. Onlar Azərbaycanın son 20 ildə sürətli inkişafını və beynəlxalq patent sisteminə uğurlu inteqrasiyasını xüsusi vurğulayıb, buna görə prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.