“125-lər” siyasi klubu Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib. Lent.az-ın məlumatına görə, müraciətdə klubun üzvləri Ə. Amaşovdan müharibə şəraitində olan ölkəmizdə mediamızın aktiv hərbi əməliyyatlar şəraitində davranışları ilə bağlı təlimlər təşkil edilməsini xahiş edirlər. Müraciətin tam mətnin təqdim edirik:
“125-lər” Siyasi Klubunun keçirdiyi “İnformasiya təhlükəsizliyi: mövcud problemlər” adlı müzakirədə son zamanlar cəbhə xəttində fəallaşan hərbi əməliyyatların, hadisələrin işıqlandırılması zamanı bəzi KİV-lərin qeyri-peşəkar fəaliyyəti nəticəsində cəmiyyətdə çaşqınlıq, inamsızlıq və dezinformasiya mühitinin yaradılması ilə bağlı narahatlıq ifadə edildi.
Müzakirədə iştirak edən klub fəalları, ekspertlər, ictimai fəal insanlar belə mətbu orqanların fəaliyyətindən narazı olduqlarını bildirdilər. Ölkə üçün ağrılı və həyəcanlı məqamdan sui-istifadə edərək, reytinq və İP toplamaq xatirinə vətəndaşın ən ülvi hissləri ilə oynamaqla yanaşı, həmin KİV-lər cəmiyyətdə xaos mühitinin də yaradılmasına xidmət etdilər.
Hesab edirik ki, mətbuat orqanlarının dezinformasiya yayması, təsdiq olunmamış xəbərləri rahatlıqla geniş kütləyə çatdırması, xüsusilə də Azərbaycanın indiki həssas durumunda, yalnız qeyri-peşəkarlıq deyil, həm də təhlükəli tendensiya kimi qiymətləndirilməlidir.
Müzakirə iştirakçıları Sizdən xahiş edir ki, Mətbuat Şurası bu dövrdə yayımlanmış yalan xəbərlər, onların ictimai zərərləri, bu cür xəbərləri yayan sayt, qəzet və digər mətbu orqanların fəaliyyəti ilə bağlı ümumiləşdirilmiş müzakirə təşkil etsin.
Ölkəmizdə mətbuatı gözdən, nüfuzdan salan bu tipli “KİV-lərin” fəaliyyətinin bütövlükdə mətbuatın adına ləkə sayıldığını nəzərə alaraq, onları bu yoldan çəkindirmək üçün ictimai qınaq, tövsiyə və təlimatlara ehtiyac var.
“125-lər” Siyasi Klubu Azərbaycanda demokratiyanı, söz azadlığını öz fəaliyyətinin prioritetlərindən saydığı üçün, mətbuata qarşı sanksiya xarakterli addımların təhlükəli ola biləcəyini anlayırıq və buna qətiyyən razı ola bilmərik. Lakin hesab edirik ki, vətən, torpaq, dövlət maraqları önə çıxanda mediamızın da bu amili anlayışla qarşılaması, xəbər ehtirasını müvəqqəti də olsa ümumi ictimai fayda naminə boğa bilməsi hamımızın xeyrinə olardı.
Buna görə də sizdən və rəhbəri olduğunuz qurumdan xahiş edirik ki, müharibə şəraitində olan ölkəmizdə mediamızın aktiv hərbi əməliyyatlar şəraitində davranışları ilə bağlı təlimlər təşkil edilsin, KİV rəhbərləri ilə konkret olaraq bu mövzu ilə bağlı ardıcıl görüşlər keçirilsin və müzakirələr aparılsın".