Səməd Vurğunun məşhur tarixi çağırışı o qədər doğma, cazib, təzə-tərdir ki, elə bil şair bu misraları indilərdə, isti-isti yazıb tamamlayıb:
Bilsin ana torpaq, eşitsin Vətən!
Müsəlləh əsgərəm mən də bu gündən!
Bəli, bu gün vəzifəmizdən, statusumuzdan asılı olmayaraq, hər birimiz əsgərik. Ön cəbhədə olmasaq da, düşmənlə mübarizə aparırıq. Döyüşürük, müdafiə olunuruq. Hərəmiz öz silahımızla. Davranışımız, düşüncəmiz, bir sözlə, atdığımız hər addımla əsgərimizin yanındayıq.
Bu həssas və önəmli mövqedə və ya səngərdə - ƏSGƏRİMİZİN YANINDA səhvə yol vermək olmaz.
Adi səhv, yanlış bir hərəkət Azərbaycan əsgərini, onun döyüş səngərini düşmənin hədəfinə çıxara bilər…
Dünəndən bəzi facebook fəalları erməni qadınları ilə bağlı iştahalarını dilə gətirirlər. Xəcalət vericidir ki, bu qədər yüksək amal uğrunda döyüşən ordumuzun əməyini, şücaətini yataq müstəvisinə endirib, yararlanmaq istəyirlər.
Axı bizim insan hər dəfə torpaqlarımızın işğalından söz düşdükdə ən çox girov qadınlarımızın təcavüzə məruz qalmasından hiddətlənib. Əslində, fərqinə varılmayıb ki, torpağa təcavüz qadına təcavüzdən də alçaldıcıdır: çünki qadına təcavüz haqqında susur, faktları gizlədirsiz, bir neçə il bu haqda danışılmır, unutmağa çalışılır, bu haqda yazanı qınayırsız və dərd “unudulur”.
Torpağa edilən təcavüzü necə ört-basdır etmək olar ki? İşğal faktı varsa təcavüz hər an davam edir… Torpağa təcavüz millətin tarixinə, gələcəyinə, uşaqlı böyüklü, kişili-qadınlı hamıya təcavüz deməkdir… və bu təcavüz davam etdikcə, içindəki əziklik duyğusu bir an belə səngimək bilmir…
Girov qadınlarımıza gəlincə, həmişə düşünmüşəm ki, bu, bizim qadının erməni qarşısında ilk dəfə sınması deyildi. Azərbaycan qadını ilk dəfə kişisi erməni qadınını tərcih etdikdə alçalıb.
İndi eyni səhvi təkrarlamayaq. Bu “qisas arzuları” hələ də girovluqda olan qadınlarımıza da, bu gün gecəsini gündüzünə qatıb döyüşən əsgərimizə də, torpağın hər qarışı uğrunda can verən şəhidlərimizə də həqarətdir.
Onlar torpaq uğrunda ölür, öldürür, Haykanuşlara hesablanmış şəhvət uğrunda yox! Millətin intiqamı qadından alınmaz!
Öz hisslərinizə sahib çıxın. Kirli düşüncələrinizi Azərbaycan əsgərinin alın təriylə, qanı ilə yumağa cəhd etməyin.