Ədliyyə naziri Fikrət Məmmədov Qubada vətəndaşları qəbul edib. Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, qəbul Quba rayon Məhkəməsinin binasında keçirilib. Qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşlar iştirak edib.
Gün ərzində aparılan qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.