Xərçəng xəstəliyindən əziyyət çəkən Göygöl sakini, Milli Ordunun 40 yaşlı mayoru Rəşid Məmmədovun köməyə ehtiyacı var. Lent.az-a müraciət edən zabitimizin anası Səriyyə Məmmədova bildirib ki, onun müalicəsi üçün ailənin maddi imkanları çatmır.
S. Məmmədovanın sözlərinə görə, 2013-cü ilin sentyabrında səhhətində yaranmış problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçən mayora myeloma (xərçəng) diaqnozu qoyulub: “Hospitalda müayinə kursu keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi Xəstəxanasına göndərildi. Həmin xəstəxanada 2 aya yaxın müalicə olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas gətirilərək geri çağırılıb. Halbuki müalicə kursu bitəndən bir ay sonra oğluma ilik köçürmə mərhələsi olmalı idi. Bunların heç biri olmadı, çünki dövlət tərəfindən maliyyə vəsaiti ödənilmədi”.
Qeyd edək ki, 1974-cü il təvəllüdlü R. Məmmədov 20 il Azərbaycan Silahlı Qüvvələrinə xidmət edib, xidmətinin 80 faizini cəbhə bölgəsində olub. 1995-1999-cu illərdə Bakı Ali Hərbi Dənizçilik Akademiyasında təhsil alıb. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Tovuz rayonunun “N” saylı hərbi hissənin mayorudur.