400 mindən çox insana əziyyət verən bəla
31 mart 2013 14:24 (UTC +04:00)

400 mindən çox insana əziyyət verən bəla

 

 Rəsmi statistikaya görə, son 1 il ərzində ölkədə 11 mindən çox ailə dağılıb, onların 7 mini sonsuzluq problemi yaşayıb. Ümumilikdə isə 400 mindən çox insan sonsuzluqdan əziyyət çəkir. Belə ailələr üçün bəzən yeganə çıxış yolu  süni mayalanma üsuludur. Qeyd edək ki, MM-də 1997-ci ildə qəbul olunan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna görə, yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ var. Bu prosedur yalnız ər və arvadın rəsmi razılığı olduğu zaman aparılır. Suni mayalanmada əsasən atanın özü donor olur. Lakin, bu mümkün olmadıqda, digər şəxş donor qismində çıxış edir. Mərkəzi klinikanın mama ginekoloqu Mahirə İsmayılova deyir ki, ayda təxminən 40-50 nəfər sünu mayalanma üçün mərkəzə müraciət edir: "Əgər ər, arvad donor hüceyrəsindən istifadə edilməsini istəyirlərsə, onlar xüsusi bir hüquqi proseduradan keçirlər. Onların razılıqları alınır. Hüquqşünasla onlar görüşürlər, bundan sonra onlara tətbiq edilir".

 

Qeyd edək ki, süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir. Milli Məclisin sosial-siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, qanuna görə, uşaq əsas hüquqi valideyini tanıyır: "Təbii ki, uşaq öz bioloji atasını tanımalıdır. Amma donorluq şərtində uşaq hüquqi valideyini tanıyır. Hansı ailədə böyüyəcəksə, onu tanıyır, bioloji valideyini tanımır. Əslində uşağın həqiqi valideyini onu dünyaya gətirəndən çox, onu böyüdən, ondan ötrü həyatını həsr edən, ona tərbiyə verən, təhsil verəndir. Onun daha çox mənəvi haqqı var".

 

"Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanunun qəbul olunması və bu sahədə hələ də qalan hüquqi boşluqların tənzimlənməsi prosesi isə hələ də gecikir. Səbəb cəmiyyətdə bu problemlə bağlı ziddiyyətli və daha çox mənfi fikirlərin olmasıdır. Məsələn, cümə məscidinin axundu Hacı Surxay deyir ki, islam dinində nəinki donordan istifadə, hətta doğma atanın özünün donor olması qəti qadağandır:" Əgər kişinin spermasını götürüb ana bətninə daxil edirsə həkim qadının naməhrəm yerini görməməlidir. İstər kişi olsun, istər qadın. Əgər bir şəxs öz mayasını satır, bağışlayır fərqi yoxdur. Əgər tərəf müqabili bəlli deyilsə, bu, yolverilməzdir".

 

Azərbaycanda süni mayalanma əməliyyatının qiyməti  2-4 min manat arasında dəyişir. Ehtiyacı olan ailələr isə effektivlik faizini nəzərə alaraq, daha çox xaricə üz tuturlar, bu isə  bir neçə dəfə baha başa gəlir: "Qadın və ana haqlarını vurğulayır. Ən asası isə bu işə dövlətin dəstəyini hüquqi tərəfdən yaradır ki, bu insanlar öz ciblərindən yox, dövlətin dəstəyindən istifadə edərək övlad sahibi olsunlar".

 

Hacı Surxay isə bu qanunun qəbuluna hər cür etiraz edəcəklərini deyir: "İnamıram bu Azərbaycanda öz həllini tapsın. Əgər yol verilmiş olsa, inanclı insanlar buna getməyəcək. Şəxsən  mən və mənim icmamda olan hər kəs buna kəskin etirazımızi bildirəcəyik”.

 

Qeyd edək ki,  “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layihəsi Milli məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2537

Oxşar yazılar