Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kursları təşkil edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında DMX orqanları tərəfindən Bakıda, həmçinin respublikanın rayon və şəhərlərində dərzi, kompüter istifadəçisi, kompüterçi-dizayner, bərbər, qaynaqçı, tikişçi, qənnadçı və s. peşələr üzrə 168 peşə hazırlığı kursu təşkil olunub.
Onlardan 11-i modul, qalanları ənənəvi təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılıb. Kurslara ümumilikdə 2982 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub.