Dövlət Sosial Müdafiə Fondunda avtomatlaşdırılmış pensiya təyinatı, əhaliyə göstərilən elektron xidmətlərlə bağlı seminar keçirilib. Fonddan Lent.az-a verilən məlumata görə, seminarda avtomatlaşdırılmış pensiya təyinatı, fondun əhaliyə göstərdiyi elektron xidmətlərin tətbiqi sahəsində mövcud vəziyyət, yaranan problemlərin aradan qaldırılması yolları ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə Fondun yerli şöbələrinin pensiya təyinatı, fərdi uçot, maliyyə-uçot sektorlarının müdirləri iştirak ediblər.
Seminarda açılış nitqi ilə çıxış edən DSMF sədri Səlim Müslümov bildirib ki, hazırda Azərbaycanın sığorta-pensiya sistemi müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərir: “DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 21-ə çatdırılıb və “elektron hökumət” portalının statistikasına əsasən, fondun təklif etdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir. İnformasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nin mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədəri, yəni 1 milyon 270 min nəfər pensiyaçı və fərdi hesab açılıb, 2 milyon 620 min nəfər sığorta olunan barədə elektron məlumatlar toplanılıb”.
S. Müslümov qeyd edib ki, fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığorta olunanların məlumatlandırılması xidməti qurulub. Bu ilin iyul ayından etibarən isə Azərbaycanda əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyininə başlanılıb. Sistemin tətbiq olunduğu 3 aya yaxın vaxt ərzində 473 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Onlardan 160-ı Bakı şəhərində, 313-ü isə bölgələrdə yaşayan vətəndaşlardır.