Mədəniyyət beşiyi
31 iyul 2013 12:44 (UTC +04:00)

Mədəniyyət beşiyi

Qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlanıldığı,  mədəniyyət və sivilizasiyalararası dialoqun inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərinin keçirildiyi məkan kimi tanınır. Müxtəlif mədəniyyətlərin mübadiləsinə və zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır. Belə tədbirlərdən biri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın ən gözəl guşələrindən olan Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalıdır. Festival  Azərbaycan mədəniyyətini dünyaya tanıdır. 2009-cu ildən başlayaraq hər il yay aylarında keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun ən böyük layihələrindəndir.  Artıq ənənə halını alan festival beynəlxalq arenada da böyük marağa səbəb olub. Dünyada keçirilən mədəniyyət tədbirləri arasında özünə yer tapan Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycanı dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirib. Bu festival ölkəmizdə mədəniyyətə, musiqiyə, incəsənətə nə dərəcədə böyük önəm verildiyinin bariz göstəricisidir. Şərqlə Qərb arasında körpü rolunu oynayan, bəşəriyyətin ilkin mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan Qəbələ Musiqi Festivalı ilə mədəniyyətlərarası dialoqun təşkilində aparıcı aktor qismində çıxış edir. Qəbələdə keçirilən musiqi festivalı Azərbaycan xalqının əsrlər boyu yaradıb günümüzədək yaşatdığı milli musiqimizin nadir incilərinin,  milli musiqinin dünya musiqisi ilə sintezindən yaranan gözəl sənət nümunələrinin müəlliflərinin əsərlərinin, eyni zamanda Azərbaycanda həyata keçirilən uğurlu mədəni, sosial-iqtisadi siyasətin dünyaya tanıdılmasında mühüm rola malikdir. Belə ki, ölkəmiz barədə kifayət qədər, yaxud düzgün informasiyaya malik olmayan xarici ölkə vətəndaşları, mədəniyyət xadimləri Qəbələdə olduqdan və festivalda iştirak etdikdən sonra Azərbaycan mədəniyyəti barədə tamamilə yeni və zəngin təəssüratlara sahib olurlar. Həmçinin festival iştirakçıları, dinləyiciləri birbaşa ölkəmizdə gedən inkişafla tanış olmaq və bu uğurları dəyərləndirmək imkanı qazanırlar.

Qəbələ Musiqi festivalında dünya şöhrətli musiqiçilərin iştirakı bu möhtəşəm musiqi bayramının gələcəkdə daha da məşhurlaşmasına zəmin yaradır. Festival Qərblə Şərqi yaxınlaşdırmaqla  mədəniyyətlərarası dialoqa töhfə verir. Qəbələ Festivalı və Azərbaycanın gözəlliyi xarici qonaqları heyran edir. Təsadüfi deyildir ki, artıq festival geniş auditoriya kütləsi toplaya bilmiş, gələn hər bir xarici vətəndaşı razı salmaqla yanaşı gələcək festivallara da qatılacağı inamını formalaşdırmışdır. Festivala iştirakçı və tamaşaçı qismində qatılan şəxslərin  müsahibələri bu möhtəşəm beynəlxalq musiqi tədbirinin və Qəbələnin gözəlliklərinin onlarda yaratdığı xoş təəssüratları ifadə edir.

2009-cu ildən Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırır.  Festivalın dünya mədəni irsinin qorunub saxlanılmasına və zənginləşməsinə verdiyi töhfələr əvəzolunmazdır. Festival bir daha sübut edir ki,  Azərbaycan mədəniyyət beşiyi olmaqla yanaşı, həm də dünya musiqisinə dəyər verən, onu zənginləşdirən bir diyardır.

 

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1357
avatar

Oxşar yazılar