QHT Əməkdaşlıq Alyansı İdarə Heyətinin növbəti iclası keçirilib. QHT Əməkdaşlıq Alyansı mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Alyansın son üç ayda gördüyü işlər, növbəti illik ümumi yığıncağının keçirilməsi, yeni üzvlərin qəbulu və digər vacib məsələlər müzakirə edilib.
İclasa sədrlik edən Alyansın həmsədri Rufiz Qonaqov qeyd edib ki, Alyans qarşıdan gələn prezident seçkisinin monitorinqinin davam etdirilməsi və exzitpolun aparılması ilə bağlı konkret addımlar atacaq.
Alyansın həmsədri Rəfail Becanov İdarə Heyətinin ötən iclasından sonrakı müddət ərzində görülən işlərlə bağlı məlumat verib. O bildirib ki, ötən müddət ərzində istər Xocalı, istərsə də Şuşa ilə bağlı başlanan kampaniyalar internet resursları üzərindən davam etdirilir.
QHT Əməkdaşlıq Alyansının İdarə Heyəti növbəti illik hesabat yığıncağının oktyabr ayında keçirilməsi ilə bağlı qərar qəbul edib.
Daha sonra Alyansın iki illik fəaliyyətində məlumatların cəmiyyətə çatdırılmasındakı dəstəyinə görə 22 İyul - Milli Mətbuat Günü ərəfəsində 20 kütləvi İnformasiya vasitəsinə Alyansın mükafatlarının və diplomlarının verilməsi haqqında qərar qəbul edilib. Mükafatlandırılan mətbuat orqanlarının adları iyulun 22-də açıqlanacaq.