150 dollarla Polşada biznes qurmuş azərbaycanlı jurnalistin <span style="color:red;">HEKAYƏSİ
23 dekabr 2015 10:49 (UTC +04:00)

150 dollarla Polşada biznes qurmuş azərbaycanlı jurnalistin HEKAYƏSİ

Xaricdə yaşayan azərbaycanlıların ən böyük problemlərindən biri, bəlkə də gündəlik problemlər sırasında ən birincisi mətbəx problemidir. Azərbaycanlı, düşüncə və yaxud qiyafə etibarilə avropalı, hətta uzaq şərqli belə ola bilər. Amma mətbəxdə ən kosmopolit azərbaycanlının belə azərbaycanlı olmaması nadir hadisədir.

Varşava yaxınlarında Qroyeç (Grojec) adlı kiçik şəhərə gedəndə də bunu düşünürdüm. Bir ildən çoxdur Polşanın ikinci şəhəri Krakovda yaşayıram. Şəhərə gələndən az sonra böyük səylə Azərbaycan restoranı axtarsam da tapa bilmədim. Dedilər, bu şəhərdə elə bir restoran yoxdur. Yayın sonlarında, Bakıda olduğum zaman Varşava yaxınlarında belə bir restoranın açıldığını eşitdim,  qərara gəldim ki,  mütləq oranı ziyarət edim. 

 

Qroyeç biznes şəhəridir. Bura Polşa və Avropanın bir çox şəhərlərini müxtəlif məhsullarla, ən çox da meyvə-tərəvəzlə təmin edir. Burası türklərin xalça, un və un məhsulları, italyanların şokolad, polyakların iri meyvə fabriklərilə əhatə olunmuş olduqca əhəmiyyətli istehsalat zonasıdır. 

 

Məqsədim artıq adından söz etdirən “Xəzər” (Hazar) adlı Azərbaycan restoranını görmək idi. Restoranın sahibi keçmiş jurnalist, indi iş adamı kimi fəaliyyət göstərən Şövqi Vaqifoğludur. Ş.Vaqifoğlu Qroyeçdə olduqca gözəl və maraqlı bir işə imza atıb. Burda müştərilərə bizim mətbəxlə yanaşı, türk və gürcü yeməkləri də təklif olunur. Tam səmimiyyətlə deyə bilərəm ki, bura Polşada yaşayan azərbaycanlıların mütləq ziyarət etməli olduğu bir yerdir. 

 

Keçmiş həmkarımız Ş.Vaqifoğlunun hekayəsinə keçmədən öncə sevindiyim bir nüansa diqqət çəkmək istəyirəm. Vətəndə xəbərin xidmətində duran insanların hansı çətinliklərlə qarşılaşdığını, hansı məhrumiyyətlərə sinə gərdiyini düşünəndə belə bir uğura olduqca sevinirəm. Kaş həmişə həmkarlarımızdan yaxşı xəbərlər eşidək. 

 

“Cibimdə cəmi 150 dollarla vətənə qayıtmaq istəyirdim”

 

Ş.Vaqifoğlu ilə söhbətimiz onun tərcümeyi-halını danışmağı ilə başladı. Məlum oldu ki, iş adamı indiyə qədər iki respublikanı məcbur tərk edib. 

 


- Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Zod kəndində doğulmuşam. 1988-ci ildən məlum hadisələrlə əlaqədar Gəncədə məskunlaşmışıq. BDU-nun jurnalistika fakültəsinin məzunuyam. Müəyyən fasilələrlə bir çox aparıcı mətbuat orqanlarında çalışmışam. Sonradan biznes fəaliyyəti ilə məşğul olmaq üçün  çox çalışdım, süd və süd məhsulları istehsal edən müəssisə yaratdıq, amma uğurlu olmadı. 

 

- Polşaya gəlməyinizə səbəb nə oldu?

 

-Polşaya qədər Türkiyədə, Ukraynada müəyyən cəhdlərimiz olub. İkinci ölkədəki fəaliyyətimizlə ilgili Polşaya gəldik və elə bu minvalla da burda qərar tutduq. Çünki Polşa tranzit ölkədir və iş dünyasında tranzit ölkələr digərlərindən daha əlverişli hesab olunur. Bura Rusiya, Çin, Qazaxıstan kimi böyük iqtisadiyyatı olan dövlətlərlə Avropa arasında ötürücü ölkədir. Əgər sən Azərbaycandakı çətinlikdən sonra, Avropanın digər dövlətlərinə nisbətən az inkişaf eləsə belə, iş görmək üçün münbit şəraiti olan Polşaya yerləşmisənsə, burdan sözsüz ki, ikiəlli yapışacaqsan. 

 

...İlk işimiz idxal idi. Sonra ixracatı yoxladıq, gördük ki, daha sərfəlidir. İndiyə qədər Polşaya xeyli miqdarda xarici maliyyə cəlb etmişik. Dövlət isə bunu qiymətləndirir: məmurlar iş adamlarını lazımsız, başınabuyruq yoxlamalarla narahat eləmir. 

 

- İş qurmaq istəyərkən sizi iki ölkə arasındakı fərqlər çərçivəsində ilk təəccübləndirən nə oldu?

 

- Bəlkə indi deyəcəklərim sizi daha çox təəccübləndirəcək. Qeyd etdiyim kimi bir ilə yaxın Polşada fiziki şəxs kimi, başqa bir şirkət üzərindən Rusiya və Qazaxıstandakı tərəfdaş şirkətlərlə uğurlu müqavilələrlə fəaliyyət göstərməyimizə baxmayaraq, qurduğumuz sistem oturar-oturmaz, belə demək mümkünsə, dışlandım və faktiki heç bir hüquqi müqavimət haqqım olmadığını anlayıb çox məyus formada Azərbaycana dönməyə qərar verdim. Hava limanında cibimdə cəmi bir biletim, bir də 150 dollar pulum qalmışdı. Hansısa sənədləşmə işləri ilə ilgili hüquq şirkəti olan tanıdığım bir polyak aradı, artıq planlaşdırdığımız bəzi görüşlərə lüzum qalmadığını söylədim və dedim ki, mən artıq gedirəm. Səbəbini soruşdu, dedim, hesab edək ki, Polşada alınmadı. 

 

O, məni inandırdı ki, dünənə kimi özgəsinin şirkəti üzərindən gördüyüm işləri, indi özümə aid bir şirkət vasitəsilə daha asan və uğurlu təşkil edə bilərəm. Qısa bir zamanda təsis parasını belə sonradan ödəyəcəyim və artıq özümə aid şirkət vasitəsilə Rusiya və digər ölkələrdəki alıcılarla müqavilələrimizi təzələyib və öz işimi qurdum. Bütün bunlar o qədər sıralı və intensiv baş verdi ki, cibimdəki həmin məbləğ bitməmişdi...

 

Dolayısıyla, o adam bir saat gec zəng eləsəydi mən Azərbaycana gedəcəkdim və bu gün “Xəzər”də səninlə oturub bütün bu gördüyün nailiyyətlərin kökündəki ilkin investisiyanın məbləğini gülərək xatırlamayacaqdıq. Hərdən buna özüm də inanmıram. Amma məsələ cibindəki parada deyil, ciynindəki məsuliyyət və etibarmış deyək. O günü həm də Tanrının məni sınamaqdan bezdiyi gün kimi xarakterizə edirəm. 

 

- Heç kimə sirr deyil ki, polyak cəmiyyəti mühafizəkardır. Yad adamlara qarşı isə bir ehtiyatla hətta bəzən qorxu ilə yanaşırlar. Cəmiyyətə adaptasiyanız çətin olmadı?

 

- İlk günlər mənim üçün ən böyük çətinlik mətbəx idi. Bu gün də Polşa mətbəxinə alışa bilmirəm. Bəlkə də gəldiyim ilk iki gün istisna olmaqla, Polşa mətbəxindən uzağam. Adaptasiyada əlahiddə bir problemim olmayıb. O ki qaldı polyakların yadlara münasibətinə, heç vaxt bir polyaka öhdəsindən gələ bilmədiyin işi söz vermə. Onlar üçün əsas bu önəmlidir, haralı olmağın yox. Ola bilər ki, rəngimizə görə tanımayan adamda bir az tərəddüd yaransın, amma bizi tanıyan adamların münasibəti normaldır. Onu da qeyd edim ki, burada Azərbaycanı digər, nisbətən az inkişaf etmiş cəmiyyətlərin sırasına qoymurlar, bizi tanıyırlar. Artıq burada xeyli sayda tələbəmiz, yeni iş adamlarımız var. Polşada təhsil almaq Azərbaycandakı təhsildən daha yaxşı və daha ucuz, iş qurmaq daha faydalı və daha asandır...

 

Oğlumun dostu “Salam” dedi, dedim afərin!..

 

- Ailənizin yerli insanlarla uyğunlaşması necə oldu?

 

- Qızımın iki yaşı var, oğlum isə gələn il məktəbə gedəcək. Ona həyətdəki uşaqlarla oynamağı tapşırmışam ki, dil öyrənmək asan olsun. Ən azından sadə sözləri təbii şəkildə öyrənsin. Amma bir dəfə həyətə girəndə dostu onu gördü, “Salam Nihad” deyə səsləndi. Dedim daha sənə sözüm yoxdur. Mən səni göndərirəm ki, polyakca öyrənəsən, sən onlara azərbaycanca öyrətmisən. 

 

“Putinin işdən çıxartdığı azərbaycanlı”

 

-Restoran açmaq ideyası necə yarandı?

 

- Putin Avropa mallarına qadağa qoyandan sonra bizim mal ixracımız zəiflədi. Həmin ərəfələr “Yeni Müsavat” qəzetinin redaksiyasına getmişdim, Rauf bəylə danışanda dedi ki, mən belə başa düşdüm Putin səni işdən çıxarıb. Dedim eynən (gülür). Əslində olayın adı doğru idi. Putin içi mən qarışıq, burada onlarla azərbaycanlını işdən çıxartdı. Polşada meyvə tərəvəz işinin ixracatçıları azərbaycanlılardır. Rusiyada da idxala bizimkilər baxır. Münasibətlər donandan sonra anti-krizis proqramı işlədik. Bir neçə mümkün variantların içindən qardaşım Ülvi bəyin restoran layihəsinin üzərində dayandıq və reallaşdırdıq. Həm də pilot layihə demək olar. Özünü doğrultsa, birini Varşavada, üçüncüsünü isə Krakovda açmağı düşünürük. 

 

Bu layihənin məqsədi o oldu ki, biz embarqoda itib batmayaq. Məsələn, bir çox azərbaycanlımızın biznesi bu embarqo üzündən zərər çəkdi, bir neçəsi hətta müflis oldu. 

Deməliyəm ki, restoranın çətin ayları olsa da, işini uğurlu hesab etmək olar. İndi biz 15-20 km radiusda böyük italyan, polyak şirkətlərini biznes lançla təmin edir, böyük tədbirlər keçiririk. 4 aşpazımız, 3 mətbəximiz var. Türk mətbəxi Polşada çox populyardır, gürcü mətbəxi də həmçinin. Azərbaycan mətbəxi isə elə də tanınmırdı, indi biz yavaş-yavaş sifarişlərdə bizim yeməklərin də satış statistikasında köklü artım müşahidə edirik.

 

 - Son zamanlar Avropaya miqrant axını güclənib. Polyaklar bu mövzuda çox radikaldırlar, miqrantlara qarşı münasibətləri müsbət deyil. Bu ölkədə işləyən bir əcnəbi kimi onların gəlişinizə münasibətiniz necədir?

 

- Məncə Polşa iqtisadiyyatı o ağırlığı daşıya bilməz. Polşa hər halda Almaniya deyil. Polşa üçün ən əlverişli işçi qüvvəsi ukraynalılardır. Onlar Polşaya dini, mədəni və tarixi baxımdan da daha yaxındır. Ümumiyyətlə, qaçqınlar avropalılar üçün ucuz işçi qüvvəsi olsa da, mən şəxsən ortadoğu və afrika ölkələrindən gələnlərin, bu xüsusda məhz Polşada ukraynalılara polyaklar üçün əlverişli alternativ olduqlarını düşünmürəm. Bu Almaniya şərtlərində daha realdır və polyaklar ayaqlarını yorğanlarına görə uzadıb, onları qəbul etməməkdə haqlıdırlar. Bu kütləni Macarıstan da qəbul edə bilmədi, çünki onlar da iqtisadi baxımdan kövrək ölkələrdəndirlər. Allah heç bir ölkəyə Suriyanın faciəsini yaşatmasın, biz də müsəlmanıq. Amma həqiqət odur ki, burda hər hansı arzuolunmaz hadisə baş versə, mədəni fərqliliklərdən doğan fəsadlar olsa, heç kimə başa salmaq olmaz ki, Suriya və Azərbaycan fərqli ölkələrdir. Baxmayaraq ki, Polşa tolerant ölkədir, amma iqtisadiyyatı buna macal tanımır və bunu qərb də anlayışla qarşılayır.

 


- Keçmiş peşənizdən əldə etdiyiniz hər hansı təcrübəni indiki işinizdə istifadə etmisiniz?

 

- Əlbəttə, jurnalistikaya təkcə yaradıcılıq baxımından yanaşmaq olmaz. Orası, bənzərsiz bir həyat akademiyasıdır. Mənim maraqlı müsahibələrim alınırdı müsahiblərimlə. Məsələn, bəzən almaq istədiyim ikicə kəlmə sözdən ötrü iki saata kimi müsahibi dağa-daşa salardım. Bu tək sensasiya marağı deyil, həm də bir inad idi. İndi də elədir. Hər iş görüşməsinə bir müsahibə qədər məsuliyyət və inadla gedirəm. 

 

 

O ki qaldı jurnalistikanın mənimçün keçmiş olmasına, mən belə deməzdim. Harada və nə işin sahibi olmağıma baxmayaq. Mən tutaq ki, həm də heyran olduğum imzalardan Vüsalə Mahirqızı, Rauf Arifoğlu, Akif Aşırlı, Əli Həziquliyevin saya bir tapşırığına, bir reportyor kimi həmişə çantamı çiynimə atıb deyilən ünvana qaça-qaça, sevə-sevə gedib, istənilən materialı hazırlamağa tamarzı bir durumdayam...

"Yeni Müsavat"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

Oxşar yazılar