Son on ildə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, 2003-2013-cü illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan və Gəncə şəhərlərində filialları inşa etdirilərək istifadəyə verilib.
Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri yaradılıb. Bu müddətdə nazirliyin nəzdindəki bərpa müəssisələrində 70 min nəfərə yaxın əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib. Hazırda ölkənin bütün regionları üzrə 14 reabilitasiya mərkəzində hər il 9 minə yaxın əlil insana bərpa-müalicə xidməti göstərilir.
Əlillərin xarici ölkələrdə müalicəsinin təşkili daim diqqətdə saxlanılıb. 2003-2013-cü illərdə hər il 100 nəfərədək əlilin xarici ölkələrdə 28 günlük bərpa müalicəsi, 1000 nəfərə yaxın əlilin istirahəti təşkil olunub. Bununla yanaşı, 2012-ci ildən etibarən sümük-əzələ xəstəlikləri olan 100-dən artıq əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi həyata keçirilir.