Artıq Bakının 100-ə yaxın məktəbində mobil telefonlardan istifadəyə qadağa qoyulub.
Bunu APA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib.
O bildirib ki, tədris ocağında telefondan istifadə qadağasına məktəb rəhbərləri özləri nəzarət edirlər. Z.Əliqızının sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir müddət öncə orta məktəblərdə tədris prosesi zamanı şagirdlərin mobil telefondan istifadə etməsinə qadağa qoyub. Belə bir qadağanın qoyulması isə mobil telefonun tədris prosesinə və onun keyfiyyətinə mənfi təsir göstərməsi zərurətindən yaranıb.
Z.Əliqızı qeyd edib ki, valideynlər istədikləri vaxt övladlarından xəbər almaq üçün məktəbin şəhər telefonları ilə əlaqə saxlaya bilərlər: “Belə ki, valideynlərdə məktəb direktorunun və ya müavinlərin də mobil nömrələri var. Onlar dərs müddəti ərzində uşaqları barədə haqqında hər bir məlumatı direktor və ya məktəbin şəhər telefonlarından öyrənə bilərlər. Buna görə şagirdin məktəbə mobil telefon gətirməsinə ehtiyac yoxdur”.