Maliyyə və Təhsil nazirliklərinin təşkilatçılığı ilə “Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilib. Bu barədə lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Tədbiri giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov bu sistemin yaradılması və tətbiqi ilə bağlı geniş məlumat verib.
S. Şərifov qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində əldə olunan iqtisadi yüksəlişə paralel olaraq respublikamızda mühasibat uçotunun təkmilləşdirilməsi ilə bağlı da mühüm addımlar atılıb.
Maliyyə naziri onu da qeyd edib ki, “Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sistemi hazırda Maliyyə Nazirliyində və 4 pilot universitetdə - Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetində tətbiq olunub və yaxın gələcəkdə bu sistemin daha geniş yayılması nəzərdə tutulur. S. Şərifov avtomatlaşdırılmış informasiya sisteminin tətbiqinin birinci mərhələsində 35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə edəcəyini bildirib.
Tədbirdə təhsil naziri çıxış edərək bildirib ki, “Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin tətbiqinə başlanılması prezident İlham Əliyevin elektron xidmətlərin genişləndirilməsi, “Elektron Hökumət”in qurulması ilə bağlı verdiyi fərman, sərəncam və tapşırıqların icrası istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilməlidir.
Daha sonra yeni sistem tətbiq edilmiş ali təhsil müəssisələrinin rəhbərləri öz çıxışlarında ölkədə müasir mühasibat uçotu sisteminin yaradılması və tətbiqinin əhəmiyyətini vurğulayaraq əldə olunan nəticələr barədə məlumat veriblər.