Xalidə Bayramovanı KİM HİMAYƏ EDİR?  - ŞƏRH
04 may 2021 17:32 (UTC +04:00)

Xalidə Bayramovanı KİM HİMAYƏ EDİR? - ŞƏRH

Bu gün Baş Prokurorluq tərəfindən haqqında rəsmi məlumat yayılan Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramovanın adı mətbuata yad deyil.

Lent.az-ın məlumatına görə, X. Bayramovanın adı mətbuatda müxtəlif qalmaqallı məsələlərdə hallanıb.

Belə ki, o, hər zaman Azərbaycan Prezidenti Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə yaxın adamlardan biri kimi xarakterizə edilib. Məhz bu imtiyazdan istifadə edən X.Bayramovanın dövlət müəssisələrinə və məmurlara təsir imkanları geniş olub. Bundan istifadə edən X.Bayramova bir sıra qanunsuz hərəkətlərə yol verib. Hətta rəhbəri olduğu icra başçıları da X.Bayramovanın qanunsuz hərəkətlərinə göz yummaq məcburiyyətində qalıb və ondan hər zaman ehtiyat ediblər.

X.Bayramovanın adı mətbuatda daha çox 2019-cu ildə Səbail rayonu ərazisində yerləşən 162 nömrəli orta məktəbdə baş verən intihar hadisəsində hallandı. O zaman canına qəsd edən Elina Hacıyevanın ölümündə məktəb direktoru ilə bərabər X.Bayramovanın da günahkar olduğu iddia olunurdu. Himayədarları sayəsində X.Bayramova bu işdən də üzüsulu çıxa bildi.

Həmin hadisələrdən sonra X.Bayramova İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərən Qəyyumluq Komissiyasının sədrliyindən azad olunub.  

Qeyd edək ki, Baş Prokurorluq bu gün X.Bayramovanın qanunsuz hərəkətləri ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Səbail rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib.

Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən Səbail rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7746
avatar

Oxşar yazılar