Vüqar Səfərli
21 sentyabr 2021 19:02 (UTC +04:00)

Vüqar Səfərli

Vüqar Səfərli: “Devalvasiya zamanı yaxşı pul qazandım”

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli dövlət ittihamçısının suallarını cavablandırıb.

V.Səfərli deyib ki, əlamətdar günlərdə KİVDF-nin yazı müsabiqələri keçirilib. Həmin müsabiqələrin qaliblərinin elan olunması mərasimlərində qalib jurnalistlərə tutduğu yerlərə görə pul mükafatları verilib: "Müsabiqələrdə 1-ci yer üzrə 1000 manat, ikinci yer üzrə 800 manat, 3-cü yer üzrə isə 500 manat pul mükafatları verilirdi. Kütləvi tədbirlərdə nazirlər, icra başçıları, deputatlar və jurnalistlər iştirak edirdi. İştirak edənlərin siyahısını isə bizim işçilər tərtib edirdi. Bundan əlavə, tədbirlərə televiziya çəkilişləri üçün əməkdaşlar da dəvət edilirdi. Hər tədbirdə təkcə AZTV-dən 15 işçi olurdu.

Tədbir keçirilən restoranlarda stolların qiymətinin 60 manatdan yuxarı olmaması barədə məlumatımız olmayıb. Bizə bununla bağlı irad bildirilməyib.

Məsələn, “Xəmsə” restoranında keçirilən tədbirlərdən birində müəyyən olunan vəsaitdən 6 min 100 manat artıq qaldı. Həmin məbləğ tədbirdən sonra büdcəyə qaytarıldı".

Prosesin davamında V. Səfərli bank hesabında olan məbləğlə bağlı prokurorun suallarını cavablandırıb. Təqsirləndirilən şəxs deyib ki, həmin vəsaiti o devalvasiya vaxtı əldə edib: "Ölkədə devalvasiya vaxtı mənim bankda vəsaitim olub. Həmin vəsaiti dollar bahalaşmazdan əvvəl bankdan çıxardım, dollara çevirib yenidən banka yatırdım və bu prosesdə yaxşı qazandım. Pulu bir müddət dollar kimi bankda saxlayandan sonra faiz az olduğu üçün çıxardım. Manat sabitləşəndən sonra həmin məbləği manatla yenidən banka qoydum. Müstəntiq isə bunu yeyinti kimi qeyd edib”.

Tenderin keçirilməsi qaydaları ilə bağlı epizoda münasibət bildirən V. Səfərli qeyd edib ki, tender qanunvericiliyə uyğun aparılıb: "Vəsaitlərə Müşahidə Şurası nəzarət edirdi. Vəsaitin ödənilməsini Maliyyə Nazirliyi həyata keçirirdi. Maliyyə Nazirliyi həmişə bizim smeta xərclərimizi normal qiymətləndirirdi. KİVDF-yə vəsatət xərclər smetasına əsasən ayrılırdı. Xərclər smetasına qəzetlərə ayrılan vəsaitlərlə yanaşı, icarə müqaviləsi də daxil idi. Həmin vəsaitdən başqa bizə bir qəpik də pul ayrılmırdı. İl başa çatanda mən Müşahidə Şurası qarşısında hesabat verirdim. Müşahidə Şurası hesabatı təsdiqləyəndən sonra sənədlər Maliyyə və İqtisadiyyat nazirliklərinə göndərilirdi. Müşahidə Şurası hesabatı dinləyib qeydlər aparıb müzakirəyə çıxarırdı, sonra səsə qoyub qiymət verirdi.

Beynəlxalq Mətbuat Mərkəzinin binasında bizdən başqa da dövlət qurumları yerləşirdi. Həmin qurumlar nə qədər icarə verirdi, ondan xəbərim yoxdur”.

Jurnalistlərə hədiyyələrə verilməsi ilə bağlı V. Səfərli bildirib ki, hədiyyə verdikləri şəxslərə qol çəkdirə bilməzdilər: “Hədiyyə sahibinə necə deyək ki, sənə bu qədər qiyməti olan hədiyyə veririk, bura qol çək".

Tikinti məsələlərindəki israfçılıq məsələsinə gəlincə Vüqar Səfərli bildirib ki, bu prosesə o nəzarət etməyib: "Mən yalnız iş başa çatandan sonra gedib baxırdım. Mən tikintiyə istəsəm də, nəzarət edə bilməzdim. Çünki buna nəzarət edənlər var idi”.

Daha sonra təqsirləndirilən şəxs qismində KİVDF-nin mühasibi Təhminə Yaqubova ifadə verib. O, bildirib ki, 2011-ci ildən fondda işləyib: "Mən orada yalnız xərclər smetası çərçivəsində işləmişəm. Maliyyə Nazirliyi smetanı təsdiqləyəndən sonra həmin smeta əsasında işləmişəm. Heç bir halda mənə irad tutulmayıb. Mən baş mühasib olmuşam, tədbirlərə hamıdan gec gəlmişəm. Mən orada qonaqlar saymamışam. Əlimdə sənədlər olub, həmin sənədlərlə ödənişimi etmişəm. İstintaq isə məni mənimsəmədə təqsirləndirilir. Mən Müşahidə Şurasının qərarları əsasında ödənişlər etmişəm. Bəlkə də mənim xərclərə müdaxilə etmək ixtiyarım var idi, amma müdaxilə etmirdim, çünki binanın yerinə görə icarə haqqının normal olduğunu hesab edirdim. İstintaqda məndən Əli Həsənov barədə soruşurdular, mən Əli müəllimi tanımamışam, sadəcə uzaqdan-uzağa görmüşəm. Mən işimi icra edib əmək haqqımı almışam. İstintaq mənim KİVDF-nin işçiləri ilə əlbir olduğumu göstərir, mən heç təqsirləndirilən şəxslərin əksəriyyətini tanımıram. Mal-materiallara gəlincə, mən o prosesdə də sənədlər üzrə xərclər köçürmüşəm".

Prosesdə prokuror T. Yaqubovanın əksər epizodlarla bağlı eyni məzmunlu ifadə verməsinə etiraz edib: "Siz baş mühasib işləmisiniz, hüquq və səlahiyyətləriniz nə olub bilmirsiz? Hər dəqiqə deyirsiz ki, mən öz işimi görmüşəm. Sizin işiniz nə olub?"

Təqsirləndirilən şəxs prokurorun etirazına da eyni cür cavab verib.

Proses oktyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb

# 2100
avatar

Oxşar yazılar