Ucarda Vətən müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Allahverdi Ələkbərovun anım mərasimi keçirilib.
APA TV xəbər verir ki, mərasim şəhidin dəfn olunduğu şəhidlər xiyabanından başlayıb. Şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, rayon rəhbərliyi şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar. Daha sonra şəhidin evində ehsan verilib.
Şəhidin anası Aybəniz Ələkbərova deyir ki, oğlum hələ uşaqlıqda vətənə bağlı bir uşaq olub: “Hərbi xidmətdən qayıtdıqdan sonra hərbiçi olmağa qərar verdi. Mən etirazımı bildirəndə dedi ki, torpaqlarımız düşmən tapdağı altındadır. Mən istəmirəm ki, övladlarımız əziyyət çəksin. Onların azad yaşamaqlarını istəyirəm. Bu səbəbdən də hərbiçi oldu və döyüşlərdə qəhrəmanlıq göstərdi. Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralandı. Noyabr ayının 10-da qələbə tortu yedikdən sonra vəfat etdi”.
Allahverdinin həyat yoldaşı Aydan Ələkbərova deyir ki, o, torpağa bağlı insan olub: “Həmişə deyirdi ki, birinci vətəndir, sora siz. Məndə onu, hətta vətənə belə qısqanırdım. Son danışığımız şəhid olmamışdan bir saat əvvəl oldu. Sonra xəbər gəldi ki, Allahverdi şəhidlik zirvəsinə yüksəlib”.
Şəhidin qızı da atası ilə fəxr etdiyini deyir: “Atamın dediyi kimi mən böyüyəndə həkim olacam”.
Qeyd edək ki, Allahverdi Ələkbərov 1987-ci ildə Ucar rayonunda anadan olub. O, 1994-2005-ci illərdə Ucar şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2015-ci ildə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində gizir kimi təkmilləşdirmə kursunu keçərək xidmətə başlayıb. 2017-ci ildə müvafiq kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı gizir vəzifəsində xidmət edib. Vətən müharibəsi başlayan ilk gündən Suqovuşanın, Fizulinin və Hadrutun işğaldan azad olunmasında iştirak edib, döyüşlərdə öz qətiyyəti və qəhrəmanlığı ilə fərqlənib.
Allahverdi Ələkbərov Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə yaralı döyüş yoldaşını xilas etmək istəyərkən düşmən tərəfindən snayperlə vurulub və ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq qələbədən sonra, Noyabrın 11-də Mingəçevir Şəhər Hərbi Hospitalında vəfat edib.
Şəhid gizir Allahverdi Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.