İspaniyanın Toledo əyalətində iki yüksəksürətli sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayının 50-yə çatdığı bildirilir.
Lent.az xəbər verir ki, bu barədə İspaniyanın “Antena 3” telekanalı məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində daha 179 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
“El País” qəzetinin məlumatına əsasən, toqquşan iki qatarda azı 544 sərnişin olub. “Renfe” dəmir yolu operatoruna məxsus yüksəksürətli qatarda 397 nəfər, “Iryo” şirkətinin qatarında isə 147 sərnişin və bir körpə olub.
Kastiliya-La-Mança muxtar icması hökumətinin sözçüsü Ester Padilya ölənlərin sayının daha da arta biləcəyini istisna etməyib.
Hadisə yerinə üç tibbi helikopter, təcili yardım briqadaları və xilasedicilər göndərilib.
***
13:49
İspaniyada Madrid–Sevilya yüksəksürətli dəmir yolu xəttində iki sərnişin qatarı toqquşub.
Lent.az xəbər verir ki, bu barədə İspaniyanın “El País” nəşri məlumat yayıb.
İlkin məlumatlara görə, qəza nəticəsində 39 nəfər ölüb.
Hadisə yerli vaxtla saat 09:00-da Toledo əyalətinin Mora, Orqas və Urda şəhərləri arasında baş verib. Qəzada “Renfe AVE” və “Iryo” şirkətlərinə məxsus yüksəksürətli qatarlar toqquşub.
İspaniya Nəqliyyat Nazirliyinin ilkin ehtimalına əsasən, “Renfe” qatarı “Iryo” qatarının son vaqonlarına çırpılıb. Nəticədə iki vaqon relsdən çıxaraq dəmir yolu bəndindən aşağı düşüb.
Hadisədən sonra Madrid–Andalusiya yüksəksürətli dəmir yolu xəttinin müvafiq hissəsində hərəkət dayandırılıb. Qəza yerinə hər iki dəmir yolu operatorunun nümayəndələri və təcili tibbi yardım briqadaları göndərilib.
Qatarın son vaqonlarından birində olan sərnişinlərdən biri bildirib ki, yola düşdükdən təxminən 40 dəqiqə sonra güclü zərbə hiss edib.
Ölü sayının artacağı istisna olunmur.

