“Bu gün inthar edən kişilərin sayı qadınlardan çoxdur. Amma qadınların intiharının birinci səbəbi məişət zorakılığıdır”.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Baş Prokuror yanında İntihar Komissiyasının üzvüdür: “Uşaqların da intiharına səbəb daha çox ata-ananın davasıdır. Digər tərəfdən, uşaqlara qarşı cinsi istismar var. Bu hallar Azərbaycanda da baş verir. Bununla bağlı cəzalar sərtləşdirilməlidir, bunu edənlər axtalanmalıdır”.
Deputat erkən nikah probleminə də diqqət çəkib: “Mənim təmsil olunduğum Şamaxı rayonunda da bu problem var. Şamaxının Şıxbaba kəndində 9-cu sinifdə demək olar qız uşaqları yoxdur. Biz gedib az qala yalvarırıq ki, qız məktəbə gəlmir, heç olmasa buraxılış imtahanı versin, nə atası qoyur, nə qardaşı. Qonşuda bir-birinə baxırlar, qardaş deyir, onun bacısı məktəbə getmir, mənimki də getməsin”.