Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir -  "Zəng etməkdən bezmişik"
20 oktyabr 2026 15:32 (UTC +04:00)

Nizamidə 12 gündür hündürmərtəbəli binanın lifti işləmir - "Zəng etməkdən bezmişik"

0

Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 76 ünvanında doqquzmərtəbəli binada yaşayan sakinlər liftin tez-tez sıradan çıxmasından şikayətçidirlər.

Lent.az-a müraciət edən bina sakini bildirib ki, köhnə lift demək olar, hər həftə xarab olur. Onun sözlərinə görə, artıq 12 gündür lift işləmir və bu vəziyyət yuxarı mərtəbələrdə yaşayan sakinlərə ciddi çətinlik yaradır.

Şikayətçi deyir ki, Nizami rayonunun lift təmirinə cavabdeh qurumuna dəfələrlə müraciət etsə də, problem davamlı həllini tapmayıb:

“Zəng etməkdən bezmişəm. Hər dəfə müxtəlif səbəblər gətirirlər. Gah maaşlarının ödənilmədiyini, gah da lifti düzəltməyin sərf etmədiyini deyirlər. Hansısa qonşunun aylıq ödəniş etməməsinə və ya işçilərin maaşlarının verilməməsinə görə biz niyə əziyyət çəkməliyik?

Özüm evdən işləyirəm. Uşaqları məktəbə və bağçaya aparıb-gətirmək üçün gün ərzində altı dəfə pilləkənlə qalxıb-enirəm. Fiziki cəhətdən çox əziyyət çəkirəm. Binanın yuxarı mərtəbələrində yaşlı insanlar da yaşayır. Bəzən çörək almaq üçün belə uşaqları evdə qoyub düşməli oluram. Mən olmayanda onlara nə isə olsa, buna kim cavab verəcək?”.

Sakin lift ustasının müraciətlərə münasibətindən də narazılığını ifadə edib. Onun iddiasına görə, liftdə qaldığını bildirəndə usta “Qalmısan, qalmısan da, mən nə edim?” cavabını verərək telefonu söndürüb. Şikayətçi belə münasibətlə bir neçə dəfə üzləşdiyini deyib.

Şikayətçi qeyd edib ki, həyat yoldaşı problemin həlli üçün rayonun lift idarəsinə gedəndə qurumun rəhbəri onun üstünə qışqıraraq otaqdan çıxarıb.

Ailə bundan sonra Bakı şəhərində lift təsərrüfatına cavabdeh quruma yazılı şikayət ərizəsi təqdim edib.

Məsələ ilə bağlı “Lifttəmir” İstehsalat Birliyi ilə əlaqə saxladıq.

İdarədən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, liftin detalı xarab olub:

“Detalı alıb, bərpa etmək lazımdır, lakin bina sakinlərindən lift üçün ödəniş almağa getdikdə, onlar pulu verməkdən imtina edirlər. Buna görə də lifti təmir edə bilmirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar