Sosial şəbəkələrdə Bərdə rayon Lənbəran kənd tam orta məktəbində dərsə davamiyyətlə bağlı yayılan görüntülər araşdırılıb.
Bu barədə Lent.az-ın sorğusuna Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
Qarabağ Regional Təhsil İdarəsi tərəfindən aparılan ilkin araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən gün 11-ci sinif şagirdləri 6-cı saatda fizika fənn müəllimi Hümbətov Qasım Ramiz oğlunun icazəsi ilə evə buraxılıblar:
"Bu səbəbdən həmin dərs saatlarında şagirdlərin iştirakı qeydə alınmayıb. Məsələ ilə bağlı məktəb rəhbərliyi tərəfindən valideynlərlə söhbət aparılıb, aidiyyəti qrumlara müraciət edilib. Hazırda məktəbdə tədris prosesi gündəlik əsasda monitorinq olunur, əlavə nəzarət tədbirləri gücləndirilib.
Eyni zamanda, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində “Təhsilverənlərin etik davranış qaydaları”nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb".