Təmirə ehtiyacı olan daha bir məktəb - VİDEO
08 yanvar 2022 19:19 (UTC +04:00)

Təmirə ehtiyacı olan daha bir məktəb - VİDEO

Ucar uşaq incəsənət məktəbinin binası yararsız vəziyyətdədir.

Lent.az-ın APA TV-yə istinadən məlumatına görə, 1989-cu ildə istismara verilmiş məktəb bu günə kimi əsaslı təmir olunmayıb. Ümumi sahəsi 1 523, həyətyanı sahəsi 2 675 kvadratmetr olan məktəb 300 yerlik zaldan və 36 sinif otağından ibarətdir.

89 müəllimin çalışdığı və 304 şagirdin təhsil aldığı məktəbdə istilik sistemi olmadığından məcburiyyət qarşısında qalan şagird və müəllimlər sinif otaqlarında palto ilə oturmalı olurlar. Əksər otaqların döşəmələri sıradan çıxıb, qapılar yararsız haldadır. 

Məktəbin direktoru Könül Kərimova deyir ki, məktəb istismara verilən vaxt məktəbin hər bir şəraiti olub. Ancaq hazırda qazanxana və elektrik naqilləri istismar müddətini başa vurduğundan sıradan çıxıb. Buna görə də indi otaqlar xüsusi qızdırıcılar vasitəsi ilə isidilir. Onun sözlərinə görə, 28 il məcburi köçkünlərin məktəbdə yaşaması təhsil ocağının daha da bərbad vəziyyətə düşməsinə səbəb olub.

Könül Kərimova yaranmış vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verdiyini bildirdi. Ağdaş Regional Mədəniyyət idarəsindən isə bildirildi ki, bu il məktəbin əsaslı təmir olunması planlaşdırılır.

Ucar uşaq incəsənət məktəbinə şagirdlər müsahibə yolu ilə seçilirlər. Onlar 5 - fortepiano, tar, qarmon, nağara və xanəndə ixtisasları üzrə təhsil alırlar.

# 1662
avatar

Oxşar yazılar