Sosial şəbəkə “ulduzcuqlar”ı  - Fenomen, ya cinayətkar?
25 noyabr 2024 15:10 (UTC +04:00)

Sosial şəbəkə “ulduzcuqlar”ı - Fenomen, ya cinayətkar?

“Sosial şəbəkə icad edənin evi yıxılsın”. Bu ifadəni yəqin son  bir neçə ildə gündə ən azı bir dəfə eşidirik. Alqış edənlər də var bəlkə, amma icad edənin evini xaraba görmək istəyənlərin həddi-hesabı yoxdur. Hərə bir yolla başını saxlayır. Daha nə dələduzluq, nə fırıldaqçılıq törədilmir bu sosial şəbəkələrdə? Elə qeyri adi fırıldaqçılıqlar olur ki, ayıq-sayıq adamlar da tələyə düşür, zərərçəkmişə çevrilirlər.

Biri başqalarına iş imkanları təklif edir, biri yalançı vədlər verir ki, səni ulduz edəcəm, biri sevgili tapır, sonra o sevgili ilə intim yazışmaları, şəkilləri nümayiş etdirəcəyi ilə hədələyib pullar qazanır. Qurbanlar isə abırları getməsin deyə qarşısındakı şəxsin dediyi ilə razılaşmağa məcbur olur.  

Məşhur tiktoker Aybəniz Xəlilovanın soyub soğana çevirdiyi kişi kimi.

Deməli, bu tiktoker xanım şantaj etdiyi şəxslə 17 ay münasibətdə olub. 

Zərərçəkmişin sözlərinə görə, onların münasibətinin 2 ayı tamam olandan sonra Aybəniz Xəlilova qarşı tərəfi şantaj edərək hədə-qorxu ilə pul tələb etməyə başlayıb. Bu pulun məbləği 830 min manatdan artıqdır. Sevgili olduğu şəxs  Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Bizim cəmiyyətin təfəkküründə bir xəstə nöqtə var. Deməli, bir nəfər məşhurdursa, (Fərqi yoxdur fahişəliyi ilə məşhurdur, yoxsa hansısa faydalı ictimai fəaliyyəti ilə. Hərçənd faydalı iş görənlər o qədər də üzdə deyillər) deməli o önəmli adamdır, o nə eləsə yeridir, ona hər şeyə icazə verilir. Bəh-bəh, dəliyə yer ver, əlinə bel ver, o da bildiyini eləsin.

Bu günlərdə küçədə belə məşhurcuqlardan biri qarşıma çıxdı. Burun deşiklərini örtən  şişirdilmiş yekə dodaqlarından yağ axıda-axıda, marçıldadaraq yemək yeməyi ilə məşhurdur. Gedib kafe restoranlarda sülənir, bir qarın yeməyə reklam işləri görür guya. Həmin o xanım qolundan sallaşdığı oğlanla öpüşə-qucaqlaşa dar səkidə mənə doğru gəlirlər. Çəkilməyə çalışsam da, toqquşduq.

“Ehtiyatlı ol” deməyimə bir çəmkirəsən ki: “Mən öpüşürəm, sən hara baxırdın? Bu camaat ulduz filan qanmır da” deyib qazlana-qazlana girdi  kafeyə.
Məşhurluq insana bəyəm bu haqqı verir? Səhifəsində izləyici sayı çox olan az qalır özünü partiya rəhbəri elan eləsin. Ağzına gələni danışır, ağlına gələni edir. 

İzləyicisi çox olan bu kütlədən şantaj aləti kimi istifadə eləməyə qalxarsa hüquq mühafizə orqanları əlbəttə önə keçməlidir. Qanun hamı üçün qanundur və bu ölkədə qanunun aliliyi prinsipi əsas götürülüb. Şantajçı çinsindən irqindən, millətindən, siyasi ideologiyasından asılı olmayaraq cinayətkar sayılır. Cəzasını almalıdır, alıb. Buna sevinirik. Hər kəs bu mühitdə qurbana, zərərçəkmişə çevrilə bilər. Süni intellekt elə bir həddə gəlib çatıb ki, indi olmayanları olan kimi qəbul eləmək çox asandır.

Sadə insanlar isə, məşhurluq tacını kimin başına qoyduqlarına diqqət etməlidirlər. Sosial şəbəkə cinayətkar düşüncəli insanların əlində olarsa qorxulu silaha, yaxşıların əlində olarsa faydalı alətə çevriləcək.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar