"Siracla Məhərrəmin mənə tanış hissləri..." - Mirmehdi Ağaoğlu yazır
05 iyun 2021 22:23 (UTC +04:00)

"Siracla Məhərrəmin mənə tanış hissləri..." - Mirmehdi Ağaoğlu yazır

Dünəndən Siracla Məhərrəm ağlımdan çıxmır. Ruhlarına hörmətsizlik kimi düşünülməsin, elə bilirəm onlarla bərabər mən də ölmüşəm (ya da ölə bilərdim hissi məni tərk etmir). Çünki onların ölüm anına qədər dəfələrlə yaşadıqları mina təhlükələrini Qarabağ səfərləri zamanı mən də yaşamışdım. Onların da bütün günü eyni hisslərlə o torpaqlarda dolaşdıqlarından əminəm. Yəni Siracla Məhərrəm belə bir ehtimalın ola biləcəyini ağıllarının bir tərəfi ilə hər an düşünürdülər.

Bu hiss o qədər dərin olur ki, işğaldan azad olunmuş torpaqlardan çıxandan sonra da səni bir müddət tərk etmir. Yadımdadı. Birinci dəfə Qarabağda çəkiliş edib qayıdanda Beyləqanda meyvə piştaxtalarının qabağında saxladıq ki, nəsə alaq. Qapını açıb maşından düşəndə ayağımı elə ehtiyatla yerə basdım ki, elə bil döyüş zonasında idim. Birdən beynimə dank elədi ki, neynirsən? Beyləqandasan. Qorxaqlığıma görə özüm-özümdən utandım. Amma bunun adı qorxaqlıq deyildi. Bütün insanlarda olan özünü müdafiə instinkti idi. Birinci dəfəki səfər zamanı işğaldan azad olunmuş əraziləri gəzdiyimiz üç gün boyunca bütün çəkiliş heyəti ilə birlikdə hər dəfə maşından düşəndə ayağımızı eyni ehtiyatla atır, ayaqyalın şüşə qırıntıları üstündə gəzirmiş kimi, asta-asta, ehmalla yeriyirdik. Maşınımız asfalt yoldan çıxıb hansısa kəndə burulanda səsli də olmasa ürəyimizdə dualar oxuyurduq. Bəzən qorxumuzu gizləmək üçün zarafatlaşırdıq, amma bir gözümüz həmişə sinsicə yolda, o biri də şoferin sükandan tutan əlində olardı. Birdən bizdən əvvəl o yolla getmiş maşının palçıqda saldığı təkər izlərindən çıxarıq deyə. 

Siracla Məhərrəm də bu hissləri dəfələrlə yaşamışdılar. Sağ olub bu cümlələri oxusaydılar mənə haqq verərdilər.

Təzə-təz işğaldan azad olunmuş torpaqlara gedəndə bir çox dostum yüngül desəm qibtə ilə yanaşırdı, elə bilirdilər ki, biz işğaldan azad olunmuş torpaqlarda yalnız şəkil çəkdirməklə məşğuluq. Dağılmış  ocaqlara, yurd yerlərinə, kol-kos, ağac basmış ev yerlərinə, həyət bacalara baxdıqca ürəyimiz ağrımır. Məhv olmuş tarixi abidələri, içində heyvan saxlanılan ibadət yerlərini gördükcə üzülmürük. Halbuki elə deyildi. Üstəlik bununla yanaşı bir də mina qorxusu var idi. Gedib gördüyümüz o yerlərdəki çəkilişləri biz mina qorxusu ilə ərsəyə gətirmişdik. Elə bilirdik ayağımızı atacağımız növbəti addım sonuncu olacaq. Amma bununla belə nəsə daxili bir hiss bizi irəli itələyirdi.

Füzulinin Qarğabazar kəndinə qədər gəlib XVI əsrə aid Şah Abbas karvansarasını çəkmişkən yuxarısındakı təpəyə qalxıb oradakı tarixi abidəni görmədən geri qayıtmaq olardımı? Əlbəttə yox! Bizə işdən ehtiyatlı olun! desələr də, arxada ailəmizi qoyub gəlsək də nəsə içimizdəki bir hiss deyirdi ki, gedin, yuxarı qalxın, o tikilini çəkin, görün nədir. Ona görə də bizi müşayət edən polisdən xahiş edirdik ki, sən qabağımızca qalx, biz də arxanca gələk. Guya yüksək ehtiyat nümayiş etdirirdik, yalnız polisin yumşaq torpaqda saldığı ləpirinin üzərinə ayağımızı qoyurduq, guya bizdən yarımca metr irəlidə olan polis Allah eləməmiş partlasaydı, bizə heç nə olmayacaqdı.

Eyni maraq və qorxu hissləri ilə, sanki rus ruleti oynaya – oynaya Füzulinin  Qarğabazar kəndində Sərdar Bünyadovun ağacların arasında gizlənmiş abidəsini tapmışdıq, şəhərin özündə Füzulinin dağılmış heykəlini ilk dəfə görüntüləmişdik.

Tuğun yuxarısında, dağın döşündə saxlanmış qədim alban kilsəsini uzaqdan görüb, nə tikilidir deyə heç kəs yox, fotoqrafımız İlkinlə ikimiz canhövüllü qalxıb taxta qapısını açarkən də eyni narahatlığı yaşamışdım. Qorxmuşdum ki, birdən ermənilər qapıya “tələ” bombası qoyarlar. Başı çıxan adamlar kimi əvvəl qapının aralığından baxmışdım ki, ip-zad keçirmi-keçmirmi, guya “tələ” bomba qoymağın tək yolu budur. Sonra da kilsənin lap içinə keçməyə ürək etməmişdim, kandardanca boylanıb qayıtmışdım. Amma sonra çəkiliş edib sağ-salamat dağdan enəndə də içimi böyük bir fərəh hissi bürümüşdü ki, nə yaxşı o kilsəni heç kəs görüb, gedib çəkmədi, yalnız mən getdim və çəkdim.

O zaman adam yəqin ki, rus ruletindən sağ çıxan oyunçunun yaşantılarının eynisini yaşayır. Nə bilim, rus ruleti oynamamışam, amma mina təhlükəsi olan yerlərdən az da olsa keçmişəm.

 

Bəlkə də böyük şey deyil, amma o an mənim üçün bu çox əhəmiyyətli  idi, çəkmək və hamıya göstərmək. İçimdə, canımda və ən əsası da ayaqlarımda mina qorxusu olsa da. Ayaqların mina qorxusu bilirsinizmi nədir? Key kimi olub kilidlənirlər, irəli getmək istəmirlər. İşdir minaya düşərsə, adam birinci ayağının yox olacağından qorxur, başqa bədən üzvlərini fikirləşmir.

 

Nə isə. Əminəm ki, Sirac da, Məhərrəm də bu hisslərlə yaşadılar, bu hisslərlə də şəhid oldular: həm içlərində mina qorxusu, həm də o gözəlim yerləri çəkib göstərmək şövqü ilə.

Ruhları şad olsun. Allah ailələrinə səbr versin, övladlarına uzun və firavan ömür bəxş etsin.

P.S. Bayaq yuxarıda bəhs etdiyim kilsənin videosunu da paylaşıram. Marağınızı çəksə baxarsız.

 

 

 

# 7071
avatar

Mirmehdi Ağaoğlu

Oxşar yazılar