ŞƏHİDLƏR  - Cənnət yolçuları!
27 sentyabr 2021 11:25 (UTC +04:00)

ŞƏHİDLƏR - Cənnət yolçuları!

“Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbiçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”. – Azərbaycan Prezidenti İlham Əliyev         

Otuz ilə yaxın davam edən Qarabağ münaqişəsinin tərəflərinə və bu ölkələrin qazandıqlarına və ya itirdiklərinə nəzər salsaq, məsələni Azərbaycanın yalnız müharibədə qalib bir gələn tərəfi   kimi yorumlasaq , bu şərhlə bütün prosesi səhv təhlil etmiş olardıq.  Çünki, Azərbaycan tək bir müharibədə qalib gəlmədi, eyni zamanda "milli kimliyini vurğuladı, özünə inam qazandı" və ən əsası, son otuz ildə Ermənistana qarşı yaşadığı bütün rüsvayçılıqlardan xilas olaraq yenidən doğuldu. Bir növ "Qurtuluş Savaşı" qazandı və bununla da ölkə tarixinin gedişatını hər mənada dəyişməklə yanaşı, ölkənin daxili cəbhəsini , yəni Azərbaycan xalqını "bir yumruğ"a çevirdi. Bundan başqa, yeni vəziyyətdə "özünə inam partlaması" yaşamış Azərbaycanın zehninin bu nöqtəyə necə gəldiyini yaxşı bildiyini söyləmək mümkündür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edirdi və xalqımızın  buna tam haqqı çatırdı. Dünyanın heç bir dövləti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımırdı. Dağlıq Qarabağ , bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu  belə hesab olunurdu. Süni problem olaraq ortalığa atılan  "Qarabağ problemi" Azərbaycan baxımından  öz torpaqlarına yönəlmiş  bir  işğal məsələsi idi. Azərbaycan üçün ərazi bütövlüyü həmişə  böyük əhəmiyyət kəsb edib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsini təşkil edir və buna görə də Azərbaycanın əsas məqsədi ərazi bütövlüyünü bərpa etmək idi. Azərbaycan iqtisadi gücünə görə də Ermənistandan xeyli qabaqda idi və hal- hazırda da belədir. Artan gəlirlər hesabına  müdafiə sənayesinə ayrılan büdcənin durmadan yüksəliş göstərməsi ordunun gücləndirilməsi baxımından əhəmiyyətli üstünlük idi. Uzun müddət idi ki, Azərbaycanın hərbi gücdən istifadə edərək öz torpaqlarını xilas edə biləcəyi fikri mütəxəssislər tərəfindən səsləndirilirdi.

      27 Sentyabr 2020- ci ildə başlayan hərbi əməliyyat, bu istiqamətdə fikirləri  qəti şəkildə təsdiqlədi. Ermənistanın aldığı diplomatik dəstək sayəsində illərlə davam edən işğal siyasəti fasiləsiz davam etmişdi. Həmişə olduğu kimi, Ermənistan bu dəfə də böyük dövlətləri müharibəyə daxil etmək  və arxasına diplomatik dəstək almaqla, problemi “həll etmək” istədi, dəfələrlə  atəşkəs rejimini  pozmaqla, KTMT -ni (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) bölgəyə cəlb etmək və Azərbaycan rəhbərliyini meydanda tək qoymağa çalışsa da buna nail ola bilmədi. Tərəfləri atəşkəsə və razılığa çağıran KTMT  Azərbaycanın qarşısını almaq üçün heç bir tədbir görmədi. Bundan başqa, Ermənistanın Azərbaycana qarşı psixoloji müharibə strategiyası da uğursuz oldu. İllərdir Rusiyanın arxasında gizlənən Ermənistan, Rusiya bitərəf qalanda çarəsiz vəziyyətə düşdü. İkinci Qarabağ  müharibəsi  Ermənistanın heç vaxt əl çəkmək istəmədiyi işğal siyasətinə son qoydu və onu yeni yaranmış diplomatik və hərbi vəziyyəti qəbul etməyə məcbur etdi.

       Lakin, təəssüflər olsun ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir.

    Azərbaycan hər zaman mübariz oğul və qızlarının əzmini  yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

         Bu gün bütün azərbaycanlılar ömürlük unudulmayacaq şəhidlərini anır.

         2020- ci il noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan qaziləri ziyarəti zamanı onlara dediyi sözlər onun xalqımızın qəhrəmanlarına olan dərin hörmətin, ehtiramın  daha  bir bariz nümunələrindən idi: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

         Tarixi hadisələrin aktyorları bu hadisələrdə iz qoymuş qəhrəmanlardır.

         Hər hadisənin öz qəhrəmanları var. Tarixi hadisələr qəhrəmanları xatırladır, qəhrəmanlar da  tarixi hadisələri xatırladır. Xocalı faciəsinin Əlif Hacıyevi, Aqil Quliyevi, Tofiq Hüseynovu,  Canpolad Rzayevi, Hikmət Nəzərlini, xalqımızın qəhrəmanlıq salnaməsi “ Aprel döyüşləri” nin Murad Mirzəyevi, Samid İmanovu, Qabil Orucəliyevi , Vüqar Yusifovu, Urfan Vəlizadəni ,  Təbriz Musazadəni,

“ Tovuz döyüşləri” nin Polad Həşimovu, İlqar Mirzəyevi, Rəşad Mahmudovu, Xəyyam Daşdəmirovu, Elşad Məmmədovu, Anar Novruzovu, Namiq Əhmədovu,   İkinci Qarabağ müharibəsinin Xudayar Yusifzadəni, Cəbrayıl Dövlətzadəni, Muxtar Qasımlını, Elcan Məmmədovu, Rəşad Babayevi, Elmar Əhmədovu, Ruhin Xəlilovu, Elmir Nəcəfovu, İzzət Həmidovu və belə minlərlə qəhrəmanlarımızı xatırlatması kimi...

      Dünyada ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, onun qoynunda doğulduğun, havasını aldığın, suyunu içdiyin, torpağının müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır.

       Bəs Vətən nədir? Vətən; Bir millətin yaşadığı torpaq sahəsinə verilən addır. Ancaq, vətənin yalnız bir torpaq parçası olduğunu demək kifayət etmir. Çünki vətən sanki, insanı  şəfqətlə dolu qolları ilə bağrına basan  ana qucağıdır. Lüğətlərdə "məskunlaşmaq, ev tikmək, bir şeyə alışmaq" mənasını verən vatn sözündən  əmələ gələn  Vətən, klassik lüğətlərdə "bir insanın doğulduğu, məskunlaşdığı, sığındığı və yaşadığı yer" deməkdir. Ərəb dilində beled və dar, türkcədə yurd, ölkə, il və ev sözləri "vətən" mənasında işlənir.

     Qurani- Kərimdə bəzi ayələrdə "axirət yurdu", "dünya, ölkə, vətən yurdu" mənalarında, bəzi ayələrdə də haqsız yerə evlərindən qovulan və ya qovulmağa layiq olanlardan bəhs edərkən, keçmiş tayfaların törətdikləri pisliklərə görə ölkələri böyük fəlakətlərə məruz qalarkən 'diyar' kəliməsi işlənilmişdi. 

     Vətənlə bağlı öz hisslərimi belə ifadə edərdim: Vətən, əvvəlcə doğulduğumuz məkandan, boy atdığımız evdən, uşaqikən oynadığımız, qaçarkən yıxıldığımız, yıxılarkən  dizlərimizin, dirsəklərimizin  sıyrıldığı  məhəllədən, küçədən, döngədən ibarət olur və oralardan  başlayır “ vətən”i yavaş- yavaş hiss etmək. Sonra ,Vətən ibtidai sinifə qədəm qoyduğumuz məktəbimizdən, min bir arzularla daxil olduğumuz ali təhsil ocağımızdan, vətən dənizində, çaylarında, göllərində oynadığımız, çiçəklərini dərib başımıza  tac etdiyimiz, bulaqlarında su içdiyimiz, ağaclarının altında kölgələndiyimiz, ağaclarının  budaqlarından yelləncək salladığımız dağlarından, meşələrindən, düzlərindən  başlanır. Vətən ən gözəl xəyallarımızı həyata keçirmək istədiyimiz məkandan başlanır. Bəli, vətən körpə ikən evimiz, böyüdükcə küçəmiz, kəndimiz, şəhərimiz, hara getsək də qayıdıb azad, hür hiss etdiyimiz, sığındığımız və ən sonunda lazım gələndə uğrunda öldüyümüz və qoynunda basdırıldığımız o yerdən başlanır...

       Tarixin hansı qəhrəmanlıq  səhifəsinə  nəzər yetirsək  dəyişməyən bir həqiqətin şahidi oluruq. Vətən tarix boyu həmişə müqəddəs sayıldığı üçün uğrunda çoxlu müharibələr aparılmış, çoxlu qanlar tökülmüş və bu üğurda çoxlu canlar qurban verilmişdi. Tarixin qəhrəmanlıq səhifələri gələcək nəsillərə sübut etmişdiki torpaq asanlıqla qazanılmır, ona görə də asanlıqla almaq istəyənlərə çox vacib bir cavab, hətta çox sərt bir cavab var, Türkiyə Cümhuriyyətinin istiqlaliyyətinə yön verən məşhur şair  Məhməd Akif Ərsoyun  dediyi kimi:

Mən əbədi hür yaşadım, hür yaşaram,

Hansı çılğın mənə zəncir vuracaqmış? Şaşaram!

Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram

Yırtaram dağları, ənginlərə sığmam, daşaram

Arkadaş! Yurduma alçaqları uğratma sakın,

Sipər et gövdəni, dursun bu həyasızca axın.

Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın,

      Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın.

 

          Vətən bir millətin evi olduğu müddətcə onun üzərində onun bayrağı dalğalanır. Hər dalğalanan bayraq o vətən sahibinin kim olduğunu göstərir. Bu gün hər köşəsi bizim üçün əziz olan, illərdir həsrəti ilə yanıb-tutuşduğumuz torpaqlarımızda üç rəngli, ay-ulduzlu bayrağımız minlərlə gəncimizin qanı bahasına dalğalanır.

    Azərbaycan Respublikası konstitusiyasının  “Vətəni müdafiə” adlanan 76- cı maddəsinin birinci bəndində qeyd olunur ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur.

     Bu gün  "vətənpərvərlik borcu" ifadəsi nəinki hərbi xidmət üçün, bütün hallar üçün  istifadə olunmalıdır. Çünki, elə Vətənpərvər, ölkəsinin təhlükəsizliyi və mənafeyi üçün bütün riskləri götürən insan deməkdir. Bu gün, bu torpaqlarda nəfəs aldığımız hər an qəhrəmanlarımızı  yad etmək də elə vətən qarşısında bir borcdur.

      Vətəni qorumaq həm milli, həm də dini bir vəzifədir, dinimiz vətənin müdafiəsi uğrunda mübarizəni ibadət hesab edir. Bizə hər zaman və hər yerdə buna hazır olmağı əmr edir. Vətənin müdafiəsinə önəm verən atalarımız bu vəzifə üçün cəbhəyə getməyi, cəbhədə vuruşmağı və bunun sonunda şəhid və ya qazi olmağı şərəfli bir vəzifə hesab edirdilər, necə ki, vətən müharibəsində həlak olan şəhidlərimiz də bu borcu iliklərinə qədər hiss etdilər.

     Vətənin müdafiəsinə qatılaraq dinimizi, bayrağımızı, vətənimizi, şərəfimizi, ləyaqətimizi  qoruyuruq. Bunlar heç vaxt imtina edə bilməyəcəyimiz dəyərlərdir.

     Dinimiz vətənin müdafiəsindən qaçmağı böyük günah hesab edir. Peyğəmbərimiz (s) "Müharibə qızışanda döyüş sahəsindən qaçmağı yeddi günahdan biridir" hesab etmişdir. Dinimizə görə  şəhidlik, bir qəhrəmanın ölümü deyil, ölümün qəhrəmanlığıdır. Şəhidlik Allah qatında çox dəyərlidir; Uca Rəbbimiz şəhidlərə "ölü" deməməyimizi istəyir. Bəqərə surəsinin 154 -cü ayəsində buyurur: "Allah yolunda öldürülənlərə ölü deməyin. Çünki onlar sağdır, amma siz bundan xəbərsizsiniz. ”

    Dinimizə görə şəhidlərə cənnət müjdəsi verilir. Peyğəmbərimiz (s) "şəhidlərin qul haqqı xaric,  bütün günahları bağışlanacaq" müjdəsini vermişdir.

     Türk yazıçılarından Mustafa Ösəlmiş məqalələrindən birində qeyd edirdi: “Torpağa köklənməyən heç nə mövcud ola bilməz, meyvə verə bilməz. Allahın  bizə bildirdiyi kimi şəhidlər ölməz. Onlar Allahın əsgərləridir. Edabil quşları kimi mübarizə aparırlar. Çanaqqalada, Milli Mübarizədə, Koreyada və Kiprdə olduğu kimi düşmənə qorxudarkən, insanlara kömək edirlər. Vinston  Çorcil məhkəmədə məğlubiyyətinin hesabını verərkən: “Türklərlə deyil, Allahla savaşdıq. Niyə başa düşmürsünüz? " , ordunuzda ağ atlı və türbanlı insanlar döyüşürdü." demişdi”.

     Mən məqaləmi Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarından birində  söylədiyi və hər dinlədiyimdə göz yaşlarıma hakim ola bilmədiyim şerlə tamamlayıram:

Gene hangi duayı okudun anne,

vurulduğum yerde güneş açtı

Yine mi ağlıyorsun anne,

cennetime yağmur yağdı

              Cənnət vətənin müqəddəs şəhidləri ruhunuz şad olsun!

Quluzadə Şəlalə Muxtar qızı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, kiçik ədliyyə müşaviri

# 2970
avatar

Oxşar yazılar