Şəhid qızı idi, şəhid xanımı da oldu: “Bilirdim ki, əsir düşməyəcək...” – BİR QƏHRƏMANIN DRAMI
05 fevral 2021 20:15 (UTC +04:00)

Şəhid qızı idi, şəhid xanımı da oldu: “Bilirdim ki, əsir düşməyəcək...” – BİR QƏHRƏMANIN DRAMI

Məmmədov Anar Elşad oğlu. 2 may 1986-cı ildə Sabirabad şəhərində anadan olub. Mirzə Ələkbər Sabir adına 1 saylı orta məktəbə daxil olub. 8-ci sinifdən Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi liseyi başa vurandan sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. Oranı müvəffəqiyyətlə bitirib. Goranboyda, Tərtərdə, Beyləqanda, Füzulidə hərbçi kimi xidmət edib.

 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan anti-terror əməliyyatı - Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda döyüşüb. Yaralansa da, bir gün hospitalda müalicə aldıqdan sonra döyüş meydanına geri dönüb. Oktyabrın 20-də Xocavənd döyüşləri zamanı 26 əsgərini mühasirədən çıxarıb, sona qədər döyüşüb, axırıncı gülləsini özünə sıxaraq, şəhid olub. Sabirabad şəhərində dəfn olunub.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Şəhid qızları

 

Sabirabad şəhəri ilə tanışlığım 90-cı illərin ən çətin dövrlərinə düşür. 1993-cü ildə yaşadığımız rayon işğal olunanda Sabirabad şəhəri bizim sığındığımız ilk yer idi. Ailəmizlə birgə bizi evlərində bir aydan çox saxlayan, qayğımıza qalan sabirabadlı tanışlarımızı, onların qonaqpərvərliklərini bu günə qədər də unutmuram. Bəlkə də bu səbəbdəndir ki, şəhid mayor, əslən Sabirabaddan olan Anar Məmmədovun dəfn mərasimini görəndə kövrəldim, sanki yaxın, doğma bir insanın şəhid olma xəbərinə üzüldüm. Bu yazını yazarkən Anar haqqında araşdırma apararkən isə onun vətənpərvərliyi, əsl kişiyə xas rəşadəti, şərəf və ləyaqətli döyüş yolu və əqidəsinə sadiq qalaraq düşmən əlinə keçmədən sonuncu güllə ilə özünü vurması, Anarın timsalında bütün Azərbaycan oğullarının mərdliyindən, kişiliyindən xəbər verirdi.

 

Şəhidin iki qızının və həyat yoldaşının yaşadığı evə gedərkən öyrənirəm ki, qarşılaşacağım şəhid xanımı həm də birinci Qarabağ müharibəsində - 1992-ci il fevralın 6-da şəhid olan, ailənin tək oğul övladı Heydər Həmidovun qızıdır. Uşaq yaşlarından şəhid qızı adını ləyaqətlə üstündə daşıyan Nəzirə xanım, ikinci Qarabağ müharibəsindən sonra şəhid xanımı adını da daşımalı olur.

 

Söhbətimiz zamanı şəhidin xanımı, anası Sevda xanım, qızları - 8 yaşlı Zeynəb, 4 yaşlı İmamə onlar üçün qürur yerinə çevrilən ər, oğul, ata haqqında danışmaqdan yorulmur. İlk həmsöhbətim isə Anarın həyat yoldaşı Nəzirə xanımdır:

 

- Anar çox savadlı zabit idi. İşi haqqında danışmağı sevmirdi. İlk dəfə mənimlə bu haqda Tovuz hadisələrindən sonra danışdı. Polad Həşimovun ölümü onu çox sarsıtmışdı. Mənə dedi ki, heyf, o cür generalı itirdik.

 

Sevgi

 

Anarla oxuduğum universitetin həyətində tanış olmuşuq. Onu elə ilk dəfə görəndə xoşuma gəldi, qəlbimə yol tapdı. Anarı tanıyan gündən onunla dost oldum. Gözəl insan, ailə başçısı, həyat yoldaşı, ata idi. Çox xoşbəxt ailəmiz vardı. On iki illik ailə həyatımızdan o qədər gözəl xatirələrimiz var ki, bu xatirələr bir ömür boyu bəs edər. Mən bundan sonrakı ömrümü Anarın xatirələri ilə yaşayacağıma və bunun mənə kifayət edəcəyinə əminəm. O, şərəfli zabit idi, əsgərlərini çox sevir, onların qayğısına qalırdı. Anar hansı rayonda xidmət edibsə, mən də onunla birgə orada yaşamışam. Bəzən onun əsgərlərinin məzuniyyətə getmək pulları olmurdu, mənə zəng vurub deyirdi ki, bir adam gələcək, ona pul ver. Görürdüm ki, gələn Anarın əsgəridi. İndi onun haqqında keçmiş zamanda danışmaq mənə çətindir. Ona görə ki, o cür dost, həyat yoldaşı itirmişəm. Amma istəyirəm ki, hamı Anarı və onun kimi oğulları tanısın.

 

Nəzriə xanımın atası Şuşada şəhid olub. Bu səbəbdəndir ki, şəhid qızı ilə ailə quran Anar həmişə ona deyirmiş ki, narahat olma, mən sənə Şuşadan torpaq gətirəcəm.

 

- Anar bu vədi mənə vermişdi. Mən də ona demişdim ki, Şuşa işğaldan azad olunanda mən də toy-bayram edəcəm. Çünki birinci Qarabağ müharibəsi məndən atamı almışdı. İkinci Qarabağ müharibəsi isə həyat yoldaşımı aldı. Həyatımda olan iki dəyərli insan indi yanımda deyillər. Nə qədər çətin, ağır, dözülməz olsa da, həm də qürurvericidir. Bilsəydim ki, Anarla ailə qurandan sonra o, şəhid olacaq, inanın, yenə də tərəddüdsüz onunla ailə qurardım. Biz qısa ömür yaşadıq, amma şərəfli ömür yaşadıq. Anardan mənə yadigar qalan iki qızımızı da inanıram ki, onun adına layiq böyüdəcəm.

 

Arzular...

 

Bayaqdan anasının sözlərinə təmkinlə, böyük iradə ilə qulaq asan, onun göz yaşlarını görən kimi doluxsunan balaca Zeynəb atası haqqında danışmağa cəhd edir:

 

- Atamla olan xatirələrimi danışsam, bunu bir dastana çevirmək olar. O, çox gözəl ata, vətənpərvər insan idi. Dünyanın ən yaxşı atası idi. Bacımı da, məni də çox sevir, vaxtı olduqca bizi gəzməyə aparırdı. Həmişə deyirdi ki, mən sizinlə nəfəs alıram. Biz onunla bütün Azərbaycanı, kinoteatrları, muzeyləri gəzirdik. O, istəyirdi ki, biz hər yeri görüb kəşf edək. Onun bir sözü vardı. Həmişə deyirdi, torpaq su ilə qarışanda palçıq olur, qanla qarışanda isə vətən. Atam hər kəsə təmənnasız kömək etməyi sevirdi. O, indi mənim fəxr edəcəyim insandır. Atamla anam bir-birlərini çox istəyirdilər. O, tez-tez bizə deyirdi ki, mama bu evin günəşidir. Atam istəyirdi ki, mən böyüyəndə hüquqşünas olum. Mən də yaxşı oxuyub, onun bu arzusunu yerinə yetirəcəm.

 

Ana

 

Anarın anası Sevda xanım, oğlunun itkisinə nə qədər yansa da, övladının şəhidlik məqamı ilə qürurlandığını söhbət əsnasında bir neçə dəfə vurğulayır. Hər dəfə oğlunun adı gələndə dərindən köks ötürür, kədərli baxışları onun masanın üzərindəki portretinə boylanır. Sevda xanım evinin böyük uşağı olan Anarın hədindən artıq yaxşı, tərbiyəli övlad olduğunu deyir:

 

- Üç oğlum olub. Anar evimin ən sakit uşağı olub. Səkkizinci sinifdən sonra liseyə getdi. Özünün ən böyük arzusu idi ki, hərbçi olsun. Amma atasının da arzusu idi. Anarın adı gələndə ən çox yadıma onun uşaqlıq və yeniyetməlik illəri düşür. Amma gözümün önünə ən çox onun hərbi liseydə oxuduğu vaxtlar gəlir. Biz tez-tez onun yanına görüşə gedirdik. Həyətdən adlayıb, həmişə biz tərəfə keçirdi. Evdən ayrı düşmüş, qəribçilik yaşayan uşaq idi (kövrəlir). Anar yaxşı, qeyrətli, ailəcanlı, ata-anasını sevən oğul idi. Balalarını hər şeydən çox sevirdi. Amma vətəninə də elə bir o qədər bağlı idi.

 

- Sevda xanım, Anarın vətənpərvərliyi gənclik illərindən özünü büruzə verirdi?

 

- Bizim torpaqlarımız işğal olunanda, o, çox fikir edirdi. Deyirdi, niyə torpaqlarımızı azad edə bilmirik. Uşaq idi, amma Qarabağ tarixi ilə maraqlanırdı. O, ümumiyyətlə uşaqlıqdan çox nümunəvi, yaxşı oxuyan, tərbiyəli idi. Müəllimləri onun xətrini çox istəyirdi. Adətən deyirlər ki, narahat, dəcəl uşaqları valideynləri hərb sahəsinə yönəldir. Amma Anar çox rahat uşaq idi. Hətta o biri oğlanlarımdan da sakit idi. Anarla axırıncı dəfə oktyabrın 16 və 17-də danışdım. Amma ona qədər də tez-tez əlaqə saxlayırdıq. Ayın 19-da isə nə qədər yığdıq, telefonuna zəng çatmadı. Mənim bütün qohumlarım artıq biliblər ki, Anara nəsə olub. Əslində, mən də bilirdim, daha doğrusu, telefonuna zəng çatmayanda ürəyimə damdı. Anayam da... Amma qohumlarım aldadırdı məni. Deyirdilər, döyüşdədi, telefonuna zəng çatmaya bilər. Mənim ağlıma da gəlməzdi ki, Anara nə isə ola bilər. Taleyi, qisməti belə imiş. Vətən uğrunda həlak olmalıymış. İndi Anarı yuxuda da görürəm. Dəfnindən bir neçə gün əvvəl də yuxuda gördüm. İndi yuxuda görəndə yaxşı görürəm. Heç vaxt kədərli olmur.

 

Vida

 

Nəzirə xanım da Anarla sonuncu söhbətlərini xatırlamağa, onunla bağlı son xatirələrini yadına salmağa başlayır.

 

- Anar ailədə çox mülayim idi, amma işində çox sərt idi. Mən inanmıram ki, o cür ailəsini sevən, ailəsinin qayğısına qalan ikinci elə bir insan ola bilər. Mənə qarşı o qədər qayğıkeş idi ki, hərdən elə bilirdim onun övladıyam. Hətta mənə zarafatla deyirdi ki, məni iki yox, üç qızım var. Mən də elə buna öyrəşmişdim. Məni çox qısqanırdı. Hətta bir dəfə saçımı kəsdirib gəlmişdim, saç düzümü də mənə çox yaxşı yaraşırdı. Amma hiss etdim ki, məhz yaraşdığına görə mənə acıqlıdı. O, ailəsi ilə zarafatlaşmağı, çox vaxt keçirməyi sevirdi. Yatanda belə balalarını qucağına alıb yatırdı. Anarın dostu az olsa da, ətrafı geniş idi. Həmişə də deyirdi ki, bizim sənətimiz vəfasız sənətdir. Yəni hərbçilər tez-tez yerlərini dəyişdiyi üçün belə deyirdi. Futbol oynamağı, həyətdə ağac, gül-çiçək əkməyi sevirdi. Bir də o, həddindən artıq qohumcanlı adam idi. Anasına, atasına bağlı idi. Atası rəhmətə gedəndə mən ilk dəfə Anarı ağlayan gördüm. Ona qədər Anarın göz yaşını görməmişdim. Amma ilk dəfə onda gördüm. Onun gözəl xüsusiyyətləri haqqında danışmaqla bitməz. Hərdən fikirləşirəm ki, kaş bir dəfə qəlbimə dəyərdi, məni incidərdi, mən də indi deyərdim ki, onun belə bir xüsusiyyəti olub. Amma dəyməmişdi.

 

O qədər xoşbəxt idik ki, deyirdim, ilahi, insan bu qədərmi xoşbəxt ola bilər? Qorxduğum başıma gəldi. Bir-birimizə çox bağlı idik. Heç vaxt öz adımı demirdi, bir dəfə dedi ki, Züzü, mənim həyatdakı ən böyük şansım odur ki, səninlə ailə qurmuşam. Sənin gücünə və iradənə heyranam.

 

İntizar

 

Anarın şəhid olma xəbəri hər yana ildırım sürəti ilə yayılır. Onu Sabirabad rayonundakı Şəhidlər xiyabanında dəfn etmək istəsələr də, ailə Anarın bir neçə il əvvəl rəhmətə getmiş atasının yanında ailə məzarlığında dəfn olunmasını qərarlaşdırır. Nəzirə xanım, qaraya, kədərə bürünən bu günlərindən geriyə, onu Anarın itkisi ilə başlanan günlərə geri qayıdır:

 

- Axırıncı dəfə oktyabrın 16-da Anar bir günlük evə gəlmişdi, əsgərlərinə dərman aparırdı. Mən onu döyüşə yola saldım. Dedim ki, Anar, bilirsən ki, mən atasız böyümüşəm, atamı da dəlicəsinə çox istəmişəm. Yəni mənim atama qarşı ürəyimdə ilahi bir eşq olub, amma atasız qalmışam. Sən elə et ki, qızlarım da mənim kimi atasız böyüməsin. Mənə tərəf baxıb bircə bunu dedi: “Züzü, sən möhkəm adamsan, bilirəm ki, bunun da öhdəsindən gələcəksən”. Ağladım, dedim, bu nə sözdür deyirsən, bir də belə demə. Güldü və getdi. Anar getdiyi yolu, hara nə üçün getdiyini bilirdi.

 

Anarın şəhid olma xəbərini biz bir az gec aldıq. Bir ay biz onu itkin kimi arayıb, axtardıq. Onda qardaşlarım mənə dedi ki, bəlkə əsir düşüb. Dedim, Anar heç vaxt əsir düşməz. Özünü öldürər, amma əsir düşməz. Gördüm, başlarını aşağı saldılar. Hiss etdim ki, nə isə bilirlər. Amma məni aldadırdılar. Mən isə bilirdim ki, Anar sağdırsa, torpağın altında da olsa, məni xəbərsiz qoymaz, mənə xəbər verər. Elə bu fikirlərlə də bir möcüzə gözləyirdim. Düşünürdüm ki, Anar sağ olar. Həm də düşünürdüm ki, mən vətənə bir dəfə atamı qurban vermişəm. İkinci qurbanı Allah mənə qıymaz. Amma fələk öz saydığını sayırmış. Bizim ailəmiz vətənpərvər ailə olub. Anar mənim vətənim, məmləkətim idi. İndi bilmirəm bundan sonra Anarsız necə yaşayacam. Sadəcə mənim artıq bir missiyam var. Evimdə şəhidin iki əmanəti, qız övladı var. Onları şəhidin adına layiq, onun arzuladığı şəkildə böyütməliyəm ki, onun ruhu şad olsun. Bircə təsəllim də var ki, cənnətdə iki şəfayətçim var. Biri atam, o biri də Anarım. Onların hər ikisi məni çox sevirdi.

 

Anarın qızları susqun-susqun üzümüzə baxır. Ölümün nə olduğunu tam anlamayan 4 yaşlı İmamə anasına baxıb pıçıldayır: “Ata gələndə aş bişirərsən...” Anasının ağladığını görüb, o da kədərlənir:

 

- Atam hər gün işdən evə gələndə bizi qucaqlayıb öpürdü. Bizimlə oynayır, qəşəng söhbət edirdi. Atam yemək yeyəndə onun yanında otururdum. Çoxlu yemək yeyirdik, həm də söhbət edirdik. Atam çoxlu gülürdü. İndi mən atam üçün darıxıram...  

 

Nəzirə xanım isə səbirlə qızına başa salıb deyir: “Qızım, biz özümüz qocalanda onun yanına gedəcəyik...”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25845
avatar

Samirə Əşrəf

Oxşar yazılar