Dekabrın 20-də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Şanlı Qələbəyə aparan yol: Müzəffər Komandanın Müzəffər Ordusu” layihəsi çərçivəsində növbəti tədbir keçirib.
Lent.az-ın məlumatına görə, layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir.
Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə atdığı addımlar, Vətən müharibəsində qələbəni şərtləndirən amillər barədə araşdırma xarakterli 8 yazı hazırlanıb, mediada dərc olunub.
Bu gün layihə çərçivəsində keçirilən “Müzəffər Komandanın Müzəffər Ordusu” mövzusunda tədbirdə də “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov layihənin məqsədi barədə danışıb, layihə çərçivəsində hazırlanan yazılar barədə məlumat verib.
“Müzəffər Komandanın Müzəffər Ordusu” mövzusunda çıxış edən APA Holdinqin Baş Direktorunun müavini, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Nurşən Quliyev “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin vətənpərvərlik yönümündə həyata keçirdiyi layihələri təqdir edib. Nurşən Quliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun, vətənpərvər gəncliyin 30 illik həsrətə son qoyduğunu, torpaqlarımızı işğaldan azad etdiyini bildirib. APA Holdinqin Baş Direktorunun müavini “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin və digər vətəndaş cəmiyyəti institutlarının bu yöndə layihələrini davam etdirməsini zəruri sayıb.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov vətəndaş cəmiyyəti institutlarının üzərinə düşən missiyadan danışıb, vətənpərvərlik təbliğatı istiqamətində layihələrin önəmini vurğulayıb.
"Tolerantlıq" İctimai birliyinin sədri Azər Rəşidoğlu də gənclər təşkilatının vətənpərvərlik təbiğatında aktiv iştirakını zəruri sayıb.
Tədbirdə layihə çərçivəsində hazırlanmış “Torpaq uğrunda ölən varsa, Vətəndir ”, “21-ci əsrin Ordusunu quran Lider ”, “ Qətiyyətli Ali Baş Komandan” və “ Qurucu lider” mövzusunda araşdırma yazılar ətrafında müzakirələr aparılıb.