Bir ailə tanıyırdım. Ata ortabab bir vəzifədə, “sonradan görmüş” varlılardan idi. Əziz-xələf balasını bütün məclislərdə başda oturdub, tərifləməkdən zövq alırdı. Demək olar ki, 2-3 aydan bir uşağın oxuduğu orta məktəbi dəyişirdilər. Evdə o qədər nazı ilə oynamışdılar, müəllimlər bir kəlmə söz deyən kimi, uşaq hamısını atası ilə hədələyirdi. O uşaq idi, bəlkə hardasa anlamaq olardı, bəs ata-anası? Gəlib məktəbdə elə uşağın gözü önündə müəllimi danlayır, təhqir edir, sonra da hünər iş görmüş kimi “payını verib gəldik” deyib gülürdülər. Uşağın sonu necə oldu bilmədim, amma bir dəfə eşitdim ki, həmin “gülməşəkər bala” öz törətdiyi günahı başqasının üstünə atdı, ona görə başqa bir cavan şərə-böhtana düşdü…
Yanlış tərbiyənin çirkin meyvəsindən başqa nə gözləmək olardı ki?
Bir neçə gündür sosial şəbəkələrdə 59 saylı məktəbdə ağbirçək bir müəllimlə 6-cı sinif şagirdlərinin qalmaqalı müzakirə olunur.
Müəllim dərs zamanı nizam-intizama tabe olmayan uşaqlara əl qaldırıb, şagirdlərdən biri isə bu anı telefonla qeydə alıb.
Adətimizdir axı, dərhal müəllimi günahkar çıxarırıq.
Videogörüntülərə baxınca uşaqların etdiyinin sadəcə dəcəllik olmadığını görürsən, müəllimi qəsdən əsəbiləşdirir, tabesizlik nümayiş etdirirlər. Həm də gənc təcrübəsiz bir müəllimə qarşı yox, 38 ildir uşaqlarla işləyən 62 yaşlı müəllimə qarşı edilir bu.
Məktəb yalnız təhsil yox, tərbiyə də verməlidir. Hamı alim olmaya bilər, amma hamı düzgün insan kimi yetişməlidir. Tərbiyəni isə uşaq həm cəmiyyətdən, həm də ailəsindən alır.
Birini deyib o biri barədə susmayaq. Öncə bir məqama diqqət çəkək ki, sözügedən 59 saylı məktəbdə illər öncə psixi sağlığı yerində olmayan bir qadın müəllim dərs deyirdi. Səbəbsiz yerə uşaqları vurmağı, əsəbiləşib qışqırmağı vardı. Bəzən elə valideynlərə də çox kobud şəkildə cavab verirdi. Valideynlər məktəb rəhbərliyinə həmin müəllimin davranışı ilə bağlı şikayət edəndə demişdilər tək adamdır, o da dolanmalıdır və s…
Bu mərhəmət minlərlə uşağın psixologiyasını pozmaq demək idi, bu nəzərə alınmalıydı. Psixoloji problemi olan müəllimin uşaq kollektivi ilə işləməsinə birmənalı şəkildə icazə verilməməlidir. Müəllimlərin işə qəbulu imtahanlarında biliyi yoxlandığı kimi, psixoloji durumu da test edilməlidir.
Amma bu da həqiqətdir ki, məktəblərdə həddini aşan uşağa qarşı müəllim hansısa tədbir görməyə çalışırsa, ya işdən atılır, ya da çıxıb üzr istəyir.