Azərbaycan müdafiə nazirliyinin ehtiyatda olan zabiti, polkovnik-leytenant Ruslan İmamquliyev adını və soyadı sonluğunu dəyişərək Alp Arslan İmamqulu olmasına qərar verib.
Bəs buna səbəb nədir?
Bu barədə Lent.az-a danışan Alp Arslan bəy acılarla dolu tariximiz, uzun illər Azərbaycanın sovet Rusiyası işğalında qalması, Xocalıda 366-cı alayın törətdiyi soyqırım və hazırda Ukraynada törədilən müharibənin bu qərarın verilməsinə təkan olduğunu bildirib.
"Bütün bunlardan sonra adımdakı rus başlığı və soyadımdakı köləlik əlaməti yev sonluğunu daşımaq məyusedici idi. Uzun illərdir bu haqda düşünürdüm. 27 mart tarixində adımda olan rus başlığından və soyadının rus işğalından miras qalan sonluğundan imtina edərək ad və soyadımı dəyişməyə qərar verdiyimi elan etdim. Heç kim nə doğum gününü, nə də öz adını özü təyin edə bilmir. Gec də olsa bu qərarı verdim. Sürücülük vəsiqəmdə və şəxsiyyət vəsiqəmdə adım dəyişdi. Əlavə də bir sənəd verilib ki, adımla bağlı hansısa problem yarananda təqdim edim. Ruslan öldü. Mən Alp Arslanam."
Qartal, 40 yaşlarından sonra çətin bir qərar verməlidir. Bu ərəfədə pəncəsi sərtləşir, dimdiyi qalınlaşır və uçması zəifləyir. Dolayısıyla qartal ya ölümü seçməlidir ya da yenilənməlidir. Yenidən doğuşa qərar versə qartal bir zirvədə xəlvətə çəkilər və aylarla tənha orda yaşamını sürdürər. İlk olaraq, dimdiyini sərt qayalara vurub parçalayar və bir müddət sonra dimdiyi yenilənər. Sonra daha güclü dimdikləri ilə dırnaqlarını sökər və ardından qanadlarını yolar. Mücadiləyə qərar vermiş döyüşçü ruhlu qartal dimdiyinin, dırnaqlarının, tüklərinin və də bütün hüceyrələrinin yeniləndiyi aylar çəkən müddət ərzində heç bir canlının olmadığı tənha bir zirvədə uzun müddət bəslənmədən yaşamını davam etdirər. Sonunda səbrlə özünü xəlvətdə bərpa edən qartal bu şəkildə ona hədiyyə olunan yeni ömrünü daha güclü və qüdrətli olaraq yaşamağa müvəffəq olar.
İnsanlar da xəstəlik kimi müxtəlif səbəblərlə bu yenidən doğuşu yaşamaq məcburiyyətində qala bilərlər. Belə olan tədqirdə bu ona Allahın lütfü deməkdir. İnsan digər canlılardan fərqli olaraq azad iradə sahibidir. Pay verilən çərçivəyə göstərdiyi cəhdlər və əziyyətlərlə həyatını özü rəsm etməlidir. Ya xəstə olaraq sürünərək son nəfəsini verəcək, ya da daha güclü olaraq həyatını davam etdirəcək. Buna görə də insan oğlu qırxlarında zəfər uçuşunu davam etdirə bilmək üçün, ona zərər verən maddi aləmdən, köhnə alışqanlıqlarından, adətlərindən və xatirələrindən mütləq qurtulmalıdır. Bunları etməklə, yenidən doğulmuş olacaq və yaradanın ona verəcəyi yeni fürsətlərdən faydalanma imkanı əldə edəcəkdir.
Şəxsiyyət vəsiqəmin alınması münasibəti ilə bu günü öz iradəmlə yenidən dünyaya gəlmə günüm olaraq qeyd edirəm!”,- deyə o bildirib.
Bəs niyə məhz Alp Arslan adını seçdiniz? sualına cavab olaraq polkovnik-leytenant bildirib ki, Puşkinin əsərində Ruslan adının türklərin Arslan sözündən götürdüyünə dair məlumat var:
“Ruslan da əslində Aslan deməkdir, mən də Alp Arslan adını götürdüm. Bu Allahın döyüşçü aslanı anlamına gəlir. Mənim ruhum döyüşçüdür. 9 il Türkiyədə hərbi təhsil almışam. Hərçənd valideynlərim hərbiçi olmağımı heç istəmirdilər, taleyimi adıma yazdım”.
Qeyd edək ki, Alp Arslan İmamqulu hazırda logistika ilə məşğul olan şirkətə rəhbərlik edir.