Rekord miqdarda kartof  yığıldı - Pulsuz payladılar
06 fevral 2026 16:44 (UTC +04:00)

Rekord miqdarda kartof yığıldı - Pulsuz payladılar

0

Almaniyada kartof üzrə rekord məhsul yığılması səbəbindən minlərlə ton məhsul Berlin sakinlərinə pulsuz paylanır. Paylanma adi vətəndaşlarla yanaşı məktəbləri, uşaq bağçalarını, evsizlər üçün sığınacaqları, ictimai yeməkxanaları və Berlin zooparkını da əhatə edir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, son 25 ilin ən yüksək kartof məhsulu fonunda Berlin şəhərində əsl “kartof bumu” yaşanır.

Alman mediasında artıq kartof daşqını adlandırılan bu proses şəhər üzrə yüzlərlə paylama nöqtəsini əhatə edir. Kartof məktəblərə, uşaq bağçalarına, evsizlər üçün sığınacaqlara, xeyriyyə yeməkxanalarına və hətta Berlin zooparkına paylanır.

 / © theguardian.com

Aksiyanın təşəbbüskarları bazarın həddindən artıq dolması və satış imkanlarının azalması ilə üzləşən yerli fermerlərdir. Leypsiq ətrafında fəaliyyət göstərən fermerlərdən biri əvvəlcə satmağı planlaşdırdığı 4000 ton kartofu pulsuz paylamağa qərar verib. Məhsulun bir hissəsi şəhər sakinlərinə verilib, iki yük maşını isə humanitar yardım məqsədilə Ukraynaya göndərilib.

Qiymətlərin artması səbəbindən iqtisadi çətinlik yaşayan berlinlilər əvvəlcədən elan edilən paylama məntəqələrinə gələrək kartofu kisələrdə, vedrələrdə və ya əl arabaları ilə aparırlar. Kaulsdorf rayonundakı paylama nöqtələrindən birinə gələn Astrid Martz bildirib ki, artıq neçə ədəd kartof götürdüyünü saymır: “Təxminən 150 ədəd olar. Düşünürəm ki, bu, mənə və qonşularıma ilin sonuna qədər kifayət edər”.

 / © theguardian.com

Təşkilatçıların sözlərinə görə, aksiya təkcə praktik deyil, həm də mədəni əhəmiyyət daşıyır. Bu təşəbbüs berlinlilərə kartofun Almaniya tarixindəki rolunu xatırladır və ənənəvi yeməklərin yenidən populyarlaşmasına töhfə verir.

Sosial şəbəkələrdə kartofdan hazırlanan yeməklər geniş müzakirə olunur. İstifadəçilər klassik kartof şorbalarından tutmuş müasir reseptlərə qədər müxtəlif təkliflər paylaşırlar. Mütəxəssislər isə qeyd edirlər ki, kartof karbohidratla zəngin olmasına baxmayaraq, tərkibində C vitamini və kalium kimi faydalı maddələr də mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar