- İndi qışdır, havalar soyuq, qar yağıb. Buraxdıq ki, getsinlər, gəzsinlər. Burada necə saxlayaq ki? Quba şəhər bələdiyyəsi sədrinin köməkçisi Azad Daşdəmirov deyir bunları.
Əslində, Lent.az sualı adıgedən bələdiyyənin sədri Humayə Məmmədovaya ünvanlanmışdı. Məhz onun cavablandırmasını istəyirdik. Amma xanım sədr etdiyimiz israrlı zənglərə cavab vermədi.
Niyə məhz ona?
Çünki məhz Quba bələdiyyəsinin sərəncamıyla onlara bir hektar yer ayılıb. Orada volyerlər tikilib. Nə qədər işçi, nə qədər maaş, nə qədər vəsait. Və…
Və onlar artıq yoxdur.
Qaçıblar, daha doğrusu, buraxıblar ki, gedin, başınızı dolandırın…
Zaman: 13 aprel, 2021-ci il.
Məkan: Quba rayonu.
Bu da rəsmi xəbər:
“Quba rayonunda sahibsiz küçə heyvanları üçün sığınacaq istifadəyə verilib. Məlumata görə, rayon mərkəzindən kənarda inşa olunan sığınacağa "Sadiq dost" adı verilib. Mərkəzin açılışında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, şəhər bələdiyyəsinin sədri Humayə Məmmədova, “Azərbaycan Heyvanların Mühafizəsi” İctimai Birliyinin nümayəndəsi Fərid Mansurov, İsrailin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Doron Peer və jurnalistlər iştirak ediblər. Sahibsiz itlər mərkəzə gətirilərək quduzluq və digər xəstəliklərə qarşı vaksinasiya olunur, həmçinin nəsil artırmaq qabiliyyəti qısırlaşdırılmaq metodu ilə dayandırılır. Burada itlərlə yanaşı, xəstə atlar və digər heyvanlara da qayğı nəzərdə tutulub və bunun üçün hər cür şərait yaradılıb. Mərkəzdə fəaliyyət göstərən klinikada heyvanların müayinə və müalicəsi üçün baytar həkim və tibbi personal çalışır. Mərkəz Quba Rayon İcra Hakimiyyətinin, Quba Bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı, eləcə də bir neçə digər təşkilatın köməkliyi ilə yaradılmışdır”.
Zaman: Yanvar, 2020-ci il.
Məkan: Quba rayonun xəstəxanası.
Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əmir Əliyev həyəcan təbili çalır.
“Hər il it dişləməsi ilə bağlı problemlə üzləşənlərin sayı artır. Təkcə bir ildə it dişləməsi ilə bağlı 700-ə yaxın sakin müraciət edib və bu, hələ qeydə alınan məqamlardır. Söhbət var ki, sahibsiz küçə itləri üçün sığınacaq yaradılacaq. Bununla da həmin itlərlə bağlı təhlükə tamamilə aradan qalxacaq. Artıq bunun üçün ərazi də ayrılıb. Yeni tikiləcək sığınacaqda təxminən 1500-ə yaxın küçə itinin saxlanması mümkün olacaq”.
Və o sığınacaq tikilir. Yuxarıda qeyd etdiyimiz kimi açılışı da baş tutur. Deyilən 1 hektar torpaq sahəsi ayrılır və küçədə gəzən sahibsiz itlər tutularaq həmin bu əraziyə gətirilir. Burada isə onları qısırlaşdırmaq əməliyyatı aparılır. Hə, yuxarıda yazdıq axı, təntənəli açılış da baş tutur. Telekanallar təcili sürətdə "Sadiq dost” adlanan bu sığınacaqdan süjetlər hazırlayır. Bu süjetləri heyranlıqla seyr etməmək mümkün deyil. Təsəvvür edin, itlər onlar üçün ayrılmış volyerlərdə dincəlir, elə Qubada bizə deyildiyi kimi, yeyib-içir, - hə, bir vaxtlar orada çalışmış qubalı qardaş məhz belə də dedi - bir az nasazlayanda isə dərhal həkim tərəfindən müayinə və müalicə də edilirlər.
İndi bu volyerlər boşdur təbii.
Çünki necə deyərlər xoşbəxt həyatı, Quba şəhər sakinlərinin isə qorxusuz günləri çox çəkmir. 5-6 ay ola, ya olmaya. Və bir gün məlum olur ki, həmin itlər yenidən Quba şəhər küçələrinə, parklarına, meydanlarına belə axışıblar. Və özü də sürü şəklində.
Acdılar, susuzdurlar, xəstədirlər, hətta ən tünlük yerlərdə belə rahat gəzirlər. Çünki yemək istəyirlər.
Qubadan, daha doğrusu şəhərdən bir qədər arlıda yol kənarındadı bu sığınacaq. Çərçivəli qapısı var. İnzibati binası uzaqdan görünür. Binanın üstünə bərbəzəkli it şəkilləri də çəkiblər.
Qapıda, daha doğrusu yolda bizi şəkildə gördüyünüz bu it qarşılayır. Palçığın içindədi, xəstə və quduz olduğu anındaca hiss olunur.
Mırıldayır, ora-bura var-gəl edir. Etiraf edirəm ki, bir az qorxuram. Bizi müşayiət edən dostumuz da xəbərdarlıq edir: “Yaxına getmə, tutar”.
Sığınacağın qapısı isə bağlıdı. Binadan işıq gəlmir, heç kim yoxdur.
Əslində, çoxdan yoxdur burada heç kim. İtlər də, adamlar da. İtləri açıb buraxıblar. Adamlar da deyəsən özlərinə başqa iş tapıblar. Ya da hələ də burada “işləyirlər”, nə bilmək olar.
Bələdiyyə sədrinin köməkçisi Azam Daşdəmirovun Lent.az-a dediyinə görə, itlər ətraf ərazilərdə, meşə massivlərində, kəndlərdədirlər. “Qışdı deyə, onları saxlamaq mümkünsüzdü”, deyir sədr köməkçisi.
Məntiqi anlamağa çətinlik çəkirik. Sığınacaqda qışdır, bayırda bahar?
- Bəs onlar nə ilə qidalanırlar indi?
- Biz onların qidalanması üçün qəssabxanalardan, kafe və restoranlardan yeməklər təşkil edirik.
- Bəs yeməyi onlara necə çatdırırsız? Deyirsiniz ki, itlər səpələnib axı hər yerə.
- Müxtəlif yerlərə qoyuruq, özləri gəlib yeyirlər.
Azad müəllim bir maraqlı məqama da toxunur. Deyir, ola bilər ki, itlərin bir qismi də yenidən Quba şəhərinə qayıtsın. Çünki hər bir itə ayrı-ayrılıqda nəzarət etmək mümkün deyil.
- Amma bizim sığınacaqda olan itlərin hamısını tanıyırıq, qulaqları “birkalıdır”. Biz başqa itlərə cavabdeh deyilik.
Elə bələdiyyə sədri Humayə Məmmədova da belə deyir. Sədrin qənaətinə görə, sən demə, Qubada itlərin çoxalmasının səbəbi başqa rayonlardan, hətta Bakıdan belə ayrı-ayrı adamların gətirib onları burada azdırmasıdır. Hə, bel də deyir. Sanki hamı məqsədli şəkildə Qubaya it daşıyırmış...
Şəhərin küçələri isə itlər doludur. Sığınacaqdan qaçan onlarla it ac-yalavac küçələri dolaşır. Hətta avtovağzala belə gəlib çıxıblar .
Quba bələdiyyəsi “Sadiq dostlar”ını taleyin ümidinə buraxıb.
Hər şey bu qədər sadə...
P.S. Bu həftə Qubadayıq. Lent.az-ı izləyin. Çox maraqlı olacaq...
Bakı-Quba