Qış fəsli orqanizmin ən çox zəiflədiyi bir fəsildir. Qış fəsli özü ilə bərabər həmçinin müxtəlif xəstəlikləri də gətirir. Bunun başlıca səbəblərindən biri də düzgün şəkildə qidalanmamaqdır.
Maraqlıdır, qış aylarında hansı qidalara üstünlük verilməlidir?
Mövzu ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, həm immun sistemimizin güclü olması üçün, həm də soyuqdan qorunmaq üçün mütləq şəkildə yediyimiz, içdiyimiz hər şeyə diqqət etməklə yanaşı həmçinin həyat tərzimizə də diqqət etməliyik.
Onun sözlərinə görə, çünki mövsümi qriplər və xəstəliklər adətən keçid fəsillərdə olur:
“Hər gün yerli və mövsümə uyğun meyvələri istehlak etməliyik. Xüsusilə yeməklərdə çox diqqətli olmalıyıq. Mənşəyi bilinən, yeni bişirilən qidalara üstünlük verilməlidir. Adətən insanlar hazır yeməkləri dondurucuda saxlayıb dəfələrlə isidib yeyirlər. Bu da həzm sisteminin pozulmasına, bağırsağın mikroflorasının pozulmasına gətirib çıxardır”.
Mütəxəssis həmçinin qeyd edib ki, əsas məsələlərdən biri də sudur:
“Mütləq şəkildə orqanizmimizin maye balansını təmin etmək üçün təmiz sudan istehlak edilməlidir”.