Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu qadın işçilərin əmək müqaviləsi ilə bağlıdır.
Qadın işçilərlə əmək müqaviləsi fərqli bağlanır?
Lent.az xəbər verir ki, Əmək qanunvericiliyinə görə əmək münasibətlərində cinsinə, dilinə, dininə, irqinə, yaşayış yerinə, əmlak vəziyyətinə, yaşına, ailə vəziyyətinə və bu kimi digər amillərə görə işçilər arasında hər hansı ayr-seçkiliyə yol verilməsi, onların hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
Əmək Məcəlləsində qadın işçilərlə əmək müqaviləsi bağlanılarkən fərqli qayda müəyyən olunub. Belə ki, əgər siz hamiləsinizsə və ya 3 yaşına çatmamış uşağınız varsa, buna görə sizinlə əmək müqaviləsinin bağlanmasından imtina edilə bilməz.
Lakin qadın əməyinin tətbiqi qadağan olunan iş yerlərində işəgötürən qadınların səhhətini və fizioloji vəziyyətini nəzərə alaraq onlarla əmək müqaviləsi bağlamaqdan imtina edə bilər.
Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarında əmək şəraiti ağır və zərərli olan işlərin siyahısı göstərilmişdir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların əmək şəraiti ağır və zərərli olan iş yerlərində, şaxtalarda, tunellərdə, dağ-mədən işlərində həmin siyahıda nəzərdə işlərin görülməsinə cəlb olunması qadağandır.
Əgər sizinlə hamiləliyinizə və ya 3 yaşınadək uşağınız olduğuna görə əmək müqaviləsi bağlanmasından imtina edilərsə, bu zaman siz imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna maliksiniz.
Qadın işçilər əmək müqaviləsi bağlanmasından imtinanın səbəbləri barədə öz hüquqlarının müdafiəsi üçün məhkəməyə də müraciət edə bilərlər.