Qaçaq Nəbinin saxlandığı qazamat, Nəvvabın məhv olmuş rəsmləri - ŞUŞADAN REPORTAJ
19 avqust 2021 17:06 (UTC +04:00)

Qaçaq Nəbinin saxlandığı qazamat, Nəvvabın məhv olmuş rəsmləri - ŞUŞADAN REPORTAJ

 

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:

 

Əvvəli burada: Birinci yazı: Üzü Şuşaya - Zəfərin zirvəsinə doğru - FOTO - VİDEO

İkinci yazı: Vətən Müharibəsinin zirvəsi: Tarix şəhər, mədəniyyət şəhər - FOTO

Üçüncü yazı: Cənnətin qapısı, Üzeyir bəyin ev muzeyindən tapılan barelyef - FOTO

 

Yox olmuş Qaraböyük xanım sarayı

Üzeyir bəyin ev muzeyinin qarşısından keçən yol qala divarlarına qədər uzanır. Burada qala divarlarının şərq qanadı bürclə tamamlanır. Bürcün ortasında bitən ağacınmı, yoxsa illərin təsirindəmi tikilinin bir parçası artıq dağılıb. Vaxtilə bürcə bitişik hissədə Qaraböyük xanım sarayı da olub. Lakin hazırda bu ərazidə heç bir tikili gözə dəymir. Görünür ki, işğal illərində saray tamamilə məhv edilib.

Qala divarlarının üstündə ustalar çalışır, bürcü və dağılmış hissələri bərpa edir, onu tarixi görkəminə qaytarırlar.

Qalanın üç qapısı

Şuşanın ətrafını üzük təki saran uçurum və sıldırım qayalar təbii müdafiə sistemi yaradır. Buna görə də qala divarları şəhərin yalnız şimal-şərq hissəsini əhatə edir. Pənahəli xan xanlığın mərkəzini Şuşaya köçürəndə mühafizənin məhz zəif ola biləcəyi istiqamətlərdə divar tikdirir.

Bu yerdə kiçik bir ricət çıxmasam olmaz: Tarix boyu Şuşaya təşkil olunan hücumlar həmişə məhz qala divarları tərəfdən olub. Lakin Şuşanın tarixində ilk dəfə yalnız bizim cəsur əsgərlər Şuşanın 250 illik tilsimini qıra bildilər, onu qala divarları tərəfdən deyil, məhz uçurum və sıldırım qayalar – keçilməsi inanılmaz olan istiqamətdən fəth etdilər. Əlbət mənim aləmimdə bunun şəksiz bir izahı var: bizim əsgərlər tarixdəki başqa ordulardan fərqli olaraq Şuşanı işğal etməyə yox, azad etməyə gedirdilər, ona görə içlərindəki bu istək, bu sevgi onları keçilməzi keçməyə, aşılmazı aşmağa ruhlandırmışdı.

Qala divarlarının üç qapısı olub: Gəncə, İrəvan və Ağoğlan qapıları.

Gəncə və ya Çiləbörd qapısı Pənahəli xanın hakimiyyəti dövründə inşa edilib. Şuşa qalasının bu qapıdan çıxan yolu şəhəri Gəncə və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. Qarabağ xanlığının 1805-ci ildə Rusiya İmperiyasına birləşdirilməsindən sonra Gəncənin Yelizavetpol adlandırılması (1804) ilə əlaqədar olaraq Gəncə qapısı da müvafiq olaraq Yelizavetpol qapısı adlandırılmağa başlayır.

Şuşa qalasının Şimal qapısı sayılan Gəncə qapısı qala divarlarının ortasında - Ağoğlan və İrəvan qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatıb.

Şahmatvari və küknar düzülüşlü ağ və qara daşlardan toxunmuş hörgü, qalanın dərin oxvari tağlı girişini effektiv şəkildə əhatə edir. Giriş üzərində dağılmış yalançı pəncərə çıxışlarının simmetrik izləri ilə yanaşı, mazğallar və ya qala bacaları yerləşir.

Gəncə qapısının düz səthi, müəyyən şəhərsalma xüsusiyyəti daşımaqla, ona parad görünüşü verir. Düşmənlərin əsas qala qapısına rahat yaxınlaşmasına mane olmaq üçün qapı qarşısında bir tərəfi divarın fasadına dirənən müdafiə divarı inşa edilib. Qala tərəfdən qapıya gözətçilər üçün tikilmiş xüsusi yer, qərb tərəfdən isə üç yaruslu dairəvi qüllə birləşir. Qüllənin müxtəlif yerlərində pərakəndə şəkildə mazğallar yerləşdirilib.

Qala divarlarının şərq istiqamətində olan Ağoğlan qapısı isə hazırda Şuşa həbsxanasının həyətinə düşür və qapının yeri bağlanaraq həbsxana divarına birləşdirilib.

Pənahəli xanın dövründə inşa edilmiş qapıdan çıxan yol şəhəri Şuşakənd və Muxtar kəndləri ilə birləşdirərək Ağoğlan qəsrinə kimi uzanırdı. Bu qapının mənbələrdə xatırlanan digər bir adı isə Topxanadır.


Şuşa həbsxanasının soyuq hücrələri


Bir qədər əvvəl qeyd etdiyim kimi qala divarlarının bir hissəsi Şuşa həbsxanasına qədər uzanır. Həbsxana 1848-ci ildə, Çar Rusiyası dövründə qala divarlarının aşağı tərəfində, sıldırım qayalığın üzərində tikilib. Həbsxananın inşası zamanı məhz bu coğrafi mövqenin seçilməsi dustaqların qaçışının qarşısının alınması məqsədi daşıyıb. Hündür divarları, tikanlı məftilləri görəndən sonra kiminsə nə zamansa buradan qaçdığı heç inandırıcı gəlmir.

Həbsxananın inşası zamanı qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılıb. Lakin hazırda qapı yeri hörülüb, istifadə olunmur.

Həbsxananın hasarının, binaların divarlarının, o cümlədən dam örtüyünün bir hissəsi Vətən müharibəsini zamanı top atəşləri nəticəsində dağılıb.

Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ dövründə ən dəhşətli türmələrdən hesab olunurdu. Həbsxananın yarıqaranlıq dəhlizləri, dar, soyuq kameralar, dəmir çarpayılar, anti-sanitar şərait, həbsxananı əhatə edən qalın divarlar, tikanlı məftillər adamda dəhşətli vahimə yaradır, rus romanlarındakı soyuq Sibirin dustaqxanalarını, katorqalarını xatırladır. Hündür, soyuq divarlar az qalır burada işgəncə görmüş insanların səs iilə bağırsın.

2014-cü ildə Kəlbəcərdə ermənilər tərəfindən həbs edilən Dilqəm Əsgərov və Şahbaz Quliyev də burada, 4 və 5 saylı üzbəüz kameralarda saxlanılıblar. Deyilənə görə, Qaçaq Nəbi də bir müddət burada qazamat həyatı yaşayıb.

Saatlı məscidi

Şuşa həbsxanasının adamı ruh düşkünlüyünə salan aurasından qaçıb yenidən yerlilər demiş, özümüzü Qalaya yetiririk. Gəncə qapısından keçib M.F.Axundov küçəsindəki Saatlı məscidinə gəlirik. Şuşanın əksər məhəllə məscidlərindən fərqli olaraq, Saatlı məhəlləsinin məscidi üçnefli, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri kimi minarəlidir. Lakin onlardan fərqli olaraq minarə məscid binasından ayrı inşa edilib. Rəngarəng kərpiclərdən istifadə etməklə zəngin naxışlarla bəzədilmiş minarəyə giriş məscidin daxilindən yox həyətindəndir.

Ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilib.

Şuşanın düz fasadlı məscidlərindən olan Saatlı məscidi əsas fasadında asimmetrik girişə malikdir. Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən bol istifadə olunub.

Onu da qeyd edim ki, məscidin inşa edildiyi yerdə daha əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi, bir-birinə bitişik mədrəsə və məscid binaları olub.

Hazırda məsciddə təmir işləri aparılır, tamamlanmaq üzrədir.

Şuşada olmağın sevinci

Təmir işləri demişkən, Şuşada hazırda sürətlə tikinti-quruculuq işləri aparılır, tarixi abidələr bərpa edilir, infrastruktur yenilənir. Təmir işləri aparılan məkanlardan biri də Saatlı məscidinin yaxınlığında yerləşən Qarabağ mehmanxanası və onun qarşısındakı parkdır. Mehmanxana binasının ətrafında dəzgah qurulub, içində və fasadında işlər aparılır.

Hə, deyəsən bunu qeyd etməyi unutmuşdum axı. Şuşada hamı bir-birini görəndə başıyla da olsa, salam verir, tanıdı-tanımadı fərq etməz, paytaxtdakı soyuqluq burada yoxdur. Bunu özlüyümdə belə yozuram ki, hamı Şuşada olmağın sevinci içindədir, fikri işdə olsa da, yorğun olsa da, xidmətdə olsa da, hər kəs içindəki bayram əhval-ruhiyyəsini bu yolla biruzə verməyə çalışır.

Saatlı məscidinin qarşısında yenidən E. ilə qarşılaşırıq. Ondan Şuşa Realnı Məktəbinin yerini soruşuruq. Ona qoşulub bu əzəmətli binanı görməyə gedirik.

Haqverdiyevin oxuduğu məktəb

“Əzəmətli” sözünü təsadüfən işlətmədim. Şuşa Realnı Məktəbinin binası həqiqətən böyük və əzəmətlidir.

Binanın yan divarında, görünür, top atəşi nəticəsində açılmış oyuq sağalmaz yara kimi qalıb.

Şuşa Realnı Məktəbi 1881-ci ildə Azərbaycanın Şuşa şəhərində yaranan 6 sinifli yeni tipli məktəb olub. Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Xan Şuşinski və başqa tanınmış şəxsiyyətlər burada təhsil alıb.

Məktəbin hazırkı binası 1901-1908-ci illərdə inşa edilib. Bu barədə məlumat məktəbin əsas binasının yuxarı hissəsində rus dilində daşa qazılmış qeyddə əksini tapıb. Şuşadakı digər abidələr kimi, məktəb binasının damı, divarları, dəhlizlər, otaqlar dağıdılsa da, taxta giriş qapısı salamatdır. Girişdə isə kaşı döşəməyə “Salve” kəlməsi yazılıb. Doğrusu əvvəl bu sözün mənasını anlamıram, sonradan öyrəndiyimə görə “Salve” latıncadan tərcümədə “Yaxşı ol” mənasına gəlir.

Məktəbin yaxınlığında “Xəstəxana” adlı başqa bir tarixi tikili var. Bura vaxtilə Şuşa xəstəxanası olub, daha sonra Realnı Məktəbin yataqxanası kimi fəaliyyət göstərib. Yerli əhəmiyyətli abidə kimi qorunan bu bina da təəssüf ki, hazırda yarıdağılmış vəziyyətdədir.

Mir Mövsüm Nəvvabın rəsmləri hardadır?

Burada işlərimizi yekunlaşdırandan sonra E. bizə şair, rəssam, naqqaş, musiqişünas, astronom, ədəbiyyatşünas, tarixçi Mir Mövsüm Nəvvabın evini də göstərə biləcəyini söyləyir. Hava qaralmamış bizi mütləq ora çatdırmasını xahiş edirik.

Nəvvabın evi Mamayı məhəlləsindəki məscidin qabağındakı yoldan sağa dönəndən sonra dikdəki evlərin arasındaymış. Bu gün onun qabağından bir neçə dəfə keçsək də, nə biləydik ki, Nəvvabın evi bir addımlığımızdadır. Maşınımızı yerli əhəmiyyətli abidə kimi qorunan “yaşayış evi”nin (yalnız divarları qalıb) qarşısında saxlayırıq. Evlərin arasındakı dar cığırla qabağa düşüb üzüyuxarı qalxa-qalxa gah tikililərə, gah da telefonda Nəvvabın ev muzeyinin internetdən tapdığım şəklinə baxıram.

Bəxtimizdən axtarışımız öz bəhrəsini tez verir. Arkalı həyət qapısından girib 85 illik ömründə heç vaxt Şuşadan çıxmamış rəssamın bəlkə də həyatının çox hissəsini keçirdiyi həyətə daxil oluram. Əlimdə dəqiq bilgi olmasa da, zənnimcə, onun təşkil etdiyi "Məclisi-fəramuşan" ədəbi məclisinin üzvləri də tez-tez bu şeir-sənət ocağına yığışarmış.

Bura iki tərəfdən eyvanla əhatə olunmuş iki mərtəbəli xudmani evdir. Ev 1989-cu ildən muzeyə çevrilib. Sənətkara məxsus çap maşını, teleskop, özünün çəkdiyi rəsm əsərləri də sərgilənən eksponatlar arasında olub. Evin divarları isə nəqqaşın öz əlilə çəkdiyi rəsm əsərləri ilə bəzədilibmiş.

Evin birinci mərtəbəsinə daxil oluruq. Aşağıda iki otaq yerləşir. Lakin otaqlarda buxarı və taxçalardan savayı heç nə yoxdur. Bəzi hissələrə divar kağızı çəkilib, digər hissələr isə ağardılıb. Evin ikinci mərtəbəsinə qalxan pillələr və döşəmə yanğın nəticəsində ciddi zərər görüb. Buna baxmayaraq, ikinci mərtəbənin döşəməsindən tuta-tuta yuxarı qalxır və “axtarışlarımız”a davam edirik. Təəssüf ki, yuxarı mərtəbədəki otaqlarda da rəsm adına heç nəyə rast gəlmirik, ya divar kağızlarının altında qalıb, ya da qaşınıb atılıb. Kor-peşman balkona çıxıram, toranlamaqda olan səmaya, Yuxarı məscidin minarələrinə baxıram. Astronom kimi də tanınan Nəvvab bəlkə də elə mənim dayandığım yerdəncə teleskopunu qoyub ulduzlara baxarmış, ya da yorulanda öz əl işi olan Yuxarı Gövhər Ağa məscidinin minarəsinin yazılarına tamaşa edirmiş – nə bilmək olar.

Xoca Mərcanlı məscidinin qarşısında durdum...

 

Nəvvabın evinin aşağısı Xoca Mərcanlı məhəlləsidir. 19-cu əsrdə salınmış yuxarı məhəllələrdəndir, şəhərin mərkəzindədir. Burada eyni adlı hamam, məscid və bulaq yerləşir. Bu barədə E. məlumat verir: “Çəkmək istəyirsiz”. “Əlbəttə”, - deyirəm, - “Nə qədər ki, hava qaralmayıb gedək çəkək” və böyürtkən kollarının arasından keçib dar cığırla E.-nin nişan verdiyi istiqamətə yönəlirik. Təəssüf ki, hamam tamamilə dağılaraq bir yığın daş topasına çevrilib və böyürtkən kollarının, şax-şəvəlin içində itib-batıb, bircə tinlərindən birində qalan yonma daş buranın tarixi abidə olduğunu “söyləyir”. Bir az qabaqda isə geniş pəncərəli, ikimərtəbə Xoca Mərcanlı məscidi yerləşir ki, onun da bir divarının müəyyən hissəsi qalmaqla hamısı dağılıb. Məscidin içini ağaclıq bürüyüb.

Xoca Mərcanlının yuxarı hissəsində isə eyni adlı bulaq yerləşir. İnternetdəki şəklinə baxsanız, bulağın qabağında kiçik bir kol görərsiniz. İndi həmən kol böyüyüb yekə bir ağaca çevrilib, budaqları bulağın gözünü və üstündəki ərəbcə yazılı daş lövhəni gizləyib. Deyərsən, ağac yekəlib, kökləri bulağın özülünə, divarlarına ciddi zərər vurur, amma bəlkə də bu ağac burada bitib özünün yarpaqları arasında bulağı gizləməsəydi, ermənilər onu da məhv edərdilər.

Bu vaxt yaxınlıqdakı Yuxarı Gövhər Ağa məscidindən axşam azanı çəkilir, ovsun kimi yayılıb hamını tilsimləyir. Şər qarışan vaxtı dağılmış məscidin önündə azan səsi eşitmək adamı daha da kədərləndirir. Yadıma Şuşa alınan zaman Yuxarı Gövhər Ağa məscidinin minarəsindən əsgərimizin azan çəkdiyi videoya baxıb fərəhlənməyimiz düşür. Həmən gün düz 29 il sonra Şuşa yenidən tanrı sözünün, Allah kəlamının ecazına və sehrinə bürünmüşdü, Şuşanın bizim əzəli və əbədi torpağımız olmağı azan səsi ilə bir daha möhürlənmişdi. Həmən gün Şuşanın 17 məhəlləsinin 17 məscidi də buna şəhadət gətirmişdi, qarşısında dayanıb boğazımdakı qəhəri min zülmlə udmağa çalışdığım dağılmış Xoca Mərcanlı məscidi də onların içindəydi. Deyirəm, azan səsi bir az da geciksəydi, görəsən, Şuşada daha hansı abidələrimizi, müqəddəs yerlərimizi itirəcəkdik? Yəni onlardan bir daş belə olsun salamat qalacaqdımı?

Cavab bəllidir.

Müəzzin oxuyur, ətrafa həzin səslə yanaşı, məmnunedici bir hüzn də yayılır. Allaha, ordumuza olan şükranlığın məmnunedici hüznü.

 

Müəzzin oxuyur: ALLAH TƏKDİR, BƏNZƏRİ YOXDUR! Düşmənsə müqəddəs kəlamı həm də bu cür eşidir, özü də hədə şəklində: Bizim üçün ŞUŞA şəhərlər içində TƏKDİR, BƏNZƏRİ YOXDUR!

Şəhidlərimizin qanı, qazilərimizin şücaəti ilə təsdiqlənmişdir!

 

(Ardı var)

Foto – İlkin Nəbiyev © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5682
avatar

Oxşar yazılar