Polkovnikin qayıdışı, şəhid Emin, "kaş indi burada güləşəydik" - BİR FOTONUN TARİXİ
25 dekabr 2020 18:50 (UTC +04:00)

Polkovnikin qayıdışı, şəhid Emin, "kaş indi burada güləşəydik" - BİR FOTONUN TARİXİ

“Zəngilana gedəndə, həmin yerdə Emini xatırladım. Fikirləşdim ki, kaş Emin indi yanımda olaydı, onunla möhkəm qucaqlaşardıq. 26 ildi məni, ailəsini tərk edən Eminlə 28 ildən sonra sanki Zəngilanda, həmin yerdə görüşdük”.

 

O, 28 ildən sonra işğaldan azad olunan torpağında, 30 il öncə dostları ilə birlikdə çəkdirdiyi fotonu yenilədi. 30 il öncə nə qədər sevincli idisə, yenilənən fotoda bir o qədər kədərli və təkdi...

 

Lent.az sosial şəbəkədə paylaşılan, hər kəsin marağına səbəb olan həmin fotodakılardan birini tapıb. Söhbət polkovnik-leytenant Daşqın Abbasovdan gedir. İndi sizə 1990-cı ildə çəkilən foto, oradakı gənclərin həyatından və döyüş yolundan danışacam. 

 

Fotoya ilk baxanda yəqin ki,  siz də “Bəxtiyar” filmindəki məşhur mahnını xatırladınız... “Dörd dost, dörd ürək, dörd yoldaşıq biz, Birdi, arzumuz, istəklərimiz”...

46 illik ömrünə üç böyük Qarabağ müharibəsi sığdıran, həyatının ən gözəl günlərini düşmənlə mübarizəyə həsr edən, ən yaxın dostunu bu müharibələrdə itirən polkovnik Daşqın Abbasovla söhbətə fotonun çəkilmə tarixindən başlayırıq.

 

“1990-cı ildə Zəngilanda, keçmiş İcra Hakimiyyətinin qarşısındakı parkda, hovuzların birinin kənarında çəkdirmişdik o şəkli. Fotoda gördüyünüz o dörd dost bizik -  soldan birinci Natiq, Rövşən, Emin və mən. O şəklə hər dəfə baxanda həmin günlərin nə qədər gözəl olduğunu xatırlayıram”.

Bəs ikinci fotonun çəkilməsi üçün imkan necə yarandı?  Hə, illər sonra polkovnik-leytenant yenidən döyüşə yollanır. Müharibədə böyük şücaət göstərir.

 

- Onlar gücümüzü 2016-cı ildə Aprel döyüşlərində görmüşdülər və bizimlə üz-üzə gəlməkdən qorxub qaçır, uzaqdan minamyotlarla, artilleriya atəşləri edirdilər. Biz onları Cənab Prezidentin dediyi kimi “iti qovan kimi” qovduq. 44 günlük Vətən müharibəsinin ən çətin günləri isə Cəbrayıl, Füzuli, Hadrut istiqamətində olan döyüşlər idi. Ən çox Füzuli istiqamətində müqavimət göstərirdilər. Müqavimət deyəndə, tülkü kimi yeraltı bunkerlərdə gizlənmişdilər. Onlar yüksəklikdə idi, biz aşağıda. Ona görə ilk günlər çətinliyimiz oldu. Qubadlıya girəndə, Cəbrayılın sonuncu kəndi Daşovuz kəndində də asan olmadı. Onlar bizə tab gətirə bilmirdilər. 30 il hazırladıqları mövqelərində ən çox 2-3 gün dirəndilər”.

 44 günlük müharibədən sonra Daşqın bəy, yenidən doğma Zəngilanı ziyarət edir. 30 ildən sonra Zəngilanda doğulduğu evə, oxuduğu məktəbə gedəndə yolu həmin yerdən keçir.  Yenidən orada şəkil çəkdirmək istəyir, amma ...

 

- Oxuduğum məktəbi, doğulduğum evi dağılan gördüm. Bildirdim ki, dağıdılıb. Amma öz gözümlə görmək başqadır axı... Geri qayıdanda yenə həmin yerdən keçməli oldum. Orda yenidən şəkil çəkdirmək istərdim, amma  həmin uşaqlar yanımda yox idi. Buna görə dayanmadım. Sonra yanımda çox yaxın dostlarımdan biri, Novruz Məmmədzadə - yeri gəlmişkən o da sinif yoldaşım olub - təkidlə həmin yerdə şəkil çəkdirməyimi istədi

 

Şəkili çəkdirəndə, paylaşanda qürurlandığını, həm də pis olduğunu etiraf edir, Daşqın bəy.

 

- Eminin timsalında, Birinci Qarabağ, Aprel döyüşləri, Vətən müharibəsində şəhid qardaşlarımın qanının yerdə qalmamasına qürurlandım. Eminin bu günləri görə bilməməsinə pis oldum.

 

Şəkildə soldan birinci Natiqdir. Hazırda Bakıda yaşayır. Birinci Qarabağ müharibəsi iştirakçısıdır. İkinci, Rövşəndir. Uzun illərdi heç kimin xəbəri yoxdu. Bircə Türkiyədə yaşadığı məlumdur. Şəkildə üçüncü, Rüstəmov Emindi. 1990-cı ildə Birinci Qarabağ müharibəsində Horadiz istiqamətində gedən döyüşlərdə şəhid olub.  

 

- Eminin ölümü məni çox sarsıtdı. O, təkcə dost yox, həm də qardaş idi. Həmin il qardaşımın oğlu dünyaya gəldi. Mən də Eminin adının ona qoyulmasını xahiş etdim. Sağ olsunlar, sözümü yerə salmadılar. Bunu Eminin xatirəsini əziz tutmaq üçün etdim. Yəqin ruhu şaddır.  

 

 

Eminlə dostluğunun daha da möhkəmləndiyi günü yaxşı xatırlayır, həmsöhbətim.  

 

- Sinifdə mən də, Emin də ən güclülərdən idik. Bir gün məktəbdə böyük tənəffüs vaxtı Emin hamını sinifdən çıxartdı ki, Daşqınla güləşəcəm, görək kim güclüdür. Bu mənim üçün gözlənilməz oldu. Həmin gün anladım ki, biz həm də rəqibik. Ətrafdakı dostların hamısı mənə Eminin lider olmağını qəbul etməyi xahiş etdilər, razılaşmadım. 15 dəqiqəlik tənəffüs vaxtı güləşdik. Nə mən onu, nə də o məni yıxdı. Zəng çalınanda biz ayağa qalxıb, möhkəm qucaqlaşdıq. O gündən dost yox, qardaş olduq bir-birimizə.

“Şəkili çəkdirəndə hansı hisləri keçirdiniz” sualımıza bir qədər susduqdan sonra cavab verdi:

- Zəngilana gedəndə, həmin yerdə Emini xatırladım. Fikirləşdim ki, kaş Emin indi yanımda olaydı, onunla möhkəm qucaqlaşardıq, bir-birimizə gücümüzü o qucaqlamaqla göstərərdik. Bəlkə də heç nə danışmazdıq. Elə oradaca, həmin yerdə onunla yenidən güləşərdik...Emin bu həyatda mənim ən yaxın dostum sirdaşım olub. 26 ildi məni, ailəsini tərk edən Eminlə 28 ildən sonra sanki Zəngilanda, həmin yerdə görüşdük. Qayıdandan sonra Şəhidlər Xiyabanına gedib, qardaşımı təbrik etdim, qisasını aldığımız dedim...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5581

Oxşar yazılar