Azərbaycanda media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.
Belə ki, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Həmçinin İnzibati Xətalar Məcəlləsinə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir.
Diqqətçəkən məqamlardan biri də odur ki, mənbəsini açıqlayan jurnalistlərin 600 azn cərimələnməsi ilə bağlı təklif də irəli sürülüb.
Mövzu ilə bağlı professor əməkdar jurnalist Qulu Məhərrəmli Lent.az-a açıqlamasında bildirib ki, təklif olunan inzibati cəza tədbirləri mahiyyət etibarilə jurnalistlərin işinə kömək məqsədi güdür.
Onun sözlərinə görə, hazırda jurnalistlər informasiya əldə etməkdə çətinlik çəkir, bəzi məmurlar və bir çox təşkilatlar, jurnalistlərin sorğularına cavab vermir:
“Bununla bağlı heç bir nəzarət yoxdur. Baxmayaraq ki, vaxtilə “İnformasiya almaq azadlığı haqqında” qanunda jurnalistlərin fəaliyyətinə maneə olanlar üçün konkret olaraq cəza tədbirləri göstərilib. İnzibati cəzalar haqqında qanunda bunun öz əksini tapması yaxşı haldır. Hesab edirəm ki, jurnalistlər maneəsiz fəaliyyət göstərməlidir. Jurnalist məhsullarının yayılmasına heç kim maneə ola bilməz. Jurnalistin verdiyi sorğular vaxtında cavablandırılmalıdır. Çünki bu məlumatlar ictimai əhəmiyyətlidir".
Qulu Məhərrəmli həmçinin bildirib ki, jurnalistlərin fəaliyyəti üçün bu cür maneələrin aradan qaldırılmasından ötrü bu təkliflərin nəzərə alınması və qanunda bunların öz əksini tapması müsbət hadisədir:
“Amma təkliflər içərisində diqqətimi cəlb edən jurnalistlərin mənbəsini açıqlaması ilə bağlı cərimələnməsi məsələsidir. Hesab edirəm ki, jurnalistlərin öz məlumat mənbəyini açqlaması etik məsələdir. Bunun üçün jurnalistlərin cəzalandırılması yolverilməzdir. İnformasiya mənbələri dedikdə biz iki mənbəni nəzərdə tuturuq: açıq və konfendensial mənbələr. Araşdırma aparan jurnalistlər elə mənbədən istifadə edirlər ki, ümumiyyətlə heç məhkəmə qərarı əsasında da onu açıqlaya bilməz. Özünə hörmət edən jurnalist mənbəsini heç vaxt açıqlamır. Amma hər hansı bir təhdid və ya yolverilməz bir hal yaşanarsa, bu zaman cərimələr müəyyənləşdirilə bilər”.