Sosial şəbəkələrdə bir neçə gün əvvəl Sumqayıtda 7 yaşlı uşağın ölməsi ilə bağlı şayiələr getdikcə artır. Uşağın anasının müsahibəsi isə daha böyük qalmaqala səbəb oldu.
Həmin müsahibədən sonra insanlar günahı uşağın anasında görməyə başladı.
Lent.az xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məsələ ilə bağlı sosial media səhifəsində belə bir paylaşım edib:
“7 yaşlı uşağın ölümü ilə bağlı paylaşımlara, müzakirələrə baxıram və... Cinayətkarın yox zərərçəkənin ittiham olunması toksik yanaşmadı. Baş verən hadisə cinayətdir. Mənə görə, cinayəti törədən, etibardan sui-istifadə, vəzifə səlahiyyətini aşma (çoxdakı məmur deyil), köməksiz vəziyyətdə olan uşağa yardım göstərməməkdə ittiham olunmalıdır. Kimin hansı davranış sahibi olması onun uşağının qətli üçün əsas olmamalıdır”.
Xatırladaq ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. O, Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Qeyd edək ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilovla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.