Oğlunun corabını döyüşə aparan əsgər: "Torpağın altında qaldım"
21 yanvar 2021 15:08 (UTC +04:00)

Oğlunun corabını döyüşə aparan əsgər: "Torpağın altında qaldım"

“Mənim olduğum yerin arxasına mərmi düşdü və məni götürüb çırpdı səngərin o biri üzünə. Torpağın altında qaldım. Elə bil ki, dir-diri basdırıldım. Gözümü aça bilmirəm, ağzım torpaqla doludu, nəfəsim çatmır. Ürəyimdə bircə onu dedim ki, ay Allah, balamı xoşbəxt elə, mən öldüm...”

Bu sözləri Vətən müharibəsinin iştirakçısı, qazi Xəzər Ukalayev deyir. Onu sosial şəbəkələrdə yayılan fotodan tanıyır bir çoxu. Şəkildə hərbi biletinin arasına körpə balasının corabını qoyub özü ilə müharibəyə aparması hər kəsi kövrəltmişdi.

Lent.az gənc ata ilə görüşüb. Olduqca maraqlı alınan söhbətimizdə nələr eşitmədik ki?! Müharibənin dəhşətini iliklərimizə qədər hiss edəcəyik...

Xəzər sentyabrın 28-i, gecə saat 10-da müharibəyə çağırılır. Ata həmin saatda oğlu yatdığı üçün onunla görüşə bilmir. Amma bir yaşlı körpə atasını döyüşdə də tək qoymur. Ən çətin anlarda ona ən böyük güc, dəstək olur. Necə?

- Yatmışdı, qıymadım yuxudan oyatmağa. Ona görə qorxa-qorxa, yavaşca ayağından  öpdüm. Sonra corabının birini çıxartdım. Şəkilini və corabının bir tayını hərbi biletimin arasına qoydum. Müharibə vaxtı oğlumu ürəyimin üstündə gəzdirdim. O, mənə elə güc, qüvvət verirdi ki... Sözlə ifadə edə bilmirəm. Mühasirəyə düşəndə, döyüşəndə, səngərdə olanda, yatmamışdan öncə, həmişə hərbi bileti açıb corabı iyləyib, şəkilindən öpürdüm oğlumun. Allah məni iki dəfə balama bağışladı...

Xəzər əvvəlcə Tərtərə, sonra Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə gedib. Müharibə həyatı da elə oradan başlayıb. Balakənli qazi kəşfiyyat qrupundan sonra Talış kəndinə daxil olan ilk hərbçilərdən biridir.

Qəhrəmanımız Vətən müharibəsində iştirakına görə “Cəsur döyüşçü” medalına layiq görülüb.

- Biz Talış kəndinə daxil olanda ərazi ermənilərdən tam təmizlənməmişdi. 4-5 gün orada qaldıqdan sonra Suqovuşana getdik. Gecə Suqovuşana qalxıb, Ağdərədə mövqe tutmalı idik. Burada mənimlə eyni kənddə yaşayan qonşum qarnından snayperlə vuruldu. Gecə saat 12-dən səhər 6-ya qədər onu piyada, çiynimizdə düşürdük aşağı ki, tibbi maşına qoyaq və hospitala aparsınlar. Suqovuşan onda tam alınmamışdı. Hər yerdən vururdular. Maşınlar gələ bilmirdi. Ona görə yaralını məcbur özümüz çıxartmalı idik. Ərazini tam tanımadığımıza görə Ağdərə istiqamətindəki dağda mühasirəyə düşdük. Bölük komandirimiz şəhid olmuşdu. Tağım komandirlərimiz yaralı idi. Bizim üstümüzdə “starşina” qalmışdı. Təxminən 3-4 saat mühasirədə qalandan sonra yolu özümüz tapdıq. Orada olanlar bilir, Suqovuşan istiqamətində “vışkalar” var. Onlara baxa-baxa doğru yolu tapmağımıza sevindik ki...

Müharibədə sevinmək, bəzən zülmət gecədə günəşi arzulamaq qədər ağıla gəlməzdi.

- Təsəvvür edin, rabitə ilə əlaqəyə çıxdığımız adam bizim sayımızı, olduğumuz yerin dəqiqliyini, yanında nə olduğunu israrla tələb edir. Biz də birinci dəfədir Suqovuşandayıq. Gecə saat ikidir. Rabitəçimiz tanımadığı ərazi olduğuna görə tam dəqiq deyə bilmir. Ona izah eləmək istəyəndə, bir nəfər kəşfiyyatçı bizə yaxınlaşdı. Oradakı evlərin birində qalırdı. Sanki Allah onu bizə yetirdi. Danışıqlarımızı eşidibmiş. Dəstəyi oğlanın əlindən alıb dedi ki, sənin danışdığın ermənidir: “Sən yaralı üçün kömək istəyirsən, o, səndən sayınızı, dəqiq yerinizi soruşur. Ona niyə izah edirsən?”

Özü mobil telefon ilə başqa biri ilə əlaqəyə çıxdı. Bizə dedi ki, tez buradan uzaqlaşın. Uzaqlaşan kimi ermənilər həmin yeri vurdular.

Xəzər Ukalayev

Vaxtilə Rusiyanın, Türkiyənin müxtəlif şəhərlərində yaşayan cəsur döyüşçümüz üçün Vətən müharibəsi torpaq həsrətindən çox, şərəf məsələsi olub. Başqa ölkələrdə yaşayanda özünü şərəfini itirmiş kimi hiss edib:

- Erməninin qarşısında başıaşağı idik. Sanki şərəfimiz əlimizdən alınmışdı. Mənim üçün bu müharibə şərəf söhbəti olub. Ona görə getmişəm. Şükür Allaha, istəyimizə çatdıq. Bu ləkənin üzərimizdən götürüldüyünə çox sevinirəm.

Sabah oğlunun üzünə fəxrlə baxacağını, ona döyüş yolundan danışacağını deyir. Həm də gələcəkdə onları vətən, müharibə adlı bir dərddən xilas elədiklərini, hansısa bir yerə gedəndə “azərbaycanlıyam” deyəndə, alnıaçıq, üzüağ olacaq körpələrimiz.

Cəsur döyüşçümüz müharibənin ən çətin gününü xatırlamağa çalışır:

- Əmr gəldi ki, düşmənin səngərini ələ keçirib orada mövqe tutmalıyıq. Səngəri tutsaq da, düşmən arxaya çəkilib minaatanlarla bizi vurmağa başladı. Oranı yaxşı tanıyırdılar. Bölük komandirimiz dedi ki, tək sağ qalmaq şansınız səngəri gücləndirməkdi. Ac-susuz dayanmadan səngəri dərin qazdıq. Mənim və bölüyümüzdəki əsgərlərin həyatını da o qurtardı. Səhər saat 11 radələrində düşmən yenidən minaatanlardan atmağa başladı. Onun da partlayışı çox güclü olur. Yanımdakı uşaqlar yaralandı. Birinin başına qəlpə girdi, birinin qabırğaları sındı. Onları aşağı, həkimə düşürdülər. Bunlar da dayanmadan atırlar. Olduğum yerin arxasına mərmi düşdü və məni götürüb çırpdı səngərin o biri üzünə.

Torpağın altında qaldım. Əynimdə qoruyucu jilet olduğundan daxili orqanlarım zədələnmədi. Belim, başım yerə zərblə çırpıldı. Elə bil ki, diri-diri basdırıldım. Dünyada yaşaya biləcəyiniz ən pis şeydi bu. Gözümü aça bilmirəm, ağzım torpaqla doludu. Nəfəsim çatmır. Tərpənə bilmirəm. Bircə onu dedim ki, ay Allah, mən öldüm, balamı xoşbəxt elə...

Sağ əlim çöldə qalmışdı. 8 il əvvəl əsgərlikdə bir yerdə olduğum dostumla eyni bölükdə, bir yerdə hərəkət edirdik. O, yanımdaydı. Yarıya qədər torpağa batmışdı. Əlimi görüb, məni torpağın altından dartıb çıxardıb. Nəfəsim özümə gəldi, günəşi gördüm...

Sonra huşumu itirmişəm. 10-15 gün Naftalanda yatdım. Nə qulağım eşitdi, nə danışa bildim. Psixoloji vəziyyətim çox pis idi. Sonra Gəncə xəstəxanasına gətirdilər. 10-15 gün də orada oldum.

Noyabrın əvvəli tədricən danışıq qabiliyyəti bərpa olunur. Ayın 27-si hərbi hissəyə qayıdır. Qəhrəmanımız dekabrın 24- də təxris olunub.

Müharibə hər an ölüm deməkdi. Burada sağlamlığın itirib sağ qalana ən şanslı insan kimi baxırlar. 44 günlük müharibədə iki dəfə ölümdən dönən qazi yaralananda torpağın altından çıxardıb xilas edən döyüş yoldaşları Hacı və Xətaiyə isə ömrü boyu borclu olduğunu deyir Xəzər.

 

Raul Ukalayev

Xəzər Ukalayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10080
avatar

Nigar Adil

Oxşar yazılar