“NFC təminatı olan telefonlar vasitəsi ilə Gallus Pay sayğaclarına onlayn ödəniş etmək mümkün olacaq”.
Lent.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev media nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib. Şöbə rəisi bu ödənişlərin ilkin olaraq eManat terminallarında mümkün olacağını qeyd edib. “Heç bir fors-major hal baş verməsə, 10-15 gün ərzində əvvəlcədən ödənişli Zenner tipli sayğacların da onlayn ödənişi mümkün olacaq. Abonent məmnunluğu bizim üçün çox önəmlidir” – deyə, şöbə rəisi bildirib.
Media nümayəndəsinin Xankəndinin qazlaşdırılmasında son vəziyyətlə bağlı sualını Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov cavablandırıb. Şöbə rəisi bildirib: "Xankəndi şəhəri Qarabağ iqtisadi rayonuna daxildir və Azərbaycanın suveren ərazisidir. Ümumiyyətlə, işğaldan azad olunan ərazilərdə qazlaşdırma və digər infrastruktur işləri yalnız Azərbaycan dövləti tərəfindən aparıla bilər. Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunub". Şöbə rəisi Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonasının 1980-ci illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırıldığını, orada qaz infrastrukturunun yaradıldığını, lakin sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qisminin ermənilər tərəfindən dağıdılaraq viran edildiyini vurğulayıb. “Xankəndi şəhərinə gedən qaz xəttinin üzərində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müəyyən təmir-bərpa işləri aparılıb. Növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturunun Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacağı nəzərdə tutulub. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər” – deyə, şöbə rəisi əlavə edib.
Birliyin 104 Operativ Xidmət şöbəsinin rəisi Xalidə Şimşək əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların balansını artıran zaman yaranan “yalançı məbləğlərlə” bağlı məsələyə aydınlıq gətirib. Şöbə rəisi sözü gedən yalançı məbləğlərin yaranmasını ödəniş terminalında yükləmə aparılan zaman internet əlaqələrinin ani olaraq kəsilməsi nəticəsində baş verdiyini qeyd edib. Onun sözlərinə görə, bu halda informasiya karta tam köçürülmür. Bu səbəbdən də, kartı sayğaca daxil etdikdə yükləmə zamanı problem yaranır. Şöbə rəisi sözügedən problemin həm terminal, həm də Birlik tərəfindən aradan qaldırılmasının mümkün olduğunu bildirib.
Bundan əlavə, keçirilən görüş Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlandığından vətəndaşlara qaz təchizatına dair suallarına cavab tapmaq imkanı da yaradır. Bir daha bildiririk ki, hər bir media və QHT nümayəndəsi hər həftənin cümə günü keçirilən aksiyaya dəvətlidir.