“İndi şəhərin mərkəzi hissəsində ən ucuz qarajın qiyməti 1 avtomobil üçün 40000 azn-dən başlayır, 2 avtomobil üçün isə 70000 azn-dən və yuxarı qiymətlərə təklif edilir”.
Bu sözləri Lent.az-a daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib.
Bakıda parklanma ilə bağlı ən böyük problemlərdən biri də yeni tikili binaların altında avtomobillərin parklanma yerlərinin az olmasıdır. Elə yollarda da sıxlıq yaradan amillərdən biri də budur.
Maraqlıdır, paytaxtdakı qaraj qiymətləri necədir? Ötən illər müqayisə etsək, artım yoxsa azalma varmı?
Bu barədə Lent.az-a açıqlama verən ekspert Anar Nəsirov deyir ki, tikinti şirkətləri parkinq üçün nəzərdə tutulmuş qarajlara ayrıca yol açıb oranı mağaza kimi baha qiymətə satırlar:
“Hazırda Bakı şəhərində avtomobil hərəkətinin sıxlığı yaşanır. Bu sıxlıq həm yolların dar olmasından, həm də yol kənarında parklanmış avtomobillər səbəbindən baş verir. Belə olan halda sürücülərdə qaraja olan təlabatı artırır. Sovet dövründə bina tikilərkən avtomobil parklanmasına xüsusi diqqət yetirirdilər. Düzdü indi 2 ildir belə şeylərə ciddi nəzarət var, amma ondan əvvəl tikilən binaların əksəriyyətində bina altı qarajlar yoxdur. Çox hallarda tikinti şirkətləri parkinq üçün nəzərdə tutulmuş qarajlara ayrıca yol açıb o qarajları magaza kimi baha qiymətə satırlar. Bu da qarajlara olan tələbatı daha çox artırır. İndi şəhərin mərkəzi hissəsində ən ucuz qarajın qiyməti 1 avtomobil üçün 40000 azn-dən başlayır, 2 avtomobil üçün isə 70000 azn-dən və yuxarı qiymətlərə təklif edilir”.
Onun sözlərinə görə, paytaxtda elə bina var ki bu az qala 1 avtomobil üçün qaraj qiyməti 80000 azn kimi yüksəlir:
“Başqa ölkələrdə ev alan sakinə qarajı pulsuz, evin üstündə verirlər, bizdə isə belə qayda yoxdur. İndi sovet dövründən qalan avto dayanacaqların çoxunu söküb yerində bina tikiblər. Baxmayaraq ki, o bina avtomobil dayanacağında tikilib, amma binaya baxanda görürsən ki, heç yer altı dayanacağı belə yoxdur. Belə tikililərə əgər xüsusi diqqət yetirilməsə, 5 ildən sonra Bakı şəhərində bu parking söhbəti əməlli başlı böyük bir problemə çevriləcək. Onda onun qarşısını heç cür almaq olmayacaq. Əgər hazırkı durum belə davam edərsə, yəni tikinti şirkətlərinin qarşısında qaraj və parking vacib şərt kimi qoyulsa 3 ilə qədər qiymətlərində enmə müşahidə ediləcək. Hazırkı vəziyyətdə isə qiymətlərdə az da olsa qalxma müşahidə edilir”.