Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA
27 iyun 2024 16:47 (UTC +04:00)

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Bir neçə müəllim tanışım var, yay başlayandan heç biri ilə kəlmə kəsmək mümkün deyil. Nə vaxt zəng elədim ya müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə, ya da sertifikasiya imtahanlarına hazırlaşdıqlarını dedilər. Vallah çoxunun da 30 ilə yaxın iş təcrübəsi var. Mən məəttəl qaldım ki, siz 30 ildir tədris etdiyiniz fənni bilmirsiniz ki, belə nəfəs almadan hazırlaşırsınız? Cavab bu oldu ki, yox ey imtahanda çox çətin suallar (hətta bəziləri buna kələk sual deyir) olur və demək olar ki, bütün müəllimlər də bu testlərə hazırlıq üçün müəllim yanına gedirlər. Hətta bu proseslə bağlı kurslar belə açılıb. Sözün düzü eşitdiklərimə inanmaqda çətinlik çəkdim. Təsəvvür edin riyaziyyat müəllimi, riyaziyyat müəlliminin yanına hazırlığa gedir. Qulağınıza nəsə tərs gəldi eləmi?  Amma nə yazıq ki, vəziyyət elə budur.

Elm və təhsil naziri Emin Əmrullayev bu gün ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxış edib. Nazirimizin bu çıxışını eşidəndən sonra anladım ki, bizim müəllimlərin hazırda düşdüyü durumla bağlı ən birinci lazım olan 40 nəfər əli dəsmallı ağı deyən arvaddır.

Biz niyə bu gündəyik? Təsəvvür edin ki, Emin müəllim deyir ki, Astarada hər üç müəllimdən biri ilə sağollaşmalı olacağıq. Çünki imtahanın nəticələri biabırçı vəziyyətdə olub. Bəs yaxşı belədirsə, indiyə kimi həmin müəllimlərin təhsil verdiyi gəncliyə yazıq deyilmi?

Ən çox düşündürən məsələlərdən biri də budur – Ölkədə neçə-neçə pedaqoji universitet var və məzunlara müəllimliklə bağlı diplom verir. Yenidən imtahan keçiriləcəkdisə, bu diplomun mənası nədir? Əgər müəllim olmağa hazır deyilsə, saxla kursda hazır olana kimi təhsilini davam etdirsin. Amma bununla yanaşı hazırkı sistemə nəzər salanda görürük ki, Əmrullayevin təhsilimizlə bağlı ciddi narahatlıqları da var. Bu narahatçılığı yüksək qiymətləndirməklə yanaşı, cavabsız qalan suallarımız da var. Emin müəllim, bu müəllimlər vaxtilə sizə də dərs deyib, siz də bəyənmədiyiniz sözügedən müəllimlərin nazirisiniz. Yəni müəllim də, məktəb də, hələ müəllimlik diplomu verən universitetlər də sizin nəzarətinizdədir. Vəziyyəti düzəltməklə bağlı cəhdlərinizi görməmək üçün Allahsız olmaq lazımdır. Amma gördüyümüz səhnəni nəsə bir duman örtüb sanki.

Təhsilimizlə bağlı bütün mənzərənin tam aydınlığa qovuşacağı ümidilə…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20676
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar