Təhsil nazirimiz Emin Əmrullayev deyib ki, məktəblərimizə qanunsuz yollarla daxil olan çoxlu sayda müəllim var:
“1990-cı illərdə ölkəmizin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb. Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq vaxtı çatıb ki, ayırd etməni aparaq. Biz bu gün aparılan diaqnostik qiymətləndirmə ilə bu kimi halları aradan qaldırmağa çalışırıq. Təbii ki təkmilləşməyə ehtiyacı olan müəllimlər də təkmilləşmə kurslarına cəlb olunacaq”.
90-cı illərdə ölkədəki qarışıqlığı yada salanda nazirə haqq verməmək olmur. Demək olar ki, hər rayonda bir universitet açılmışdı. Beyləqanda hüquq və tibb ixtisası üzrə ali təhsil vədi verən özəl universitet uşaq bağçasında, Ucarda pedaqoq hazırlayan özəl universitet su idarəsinin köhnə binasında özünə yer eləmişdi. Hansı keyfiyyətli təhsildən söz gedə bilərdi ki?
Düzdür həmin illərdə bütün rayonlarda peyda olmuş bu universitetlərin heç birinin ömrü uzun olmadı, amma xeyli vəsait töküb tələbə adını qazanmaq istəyənlərin bir hissəsi bu ali məktəblər bağlanandan sonra saxta diplomlarla dövlət qurumlarına sıza bildilər (pulu batanlar da az olmadı).
Bu gün Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə aparıb, belə saxtakarları aşkarlamaq istəyir, amma qurunun oduna yaş da yanır.
Birincisi, belə halları aşkarlamaq üçün öncə diplomları yoxlamaq lazımdır, bu da o qədər də çətin iş deyil. Nə işdirsə, diaqnostikada köhnə müəllimlər öz işində qalır, universitetləri yeni bitirmiş gənc, enerjili kadrlar seçimdən keçə bilmirlər.
İkincisi, müəllimlərin işə qəbulu nağıllardakı 40 qapını keçməyə bənzəyir. 4 il oxuyub diplom verdiyiniz tələbələr güvənmirsiniz? Güvənmirsinizsə, ali məktəblərdə təhsili mükəmməlləşdirin. Yox, güvənirsinizsə, müəllimlərin işə qəbulunu asanlaşdırın. Bu gün paytaxtda yaşayan, azyaşlı uşaqları olan müəllimə Bakıdan durub Ağdaşa dərs deməyə niyə getməlidir?
Aldığı maaş elə yol puluna gedir. Niyə gedir, deyə soruşsanız, işə qəbul imtahanında yığdığı bal əsasında ora düşüb. Bu məsələni başqa şəkildə həll etmək olmazdımı?
Ailəsi bir rayonda, iş yeri başqa bir rayonda olan minlərlə müəllimimiz var, cənab nazir.
O ki, qaldı məktəblərə müxtəlif yollarla daxil olmuş müəllimlərin araşdırılması məsələsinə bu birbaşa Təhsil Nazirliyinin səlahiyyətindədir. Biz dərdimizi gedib nazirliyə şikayət etmək istəyirik, nazir də bizə şikayət edir. Axı elə özü diliylə deyir ki, "Azərbaycanda təhsil alanların öyrənmə xüsusiyyəti ilə bağlı bir dənə də olsa elmi iş yoxdur". Niyə yoxdur? Bu qədər elmi tədqiqat institutlarımız, müxtəlif əlaqədar qurumlarımız, bu qədər kadrlarımız var. Hamısı səhər evdən çıxıb işə gedir, axşam da geri qayıdır, ofisdə masa başında mürgü vurur, tapşırın, araşdırsınlar.
Saxta diplomlular bir yana, müəllimlər arasında psixoloji problemi olanlar var, keçirilən diaqnostika ilə bu problem müəyyən olunmur? Bununla kim və nə zaman məşğul olacaq?
Uşaqlarımızın təlim tərbiyəsi ilə məşğul olanların bəzilərinin özünün tərbiyəyə ehtiyacı var. 30 ilin müəllimi olmaq hələ çox yüksək etiket, pedaqoq mədəniyyəti sahibi olmaq demək deyil. Mən şagirdindən hədiyyə ala bilmədiyinə görə, onu bütün sinif qarşısında utandıran onlarla müəllim tanıyıram. Valideyni pullu olan uşağa yaltaqlanan, ayrıseçkilik salmaqla başqa uşaqların sevincini oğurlayan, onları ədalətsiz bir mühitə salan onlarla müəllim var və əminəm ki, hər biriniz ən az bir dəfə onlardan biri ilə qarşılaşmısınız. Bu işlərlə nə zaman məşğul olunacaq? Gec qalınan hər gün, hər ay düzgün yetişdirilməyən, itirilən nəsil deməkdir. Siz dərdinizi bizə deyin, cənab nazir, bəs biz kimə deyək?
Adətdir, hər gələn yeni məmur köhnə məmurun qoyub getdiyi sistemi pisləyir, amma özü ortaya daha yaxşı bir iş çıxartmır, əksinə elə fəaliyyət göstərir ki, gedənin atasına rəhmət oxuyası oluruq...