Azərbaycanın əmək bazarında cari və perspektiv planda işçi qüvvəsinə olan təlabatın müəyyənləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən keçirdiyi sorğuda artıq 2004 işəgötürən iştirak edib. Onlar “Müəssisə və ya təşkilatınızın cari və perspektiv inkişafı üçün hansı peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatı var?” sualını cavablandırıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, sorğunun nəticəsinə əsasən müəyyən olunub ki, marketing üzrə mütəxəssis, mühasib, menecer, aşpaz, informasiya və kommunikasiya üzrə mütəxəssis, aqrar sahə üzrə mütəxəssis, mühəndis, tibb bacısı, dizayner, ofisiant və s. əmək bazarında tələb olunan peşələrdir. Bu isə ölkənin əmək bazarında ixtisaslı işçi qüvvəsinə daha çox ehtiyac olduğunu göstərir.
Əmək bazarı proqramlarının, həmçinin peşə hazırlığı və yenidənhazırlıq tədbirlərinin təşkilində, eləcə də təhsil müəssisələrinə tələbə qəbuluna dair təkliflərin, müvafiq sahələr üzrə peşə və kvalifikasiya satandartlarının hazırlanması zamanı sorğunun nəticələri nəzərə alınır.
Hazırda ölkədə ixtisaslı kadr potensialının artırılması istiqamətində aparılan məqsədyönlü siyasət, insan kapitalının inkişafı ilə bağlı strateji yol xəritələrində müəyyən edilmiş hədəflər əmək bazarında tələb və təklifin uyğunlaşmasına, işçi qüvvəsinin rəqabətliliyinə şərait yaradılmasına yönəlib.