Bu gün Prezident İlham Əliyev “Facebook” səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar belə bir paylaşım edib ““Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar”.
Əslində, 20 Yanvar şəhidləri müstəqilliyimizin ilk qaranquşları idi. Ona görə də 20 Yanvarı təkcə faciə, hüzn günü adlandırmaq olmaz. Bu hadisə xalqımızın müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü uğrunda apardığı mübarizənin təntənəsidir. Eyni zamanda, bütün dünyanı heyrətdə qoyan mərdlik, igidlik, haqsevərlik uğrunda mübarizənin təntənəsidir.
Düz 31 il əvvəl Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlətdi. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, yüzlərlə insan həbs edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər də vardı.
Səhəri gün Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. Öz xalqı ilə həmrəylik nümayiş etdirən Ulu öndər bu faciəyə siyasi-hüquqi qiymət verən ilk şəxs kimi tarixə düşdü. “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim”, deyən Ulu öndərimiz daha sonra qeyd etdi ki, artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir: “Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.
20 Yanvar faciəsinin əsl qiymətinin verilməsi istiqamətində mübarizəsini davam etdirən Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Belə ki, Naxçıvan MR Ali Məclisinin 21 noyabr 1990-cı il tarixli qərarında göstərilirdi ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar hadisələrini işğalçı siyasət və dəqiq düşünülmüş hərbi təcavüz və Azərbaycan SSR-nin suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirdi.
1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Və şəhidlərimizin qanı yerdə qalmadı.
Prezident İlham Əliyevin dövlət quruculuğu, güclü ordumuz işğal altındakı torpaqların azad etdi. İndi şəhidlərimizin ruhu şaddır.