Şuşa! Dağların başında, sıldırım qayaların üzərində əzəmətli şəhər!
Hər daşında, torpağında tarix yatan mədəniyyət beşiyi Şuşa, bu gün səni görməyə doğma sakinlərin gəlir... 29 il əvvəl uşaqlığını, gəncliyini səndə qoyub gedən sakinlərin...
Üzləri gülər, gözləri nəmli, ürəkləri həyəcandan şiddətlə döyünən sevimli övladların gəlir... ayağı yer tutmasa da “mən də son günlərimdə gedib Şuşamı görməliyəm” deyən neçə-neçə doğman gəlir.
Yolboyu sakinlərlə söhbətləşdiyim zaman hiss etdim ki, hər birinin narahatlığı “görəsən min bir əziyyətlə qurub yaratdığım evim, bağ-bağatım yerindədirmi?”
Həmsöhbətim Bədirxanovlar ailəsi də Şuşadan 29 il əvvəl may ayında ən son çıxan ailələrdəndir. Ailənin qız övladı olan Günay Tağıyeva deyir ki, Şuşadan çıxanda cəmi 14 yaşım vardı. Anamın və atamın əlindən elə bərk-bərk yapışmışdım ki, sanki onları itirəcəyimdən qorxurdum. 29 ildən sonra uşaqlığımın şəhərinə təəssüf ki, atamsız, yenə də anamın əllərindən tutaraq gəlirəm: “Böyük bir həyətimiz vardı. İndi heç nə qalmayıb. Orda alma ağacı vardı. Uşaq olanda ora masa qoyub oturardıq. Günümüz o ağacın altında keçərdi. İndi evimizin içində evimizdən böyük yabanı ağaclar çıxıb. Bütün xatirələrimi yox ediblər. Uşaqlığımdan heç bir iz qalmayıb”.
Tibb bacısı Günay 44 günülük Vətən Müharibəsinin şahidlərindəndir. Müharibə zamanı cəbhədə yaralı əsgərlərimizə yardım edən şəfqət bacısı elə o zamanlar qəti əmin olub ki, onu Şuşasına qovuşduracaq gün elə də uzaqda deyil: “O 44 günə qədər mənim ümidim yox idi ki, Şuşaya qayıda biləcəm. Amma döyüşdən yaralı qəhrəmanlarımız gəldikcə soruşanda ki, orda vəziyyət necədir deyirdilər irəli gedirik. Bax o zaman bütün varlığımla inanırdım ki biz tezliklə Şuşanı azad edəcəyik. Amma uşaqlığımın, evimizin belə dağılmağını gözləmirdim”.
29 illik həsrətdən sonra Bədirxanova Gülbəs xala öz doğulub böyüdüyü torpaqlardadır. Necə bir hissdir ilk dəfə öz torpağına ayaq basmaq?
Heç bura gəlib çıxa biləcəyimizə ümid etmirdik. Cənab Prezidentə, ordumuza minnətdarıq ki, bizə belə bir hissi yaşatdı. Evimizi xaraba gördük amma biz onu yenə tikəcəyik. Qurub yaradacağıq.
Bax o ağacları əllərimlə əkmişdim. Bura qonşumuzun həyətidir. Burdan divar var idi indi yoxdur. Xoşbəxtəm ki, illər sonra öz əkdiyim alma ağaclarımın məhsulundan yeyə bildim. Allah nəsib eləsin yığılıb gələk burda ömürlük yaşayaq.
Bu bizim Həyətin qapısıdır. Baxın qalıqları qalıb. Bu qapının üstündə 2 cəftə var. Səsləri tam fərqli olub. Böyük cəftə vurulanda bilinirdi ki, kişi xeylağı gəlib. Balaca cəftə isə gələnin qadın olduğunu bildirirmiş. Görürsünüz burada Fazil yazılıb bu ev yiyəsi babamın adıdır”.
Səfər yoldaşımız Kazım dayı da yol boyu gənc yaşlarında tikib qurduğu evindən, həyətindən elə həvəslə danışırdı ki... Ona söz verdim ki, Şuşaya çatanda mütləq sizin evinizə də baş çəkəcəyik. Elə ilk fürsətdə Kazım dayıya qoşulub evlərinə yol aldıq: “Bu mülk Seyidalı Məşədi Səlimin evidir. Əvvəllər daha böyük olub ərazisi sonra bu binalar tikildikcə həyətimiz balacalaşdı. İki mərtəbəli çardaqlı evi 45 yaşıma kimi atamla bərabər tikmişik. Mən burdan çıxanda 42 yaşım var idi. İndi 75 yaşım var. Ev özü 1790-cı ildə tikilib. Tarixi evdir. Burda böyük bir buxarı var idi. Divarlarda xüsusi naxışlı idi. Mən şəxsən bura gələndə ölmək üçün gəlmişdim... (Ağlayır) İki bacım, iki qardaşım, anam Bakıda rəhmətə getdi. Arzulayırdılar ki kaş ki Şuşanı görüb sonra ölərdik. Qismət mənim görməyim imiş. 90-cı ildə 3 dəfə bu evə top mərmisi dəydi dağıldı evin yarısı. Yuxarı Gövhər Ağa məscidinin yanı olduğu üçün bizim evə çox düşürdü top”.
“Baxın bu ağacları özüm əkmişddim. Alma, heyva, armud ağacıdır. İndi sizə meyvələrdən çıxıb dərəcəm. İNTERŞUM (ağaca çıxıb meyvə dərir)”
Bir zamanlar topun, avtomatın gülləsi altında naəlac qalıb bu torpaqları gözü yaşlı tərk edən şuşalılar bu gün gülə-gülə evlərini, həyətlərini gəzirlər.. Kimisi bu qurumuş, kol-kos basmış həyətlərdə uşaqlığını, kimisi gəncliyini, kimisi də dünyadan köçmüş əzizlərinin xatirəsini axtarır. Amma bu gün onları birləşdirən bir hiss var 29 illik həsrət artıq bitib, onlar Şuşadadırlar. Bu gün bir neçə saatlıq gəldikləri Şuşalarına çox yaxın zamanlarda həmişəlik dönəcəklər. Beləcə biz də başı dumanlı Şuşamıza “darıxma biz yenidən qayıdacağıq” deyib Şuşanı tərk edirik. Salamat qal Gözəl Şuşa!
İlahə Vəliyeva,
Samir Qaragözov,
APA TV