Təhsil Nazirliyi qış tətili ilə bağlı məsələyə aydınlıq gətirib.
Lent.az APA-ya istinadən xəbər verir ki, qış tətili günləri Nazirlər Kabinetinin 2020-ci il fevralın 24-dəki 66 saylı qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nə əsasən, yanvarın 27-31-dir. Lakin 2021-2022-ci tədris ili müəyyən edilmiş müddətdən gec başladığı üçün təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il sentyabrın 10-dakı 259 saylı qərarına əsasən, payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub.
Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində yanvarın 31-i qış tətili, 6 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində isə yanvarın 29 və 31-i qış tətilidir. Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar dərs günləri hesab olunur.
Yəni, ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən ümumi təhsil müəssisələrində isə yanvarın 29-u qış tətilidir.