Məhərrəm ayında toy etmək olarmı? - AÇIQLAMA
09 avqust 2021 18:29 (UTC +04:00)

Məhərrəm ayında toy etmək olarmı? - AÇIQLAMA

Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır.

Bu ayın əsas ənənələrindən biri də odur ki, müsəlmanların bir qismi Məhərrəmlikdə toy etmir.

Nəzərə alsaq ki, ölkəmizdə pandemiyadır və uzun müddət idi ki şadlıq evləri bağlı olub, indi də insanlar vaxt darlığı səbəbilə tələm-tələsik toy mərasimləri keçirirlər.

Reallığı nəzərə alınmaqla məhərrəmlikdə toy etmək olarmı?

Mövzu sosial şəbəkədə də izləyicilər tərəfindən geniş müzakirələrə səbəb olub və bu sual ətrafında bir-birindən fərqli fikirlər səsləndirilib.

Məsələ ilə bağlı Lent.az-a danışan "Əbu Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanov bildirib ki, şəriətdə elə bir qayda yoxdur ki, hansısa ayda toy qadağan edilsin:

Hacı Qamət Süleymanov

“İslam dinində, şəriətdə elə gün yoxdur ki, toy etmək qadağan edilsin. Ona görə də hansısa ayda toy etməməyin İslamla əlaqəsi yoxdur. İslamdan öncəyə məhərrəmlikdən başqa aylar da var, deyirlər o aylarda toy etmək olmaz, düşər-düşməzi var. Bunların hamısı cəfəngiyyatdır. Xüsusilə, bu pandemiya vaxtı məhərrəmlikdə də toy etmək olar. Amam bəzi məzhəblər bu ayda toy etmirlər. Bunu da İmam Hüseynin qətli ilə əlaqələndirirlər. Yaxşı bəs tutaq ki, Məhərrəm ayında toy olmaz, bəs Səfər ayı haradan çıxdı? Onda gəlin İmam Həsən, İmam Əli, Məhəmməd Peyğəmbər üçün də müəyyən aylarda yas saxlayaq və toy etməyək”.

İlahiyyatçı Hacı Şahin Həsənli isə güman edir ki, insanlar həmişə olduğu kimi bu il də Məhərrəm ayında toy etməyəcəklər:

Hacı Şahin Həsənli

“Ümumiyyətlə, bu ayda İmam Hüseynə hörmət əlaməti olaraq insanlar əsrlərdir Azərbaycanda şadlıq mərasimləri keçirmirlər. Ona görə də güman etmirəm ki, Məhərrəm ayında insanlar toy etsin. Çünki səfər ayı bir matəm kimi də qeyd olunur. Hər bir halda insanlar yəqin ki, həmişə olduğu kimi buna riayət etməyə çalışacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13737
avatar

Mehman Nəbiyev

Oxşar yazılar