“Laqeydlik olarsa qapanma qaçılmazdır”  - Həkimdən ÇAĞIRIŞ
09 avqust 2021 17:35 (UTC +04:00)

“Laqeydlik olarsa qapanma qaçılmazdır” - Həkimdən ÇAĞIRIŞ

“Bəli, dünya ölkələrində koronavirusa yoluxmada artım müşahidə olunur və Azərbaycanla qonşu olan ölkələrdə də bu yüksəliş hazırda var. Nəzərə alsaq ki, COVID-19 hava-damcı infeksiyasıdır, bu təbii ki, bizdəki mövcud duruma da sirayət edəcək”.

Bunu Lent.az-a açıqlamasında İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova bildirib.

Mütəxəssis son günlər Azərbaycanda yoluxma və bununla bağlı ölüm hallarının artmasını müşahidə etdiklərini qeyd edib. Belə ki, 2 həftə əvvəl Azərbaycanda gündəlik yoluxma 272 idisə, bu gün 1220 nəfərdir.

Bəs, yoluxma və ölüm sayında artım bu templə davam etsə, yenidən məhdudiyyətlərin  tətbiqi məsələsi gündəmə gələ bilərmi?

“Çünki, yumşalmalar var, turizm qismən bərpa olunub, bundan əlavə isə yeni ştammın yoluxuculuğu yüksəkdir. Bu baxımdan insanlar arasında asanlıqla yayılır. Laqeydlik olarsa, təbii ki qapanma qaçılmazdır”.

Dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstanda COVİD-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunur. Bütün bunlara nəzər saldıqda görərik ki, hazırkı vəziyyət COVID-19 təhlükəsi mövzusunun fəal şəkildə, əvvəlki dövrdə olduğu kimi gündəmdə saxlanmasını və intensiv materiallar verilməsini zəruri edir. Xüsusilə qonşu ölkələrdə yoluxmanın artması və tətil mövsümündə bu artımın ölkəmizə də mənfi təsir göstərməsi ehtimalı yüksəlib. Rəqəmlərə diqqət etdikdə virusun yeni ştammlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də siqnal olduğunu görərik.

Belə ki, qonşu Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. İyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. İyunda bu rəqəm 5-7 min idi, indi isə 22-25 min təşkil edir. Gürcüstanda isə son sutkada 3344 nəfər yoluxub, 30 nəfər vəfat edib. Qonşu Rusiyada yalnız paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faizlik artım qeydə alınıb. İranda son vaxtların maksimum göstəricisi qeydə alınıb – bir gündə 39 min 619 yoluxma halı.

“Ona görə də qorunma tədbirlərinə davam etməliyik, tövsiyyə olaraq onu deyə bilərəm ki, insanların kütləvi toplaşdığı məkanlarda vacib olmadıqca az iştirak etmək, qapalı mühitlərdə havalandırma, maskalardan istifadə, əl gigiyenasına riayət olunması, dezinfeksiya edici məhlullardan istifadə və vaksinasiya qüvvədə qalır. Əgər Azərbaycanda da yoluxma çoxalarsa, mövcud epidemioloji durumun təhlilinə əsasən, bununla bağlı qərarları nazirlər kabineti yanında operativ qərargah verəcək. Qərarların verilməsini isə qabaqcadan proqnozlaşdırmaq mümkün deyil”.

Qeyd edək ki, Azərbaycanın dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlayıb və ÜST Azərbaycanı COVİD-19-la mübarizədə nümunəvi ölkə kimi göstərib. Hazırda ölkədə 11 737 aktiv koronavirus xəstəsi var. Bu günə qədər Azərbaycanda 351 825 nəfər COVID-19-a yoluxub, 33 025 nəfər isə sağalıb. Ümumilikdə xəstəlikdən ölüm sayı 5 063 təşkil edir. Həmçinin bu günə qədər vətəndaşlara 5 418 243 doza vaksin vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4995
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar