Kənd qadınlarından MESAJ : “Məişət zorakılığına “Dur” deyək”
15 dekabr 2021 18:35 (UTC +04:00)

Kənd qadınlarından MESAJ: “Məişət zorakılığına “Dur” deyək”

Gədəbəyli Tünzalə Ələkbərova, qaxlı Bəsti Aydınova…

Lent.az-ın məlumatına görə, bu işgüzar, təşəbbüskar xanımlar yaxın keçmişdə sadəcə evdar qadın idilər. İndi isə onları yalnız öz rayonlarında deyil, Azərbaycanda yaxşı tanıyırlar. Uğur hekayələrinin mayası isə zəhmət, əzmkarlıq və faydalandıqları doğru ünvandır. Tünzalə məşhur Slavyanka kəndindəndir. Özü kimi əməksevər, amma işsiz 12 qadınla əl-ələ verərək, adlı-sanlı "Zirvə" qrupu yaradıb. Torpağa ana qayğısı ilə qulluq edərək, tərəvəz becərir, eyni zamanda dadından doymaq mümkün olmayan yağ, pendir, qaymaq istehsal edərək,  süfrələrimizə ekoloji təmiz ləzzətlər gətirirlər.

Bəsti isə Ləkit kəndindəki qadınlarla əl-ələ verərək, "Yasəmən" Qadın Qrupuna rəhbərlik edir. Əbəs yerə deməyiblər ki, söz bir olsa, dağ oynayar yerindən. Bizim xanımlar da əlbirliyi ilə şirniyyat evi açaraq, arıçılıq və fındıq becərməklə məşğuldurlar. Müharibə və pandemiya dövründə bu qrup, kəndin "olmazsa-olmaz"ına çevrildi. Cəbhəyə sovqat göndərmək, kənddəki imkansız ailələrə dəstək, xəstə və yaşlı kimsəsizlərə baş çəkmək, arxa durmaqla!

Hər 2 qrupun zəhmətkeş xanımlarının arzuları da, işgüzar planları da çoxdur. Amma həm Tünzalə ilə Zümrüd, həm də onlar kimi yüzlərlə əməkçini bir arada birləşdirən Azərbaycan Kənd Qadınları Assosiyasının (AKQA) digər üzvləri bu fikirdədirlər ki, məişət zorakılığı, erkən nikah bəlaları hər il kəndlərimizdəki onlarla qadının gələcəyini qırır, xəyallarını param-parça edir. Odur ki, kənd qadınları bu sahədə də qüvvələrini birləşdirmək qərarı veriblər. Dekabrın 17-də AKQA ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanacaq.  

Gələcəkdə kənd qadınlarının əl əməyi, alın təri, göz nuru ilə qazandığı nailiyyətlərlə hər kəs yaxından tanış olsun deyə, təşkilatın USAİD tərəfindən maliyyələşən www.arwa.az saytı da istifadəyə verilir. Bununla 22 rayonda fəaliyyət göstərən əməkçi qadınlarımız kənddən çıxmadan, əziyyət çəkmədən məhsullarını onlayn sata biləcəklər. AKQA-nın sədri Gülbəniz Qənbərovanın sözlərinə görə, kənd qadınlarının rəqəmsal texnologiyalardan istifadə bacarıqları təkmilləşdiriləcək.

Dəyərli media mənsubları, 17 dekabr saat 12.00-da sizi gözləyirik. Kənddə həyatını sıfırdan qurmağı bacaran və şöhrətləri kənd hüdudlarını çoxdan aşmış, USAİD, FAO, GİZ kimi təşkilatlarla əməkdaşlıq edən qadınların uğur tarixçələrini özlərindən eşidin və istehsal etdikləri ləziz taamlardan dadaraq, qiymət verin.

Tədbirdə AFAQ və ƏƏSMN-nin "Özünüməşğulluq" proqramından faydalanan qadınlar da iştirak edəcəklər.

Unvan: M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küç.ev 10D(“Zümrüd” uşaq bağçasının yanı)

Tədbirdən sonra kənd məhsullarından ibarət furşet olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2010
avatar

Oxşar yazılar